MDU-da II beynəlxalq elmi konfrans keçirilib

Dekabrın 8-9-da Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.

 

Beynəlxalq konfrans MDU, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU), Kayseri Universiteti, Litvanın Mikolas Romeris Universiteti (MRU), Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD) və Qırğız Respublikasının Qırğız İqtisad Universitetinin (KEU) həmtəşkilatçılığı ilə baş tutub.

 

Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Qazi Universitetinin rektoru Musa Yıldız, Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov, MRU-nun rektoru İnqa Zaleniene, Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa,  KNUTD-un rektoru İvan Qrişenko, RİSEBA Tətbiqi Elmlər Universitetinin rektoru Lucija Rutka, KEU-nun rektoru Almaz Kadıraliyev, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, AHBVU-nun Turizm fakültəsinin dekanı İrfan Yazıcıoğlu, Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prorektoru Hu Kai və müstəqil tədqiqatçı Işıl Keskin Şahan çıxış ediblər.

 

MDU-nun rektoru Ş.Bayramov çıxışında qeyd edib ki, beynəlxalq konfransın əsas məqsədi davamlı iqtisadi inkişafın qlobal trendləri, dördüncü sənaye inqilabının yaratdığı reallıqlar, regionların tarazlı inkişafı, davamlı enerji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, ekoloji dayanıqlığın təmini və digər istiqamətlərdə aparılan elmi tədqiqatların nəticələrinin təqdim olunmasından və elmi müzakirələrin aparılmasından ibarətdir.

 

Rektor bildirib ki, daimi sülhün tərəfdarı olan Azərbaycanın işğaldan azad edilən torpaqlarında hazırda sürətli və geniş quruculuq fəaliyyətləri həyata keçirilir. Davamlı qüdrətlənən Azərbaycan regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarlarından və icraçılarından biridir. Bu kontekstdə alimlərin və akademik insanların apardıqları tədqiqatlar və irəli sürdükləri elmi əsaslandırılmış təkliflər faydalı ola bilər. Beynəlxalq konfrans bu sahədə atılan səylərin birləşdirilməsi üçün əlverişli platformaya çevrilmək imkanına malikdir.

 

Rektor məlumat verib ki, konfransa Azərbaycan, türk, ingilis və rus dillərində ümumilikdə 562 tezis və məqalə daxil olub. 

 

Elm və Təhsil Nazirliyi adından konfrans iştirakçılarını salamlayan nazir müavini Firudin Qurbanov çox mühüm bir mövzuya, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan beynəlxalq səviyyəli elmi tədbirin təşkilinə görə MDU rəhbərliyinə və bütün təşkilatçılara təşəkkürünü bildirib.

 

Ulu Öndərin uzaqgörən dövlət idarəçiliyi sayəsində ölkənin sürətli inkişafının təmin olunduğunu qeyd edən F.Qurbanov dahi şəxsiyyətin zəngin ideyalarının və siyasi irsinin öyrənilməsi və təbliğinin önəmini vurğulayıb, konfransın bu aspektdən əhəmiyyətinə diqqət çəkib.

 

Bildirilib ki, bütün sivilizasiyanın gələcəyi və onun taleyi üçüncü minillikdə davamlı inkişafın məqsəd və prinsiplərinin reallaşmasından asılıdır. Davamlı inkişafın təmin edilməsi bütün dünya ölkələrinin, o cümlədən Azərbaycanın  dövlət siyasətinin başlıca prioritetlərindəndir. BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 davamlı inkişaf məqsədi arasında 4-cü hədəf inkluziv və ədalətli, keyfiyyətli təhsili və hamı üçün ömürboyu öyrənmə imkanlarını təmin etməkdir. Üçüncü minilliyin sivilizasiya inkişafının yeni modeli yalnız onun ən mühüm alt sistemi olan təhsilin köməyi ilə mümkündür.

 

Qeyd edilib ki, ali təhsil müəssisələri şəbəkəsi qlobal səviyyədə davamlı inkişafa keçid sahəsində xüsusi transmilli rolunu daşıyır. Bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərdən bəhs edən F.Qurbanov çıxışlarda və müzakirələrdə səsləndiriləcək dəyərli fikirlərin və irəli sürüləcək təkliflərin konfransın işinə töhfə verəcəyinə inamını ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

 

Daha sonra konfransın plenar iclası keçirilib.

 

Konfrans 10 üzbəüz və 18 onlayn bölmə iclasları ilə işini davam etdirib. Bölmə iclaslarında müxtəlif  mövzularda məruzələr dinlənilib. Müzakirələrdən sonra beynəlxalq konfransın işinə yekun vurulub.

 

Konfrans çərçivəsində MDU və Türkiyənin Kayseri Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.

 

Sonra beynəlxalq elmi konfransın qonaqları MDU-nun tələbə və magistrantları üçün ustad dərslər keçiblər. Daha sonra qonaqlar MDU-nun akademik və inzibati heyət üzvləri ilə görüşüblər.

 



15.12.2023 | 11:12