Elm sahəsində gələcək addımların başlanğıcı

Bu gün  dünyada rəqabətə davam gətirmək üçün dövlətlər ərazisinə, təbii sərvətlərinə yox, intellektual potensiallarına güvənirlər. Bu baxımdan savadlı, intellektual gənc nəslin formalaşması, kadr potensialı mühüm faktordur. Məktəbin, müəllimin, eyni zamanda ailənin bu istiqamətdə bərabər addımlaması, gələcəkdə şagirdin mükəmməl inkişafına gətirib çıxardacaqdır.

 

Azərbaycanda elm və təhsilin qarşısında duran əsas məsələlərdən biri gənc nəslin təhsil keyfiyyətinin yüksəldilməsi, gələcəkdə ölkə üçün yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunmasıdır. Belə kadrların hazırlanması isə məktəblə yanaşı, ölkənin aparıcı tədqiqat institutları və ali təhsil müəssələrində mümkündür. Elm və təhsilin inteqrasiyası şagirdin məktəbi bitirib, ali məktəbə daxil olduqdan sonrakı həyat və fəaliyyətində deyil; bunlara məktəbdə təhsil aldığı müddətdən başlamaq zəruri addımdır. Yeni şəraitdə köhnə təcrübə yalnız xeyirsiz yox, hətta zərərli ola bilər. Bu baxımdan şagirdlərin elmə marağını oyatmaq, gələcəkdə seçdikləri istiqamət üzrə inkişafını təmin etmək, təcrübə mübadiləsi aparmaq onların yeni şəraitdə yeni bacarıqlarla formalaşmasına zəmin yaradacaqdır.

 

Hər bir şagird özü bir layihədir. Bu layihənin icrası, layihədə görüləcək işlər, şagirdin bu gün yiyələndiyi bilik bazası onun həyatında müstəsna rol oynayır. Məhz bu yanaşmadan çıxış edərək Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin bir qrup şagirdinin dərsdən sonra institutun laboratoriyalarında elmin incəliklərinə yiyələnməsi təşkil olunur.

 

İnsan orqanizmində gedən həm fizioloji, həm də patoloji proseslər bu və ya digər dərəcədə birbaşa müəyyən spesifik zülalların normal funksiyası və ya disfunksiyası ilə bağlıdır. Zülalların struktur-dinamikası və funksiyası arasındakı əlaqənin tədqiqi xərçəng və neyrodegenerativ xəstəliklər də daxil olmaqla, bir çox ağır xəstəliklərin molekulyar mexanizmini təyin etməyə, onlara qarşı mübarizəni hədəfli nano-strukturlar yaratmaqla molekulyar səviyyədə aparmağa imkan verəcəkdir. Bu işləri görmək üçün Biofizika İnstitutunda həm biofiziki, həm biokimyəvi, həm də molekulyar bioloji metodlar yaradılıb inkişaf etdirilir.

 

İnstitutun baş direktoru, AMEA-nin müxbir üzvü, professor Oktay Qasımovun rəhbərlik etdiyi Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasında şagirdlər xərçəng hüceyrələri sahəsində dünya miqyasında görülən işlərlə yanaşı, laboratoriyada bu gün son texnologiyalar vasitəsi ilə aparılan tədqiqat və metodlarla yaxından tanış olur. Onların eksperimentlərdə iştirak etmələri gələcəkdə tibb, biologiya, fizika-biofizika sahəsinə maraqlarına və özünüinkişaflarına  böyük dəstəkdir.

 

Hər bir uğur hədəfi düzgün seçməkdən başlayır. Düşünürük ki, bu günün məktəbi  təhsil verməklə yanaşı, həm də uşaqları hərtərəfli insan, layiqli vətəndaş kimi yetişdirir. Bu günün şagirdi gələcəyin yüksəkixtisaslı bir kadrıdır. Bu aspektdən şagirdin texnologiya əsrində müasir elmin əsaslarına yönəlmiş hədəfləri onun elm sahəsində gələcək addımlarının başlanğıcıdır.

 

E.A.Ağayeva

A.Hüseynzadə adına 20 nömrəli orta məktəbin direktoru

 



15.12.2023 | 13:21