“Xalq qəzeti”nin “Heydər Əliyev İli”nə daha bir töhfəsi | |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə davam edən “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə işıq üzü görən dəyərli nəşrlərdən birini də “Xalq qəzeti” redaksiyası ərsəyə gətirdi. Ulu öndərin əbədiyyətə qovuşduğu tarixin ildönümü – hər il xalqımızın sonsuz hüzn və böyük kədərlə qeyd etdiyi 12 Dekabr – Anım Günü ərəfəsində işıq üzü görən irihəcmli kitab-albom da məhz “Heydər Əliyev xatirələr işığında” adlanır.
Kitabın əvvəlində qəzetin baş redaktoru Əflatun Amaşov “Borcumuzun bir misqalı...” adlı təqdimat yazısında bildirir ki, Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın ATAsıdır: “Bu ifadəni işlətməkdən əsla çəkinmirəm. Biz və bizdən sonra gələn neçə-neçə nəsillər millət ATAsı Heydər Əliyevə mənən borclu olacağıq. Azərbaycan torpağına, xalqımıza nə qədər borcluyuqsa, elə bir o qədər də Heydər Əliyevə borcluyuq. Bu kitab da, ulu tarixmizə əbədiyyətə qədər bələdçi olacaq Heydər Əliyevə borcumuzun bir misqalı, bir damlasıdır. Heydər Əliyev böyük bir epoxanın keçmişə çevriləcək və oradan gələcəyə boylanacaq elə bir misilsiz dühadır ki, nəsillər onu dönə-dönə öyrənəcək, irsini sevə-sevə araşdıracaqlar”.
Baş redaktor daha sonra qeyd edir ki, millət ATAsına övladlıq borcumuzun bir misqalı olan bu kitab “Xalq qəzeti”nin 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində Əməkdar jurnalist İlqar Rüstəmovun gerçəkləşdirdiyi “Heydər Əliyev xatirələr işığında” fərdi layihəsi əsasında hazırlanmış müsahibələr toplusudur. Müsahiblərin hər birində o böyük dühanın dövlətçilik fəaliyyətinin bir çox məqamlarına işıq salınır. Ulu öndərin yetirmələri, silahdaşları və davamçıları olmuş siyasət və dövlət xadimləri ilə aprılan bu xronikal söhbətləri son dərəcə maraqlı edən məqam isə ondan ibarətdir ki, həmin xatirələrdə müstəqil Azərbaycanın memarı və qurucusunun ölkəyə rəhbərliyinin hər iki dövründə baş vermiş, bu vaxtadək pərdə arxasında qalmış, bizə məlum olmayan fəaliyyətinin tarixi, önəm daşıyan fakt, hadisələr əksini tapıb.
Nəşrin oxuculara təqdim etdiyi yenilikləri açıqlayan yazıda daha sonra deyilir ki, ilk baxışdan gənc yaşlarından dövlət və hakimiyyət orqanlarında yüksək vəzifələrdə çalışan, sonra Azərbaycana rəhbərlik edən, daha sonra SSRİ kimi nəhəng dövləti idarə edən üç şəxsdən biri olan Heydər Əliyevin rahat bir həyat sürdüyü düşünülə bilər. Amma onun keçdiyi yola kitabda əksini tapan epizodlar, gerçəklər, xatirələr işığında baxanda bir daha məlum olur ki, Heydər Əliyevin bütün həyat və fəaliyyəti çox ziddiyyətli və gərgin tarixi hadisələr burulğanında keçib. O, hələ uşaq yaşlarından əzizlərindən şirin nağıllar yox, doğmalarına və el-obasına qarşı erməni cəlladları tərəfindən törədilən soyqırımları haqqında qandonduran gerçək əhvalatları dinləyə-dinləyə böyüyüb.
Xalqımızın gələcək lideri 14–15 yaşlarında “qırmızı imperiya”nın amansız həbslərinin, terror və sürgünlərinin şahidi olub. Gəncliyin şirin vaxtlarında isə milyonların ölümünə fərman verən İkinci dünya müharibəsinin ən acı və amansız günlərinin ağrılarını yaşayıb. Sonra da “Qırmızı imperiya”nın bu müharibənin xarabalıqları üzərində necə yüksəldiyini görüb və bu prosesdə karyerasının ən çətin, amma çox şərəfli dövrünü yaşamağa başlayıb.
Ulu öndərin müasirlərinin dövriyyəyə gətirdikləri “naməlum bioqrafiya”dan aşkar olur ki, xatırlanan hadisələr, daha doğrusu, bu siyasi fırtınalar burulğanında heç bir səhvə yol vermədən Azərbaycan naminə çalışmaq, işləmək, hakimiyyətin zirvəsinə aparan pillələrlə yüksəlmək, əsla adi insan zəkası, ağlı, cəsarəti, qətiyyəti və bacarığı ola bilməzdi. Elə ona görə də gənc yaşlarından yüksək mövqeli dövlət məmurlarının diqqət mərkəzinə düşən Heydər Əliyevə vəzifələrin, tapşırıqların ən mürəkkəbi və çətini həvalə edilib. Çünki onun ağlına, zəkasına və bacarığına kimsə şübhə etməyib.
Nəhayət, qorxulu və adı ilə belə insanlarda sürgün və terror xofu oyadan DTK adlı xüsusi xidmət orqanının Azərbaycandakı komitəsinə rəhbərlik edib. Burada, məhz bu qurumda Heydər Əliyev bu vaxta qədər xalqına və Vətəninə qarşı olan ədalətsizlikləri ən müdrik və gizli şəkildə haqq tərəzisinə qoymağa, xalqına layiq olduğu dəyərin verilməsinə çalışmağa başlayıb. Sonra isə böyük siyasətin ilk pilləsinə ayaq qoyub və Azərbaycana rəhbərlik edib. Bu kürsüdə canı qədər sevdiyi Azərbaycana xidmət etmək üçün daha böyük imkanlar yaranıb. Amma bu imkanların hər biri xırda bir səhv üzündən onun karyerasına son qoya bilərdi. Gənc istedad isə belə səhv etməyə əsla yol verə bilməzdi, çünki qarşıda daha böyük işlər və arzulara sığmayan planlar var idi.
Bu kitabda fikirləri əksini tapmış ilk müsahibimizdən birincisi olan Həsən Həsənovla əməkdaşımızın apardığı 11 söhbətdə Heydər Əliyevin Azərbaycana ilahi vurğunluğunun və ölkəsinin inkişafı üçün nələrdən keçdiyinin çox maraqlı məqamlarını oxuyur və bir daha o dahinin qətiyyətinə, cəsarətinə və zəkasına heyran olursan... Çox keçmir ki, “Azərbaycana sığmayan”və “Moskvada lazım olan” Heydər Əliyevin hakimiyyətinin miqyası və dairəsi böyüyür. Bundan sonra ona həsəd aparan, azərbaycanlı olduğu üçün onu heç cür qəbul edə bilməyən, fürsət düşəndə arxadan ona zərbə vurmağa çalışanlar da artır. Nəhayət, SSRİ-nin xilasını məhz Heydər Əliyevdə görən İttifaq rəhbərləri dünyadan köçər-köçməz, böyük azərbaycanlı Kremldə arzuolunmaz şəxsə çevrilir. Bəzi rus tarixçilərinin etiraf etdiyi kimi, elə bununla da SSRİ-nin dağılmasına hökm verilir. Kitabdakı müsahiblərimiz yeri gəldikcə bu haqda da kifayət qədər maraqlı faktlar açıqlayırlar. İmperiya dağılanda, dövlət müstəqilliyinin əsaslarını yaratmağa illərin əməyini sərf etdiyi Azərbaycanın faciəyə sürükləndiyini görən Heydər Əliyevin ürəyi dağlanır. Susmağı, özünü kimlərəsə yaxşı göstərməyi bacarmayıb, münasibətini, mövqeyini ortaya qoyur. Amma hakimiyyət hərisləri bu ustad siyasətçinin məsləhətlərinə qulaq asmaq yerinə, ciddi rəqib bildikləri, doğma Naxçıvanın qucaq açdığı Heydər Əliyevə qarşı mübarizəyə başlayırlar. Heydər Əliyevin xidmətlərini unutmayanlar isə ona dəstək olmağa çalışırlar. Bu haqda da müsahibələrdə zəngin və son dərəcə maraqlı faktlara yer verilir. ...Azərbaycan uçuruma, fəlakətə yaxınlaşır. Son məqamda xalq xilas üçün Heydər Əliyevə üz tutanda, dünya şöhrətli siyasətçi və dövlət xadimi bütün ədalətsizlikləri unudaraq Azərbaycanın miskin günə düşmüş baş kəndinə, heç də asan olmayan hakimiyyət məsuliyyətini üzərinə götürməyə gəlir. Gəlir ki, həm canı qədər sevdiyi Azərbaycanı və onun dövlətçiliyini, həm də son ümidini ona bağlayan xalqını xilas etsin. Kitabda sonrakı müsahib-həmsöhbətlər də – Baş prokuror Kamran Əliyev, görkəmli yazıçı, sabiq Dövlət müşaviri Hidayət Orucov, Baş nazirin keçmiş müavinləri Əli Həsənov və Abid Şərifov, nazir və komitə sədrləri Misir Mərdanov, Vilayət Quliyev, Əhməd Əhmədzadə, Heydər Əliyev barədə kinoserialın ünlü rejissoru Vaqif Mustafayev, müxtəlif rəhbər vəzifələrdə çalışmış Bilal Mahmudov Ulu öndərin dastanlara sığmayan həyatının onlara bəlli, unudulmaz məqamlarını indiki nəsillərə nəql edirlər. Bir daha şahid oluruq ki, ömrü mübarizələrdə keçmiş, ədalətsizliklərdən qəlbi, sözün əsl mənasında, qırılmış 70 yaşlı Heydər Əliyev ağıla gəlməyən enerji və qətiyyətlə yerdə qalan ömrünü də uzun illər qəlbində gəzdirdiyi, xəyalında canlandırdığı arzusunu – müstəqil Azərbaycanı dünyaya günəş kimi doğan bir məmləkət kimi yüksəltmək amalını necə gerçəkləşdirir. Bu xatirələrin işığında xalqını canından artıq sevən bir lider süqut etmiş bir ölkədə yeni, müstəqil Azərbaycanı təməldən qurmağa başlayır. 10 ildə ağıla gəlməyən işlər həqiqətə çevrilir. Məhz Heydər Əliyevin reallaşdırmağa başladığı beynəlxalq enerji layihələri sayəsində miskin Azərbaycan az bir vaxtda dünyanın diqqət mərkəzinə düşür, müasir ölkənin iqtisadi qüdrətinin əsasları qoyulur. Ulu öndər ölkəyə yeni Konstitusiya verir, onu müdaxilədən qoruyacaq, 27 ildən sonra torpaqlarımızı erməni işğalçılarından təmizləyərək Zəfər çalacaq Azərbaycan Ordusunun sürətli inkişafını təmin edir. Ən başlıcası isə dünyanı inandırır ki, Azərbaycan müstəqil dövlət kimi sərbəst xarici siyasət aparır və bütün ölkələrlə bərabər səviyyəli əməkdaşlığa açıqdır. Kitabın redaktoru və ön sözün müəl-lifi sonda bu açıqlamalarına əlavə olaraq bildirir ki, nə qədər Heydər Əliyevinmüasirləri yaşayır, biz Ulu öndər haq-qında yaddaşlarda yaşayan xatirələri toplayıb qələmə almalıyıq. Bunu özümüzlə yanaşı, gələcək nəsillər üçün də etməliyik: “Heydər Əliyev insanın dünyada əbədi olmadığını, ancaq adının əbədi qala biləcəyini bilirdi. Əbədiyyəti də hər adamın qazana bilmədiyini çox görmüşdü. Bütün bunlara rəğmən əbədi yaşamağa iddialı olmayan insan, tarix və xalq qarşısında, Azərbaycan qarşısında xidmətləri ilə adını əbədiyyət zirvəsinə qızıl hərflərlə yazdı. İllər ötəcək, tarixlər dönəcək, Azərbaycan hansı epoxaya qədər var olacaqsa, Heydər Əliyevin adı da onun tarixində əbədi yaşıyacaq”.
Nəhayət, kitabın özəl məziyyətlərindən biri də burada Ulu öndərin həyat- fəaliyyətini əks etdirən “Dahi ömrünün anları” adlı 3 albomun yer almasıdır. “Azərbaycana doğan Günəş” Heydər Əliyevin hakimiyyətinin ilk dövrünü, “Möhtəşəm yüksəliş” onun Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu və Naxçıvana qayıdışı dövrünü, “Qayıdışın zəfər təntənəsi” adlı albom isə müstəqil Azərbaycanın Prezidenti olduğu dövrü əhatə edir.
Tahir AYDINOĞLU
|
|
14.12.2023 | 16:36 | |
|
|
|