“O dərsi unuda bilmirəm”

Dahi insanların həyatı bir dünyadır desək, yanılmarıq. Bu insanlar həyat boyu xalqına, Vətəninə sədaqətlə, sidqi-ürəklə xidmət edir, elmə yeni-yeni töhfələr verir. 

 

Azərbaycan və dünya elminin inkişafında əvəzsiz töhfələri olan alimlərimizdən biri də görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, vətənpərvər alim, böyük şəxsiyyət, Qarabağın yetişdirdiyi məşhur ziyalılardan olan Xudu Məmmədovdur.

 

Xudu Surxay oğlu Məmmədov 14 dekabr 1927-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub.1946-cı ildə Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olub. 1957-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fiziki və Qeyri-üzvi Kimya İnstitutunda struktur kimya laboratoriyasının direktoru vəzifəsində çalışıb. 1970-ci ildə elmlər doktoru, 1973-cü ildə professor elmi adını alıb, 1976-cı ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının üzvü olub. Xudu Məmmədovun əsas elmi işləri kristal kimya sahəsinə aid idi. Onun rəhbərliyi ilə 40-dan çox yüksək səviyyəli alim hazırlanıb.

 

Xudu Məmmədov SSRİ Elmlər Akademiyası Kristalloqrafiya İnstitutunda elmi rəhbəri, məşhur kristalloqraf, akademik Nikolay Belovun (yeri gəlmişkən, bu, həmin N.Belov idi ki, sonralar deyirdi: “Əgər mən Xuduya bir şey öyrətmişəmsə, özüm ondan üç dəfə çox şey öyrənmişəm!” -O.M)  tövsiyəsi ilə sement mineralları olan ksonatlit və vollastonit minerallarının quruluşlarını araşdırmağa başlayıb və parlaq nəticələr əldə edib. Uzun müddət bu problem üzərində çalışan ingilis kristalloqrafı Con Bernal Dünya Sülh Konqressində iştirak etmək üçün Moskvaya gəldiyi zaman gənc Xudu Məmmədovun elmi nəticələri ilə tanış olduğunda heyrətini gizlədə bilməyib. O dövrdə ingilis dilində işıq üzü görən “Sovıet Union”  jurnalının 1956-cı il yanvar nömrəsində dərc olunmuş  “Con Bernal Xudu Məmmədovu təbrik edir” adlı məqalədə dünyaşöhrətli alim azərbaycanlı gəncin elmi hünərindən bəhs edirdi. “Mən indicə X.S.Məmmədovun ksenotlit  üçün təklif etdiyi strukturu görmüşəm. Onu yaxından öyrənməyə vaxtım olmasa da, təklif olunan ikiqat silikat zənciri məni dərhal heyrətə gətirdi ki, bu da mənə təkcə kristalın strukturunun deyil, həm də parlaq həlli kimi görünür. Problem çox çətin məsələdir, Britaniyada və digər ölkələrdə çoxlu kristalloqraflar var ki, problemi həll etmək cəhdləri  uğursuz olub. Hesab edirəm ki, cənab Məmmədovu nailiyyətinə görə təbrik etmək lazımdır. J.Bernal”. Daha sonra ingilis alimi Xudu Məmmədovu ölkəsinə dəvət edir. Gənc alim Con Bernalın laboratoriyasında bir il birlikdə çalışır. Vətənə döndükdən sonra “Azərbaycan müəllimi” qəzetinin 1960-cı il 26 may tarixli nömrəsində dərc olunmuş “İyirmi gün İngiltərədə” başlıqlı məqaləsində Xudu Məmmədov Con Bernalla elmi əməkdaşlığından bəhs edirdi.

 

Sovetlər dövründə  kristalloqrafların Bakı məktəbi və ya Xudu məktəbi kimi tanınan elm məbədinin yetirmələri dünya elmində öz yeri olan bu görkəmli elm xadiminin tələbələri olmaqdan qürur duymaqdadırlar.

 

“Hər zaman tələbələrinin yanında idi”

 

Faiq Musayev, ABŞ-ın Virciniya Universitetinin professoru

— Xudu müəllim çox sadə, təvazökar, həm də çox mehriban bir insan idi. Onun sadəliyində, təbiətin özündəki kimi, həm də bir dərinlik, zənginlik var idi. Xudu müəllim dünyaşöhrətli kristalloqraf kimyaçı alim idi.

 

O, iki mineralın - klassanit  və vallasstanitin quruluşunu açıb. Bununla da silikatlar kimyasında yeni bir istiqamətin, dönüşün əsasını qoyub. Bu, çox böyük bir kəşf idi. 

 

Xudu Məmmədov SSRİ miqyasında çox nüfuzlu alim idi. O dövrün tanınmış rus kristalloqraf alimləri Struçkov, Parakoşis, Zorkiy, Moldovadan Malinovski və başqaları Xudu müəllimin başına yığışardılar. 70-ci illərdə SSRİ-yə Avropadan 5-6 ədəd ekstrefraktometr cihazlar verdilər. Sintekspituvan aparatı var idi, onu da Moskvadan SSRİ-nin müxtəlif respublikalarına bölüşdürdülər. Bir avadanlıq Zaqafqaziya respublikaları üçün ayrılmışdı, ancaq Ermənistana vermək istəyirdilər. Yalnız Ümummilli Lider Heydər Əliyevin qətiyyətli müdaxiləsindən sonra Sintekspetuvan aparatını Azərbaycana verdilər. Bu vacib aparat idi və ondan sonra Zaqafqaziya üçün mərkəz Bakı oldu.

 

Xudu Məmmədov Bakıda böyük  Kristalloqrafiya Mərkəzini yaratdı, bütün qonşu respublikalardan gəlib bu Mərkəzdə elmi işlər aparırdılar. Xudu Məmmədov mərkəzdə bir neçə elmi istiqamətin əsasını qoydu. Bunlar çox böyük elmi işlər idi.

 

 Bir  hadisəni qeyd edim. Bir dəfə laboratoriyada üzvi sintez aparırdıq. Sintez düz getmədi və yanğın baş verdi. Biz otaqdan çıxdıq,  Xudu müəllim otağın içərisində qaldı. Biz oradan qışqırıb deyirdik ki, Xudu müəllim, otaqdan çıxın. O isə sakitcə oturub baxırdı. Onun yaxşı müşahidə qabiliyyəti var idi.  Fikirləşdik ki, Xudu müəllim, yəqin  bunun üstündə bizi çox danlayacaq. Amma heç nə demədi. Aradan bir ay keçmiş iclasda institutun direktoru dedi ki, bəs laboratoriyada yanğın olub, belə şeylər olmaz. Xudu müəllim dedi ki, elə deyil. Laboratoriyada yanğın olması, o deməkdir ki, orada elmi iş gedir.

 

Xudu müəllim vaxtının çoxunu kitabxanada keçirirdi və bütün dünyada elmdə olan yenilikləri oxuyurdu. Onlardan xəbəri var idi və tez- tez laboratoriyaya gəlib bizə deyirdi ki, bu kiçik molekulların quruluşunu elədiniz, bəsdi. İndi zülalların quruluşunu eləmək lazımdır. Amma bu sahə o vaxt çox yeni bir sahə idi. Mən sonralar  başa düşdüm ki, Xudu müəllim 50-60 il qabağı görürmüş.

 

Xudu müəllim təkcə kristalloqraf kimyaçı alim deyildi. Rusiyada olan kristalloqrafçılardan və başqalarından fərqli olaraq həm də filosof idi. O, yazıçı idi, dahi idi. Xudu müəllim bayatılar, əsərlər yazıb. O, bütün ömrünü elmə həsr edib.

 

Xudu müəllim hər zaman tələbələrinin, yetirmələrinin yanında idi. O, çox böyük alim, müəllim, insan idi.

 

“O, bizləri əsl vətəndaş olmağa çağırırdı”

 

Hacalı Nəcəfoğlu, Türkiyənin Kafkaz Universitetinin professoru, Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin müdiri

— Mən Xudu müəllimi ilk dəfə 1971-ci ilin martında görmüşdüm. Doqquzuncu sinifdə Azərbaycan şagirdlərinin Bakıda keçirilən kimya olimpiadasında iştirak edirdim. Gənc kimyasevərlərlə alimlərin görüşündə bir çox elm adamı danışdı. Xudu müəllimin danışması heç vaxt yaddaşımdan çıxmayır. Onun danışıq tərzi, şirin ləhcəsi, səlis ifadələri, gənclərə müraciətində mehribanlığı, səmimiliyi ona qarşı qəlbimdə xoş duyğular oyandırmışdı. Xüsusilə onun  kristalların quruluşları ilə əski abidələrin üzərlərindəki naxışları müqayisə edərək onlarda bənzərliyin və hətta eyniliyin olmasını göstərməsi məni heyrətə gətirmişdir.

 

İkinci dəfə onu televiziyada gördüm. O, büyük müğənni və opera ustası Bülbül haqqındakı verilişdə Bülbülü anladırdı. Kimyaçı və Bülbül. O zaman mənə qəribə görünsə də Xudu müəllimi elmlə sənət arasına sərhəd çəkməyən, əksinə, bunları “qoşa qanad” adlandıran bir alim kimi daha yaxından tanıdım. Universitetdə onun tələbəsi olmağı arzulasam da, bu arzunun gerçəkləşəcəyi ağlımdan belə keçmirdi. Çünki o, universitetdə çalışmırdı. Birinci kursda kristal kimyası dərsini verən müəllimimizin (Xudu müəllimin tələbəsi Məmməd Çıraqlı) atası vəfat etdiyindən bir müddət olmadı və onun yerinə professor Xudu Məmmədovun gəldiyini eşitdikdə çox sevinmişdim. Mən o dərsi heç unuda bilmirəm və unuda bilməyəcəyəm də. O gündən etibarən kimya və Vətən anlayışları mənim üçün ayrı məna verməyə başladı. Onun saat yarımlıq dərsi məni bir ömür irəliyə atdı.

 

Xudu müəllim o vaxta qədər gördüyüm müəllimlər kimi mənə kimyanın kəşflərindən, inkişafından, nailiyyətlərindən bəhs etmirdi, əksinə kimyanın önündə duran problemlərdən, çətinliklərdən danışırdı. O, bizləri vətəndaş olmağa, əsl vətəndaş olmağa çağırırdı. Onun “Elmin sənin xalqına nə dərəcədə xeyir vərəcəyini bilmirsənsə, bu elmdən xalqın üçün istifadə edə bilmirsənsə, sənin öyrəndiyin elm kimsəyə gərək deyil… Biz elmimizi dilimiz və musiqimiz səviyyəsinə yüksəltməliyik. Dilimiz və musiqimiz bizə nə qədər yaxın və əziz isə, elmimizi də xalq üçün o qədər yaxın və əziz etməliyik… Elmin vətəni yoxdur, amma alimin vətəni vardır” - sözləri hələ də qulaqlarımda səslənir.

 

Oruc MUSTAFAYEV

 



15.12.2023 | 12:08