“Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” konfransı keçirilib

Dekabrın 13-də Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” konfransı keçirilib. 

 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, millət vəkilləri, peşə təhsili və təlimi sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

 

Konfransın keçirilməsində məqsəd peşə təhsili sahəsində ölkəmizdə son illər aparılan islahatlara diqqət çəkmək, bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəfləri bir araya gətirərək faydalı müzakirələr təşkil etməkdir.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev peşə təhsilinin əhatəliliyinin artırılması, adambaşına maliyyələşməyə keçid, yeni peşə təhsili müəssisələrinin tikilməsi və proqramların hazırlanması məsələlərindən danışıb. Nazir bildirib ki, 12 000 tələbənin adambaşına maliyyələşməyə keçidini növbəti 3 il ərzində təmin etmək planlaşdırılıb.

 

İşğaldan azad olunmuş ərazilərdə səkkiz yeni peşə təhsili müəssisəsinin tikilməsinin nəzərdə tutulduğundan da danışan elm və təhsil naziri əlavə edib ki, Füzuli şəhərində yeni müəssisənin bünövrəsi qoyulub və tikintisinə başlanılıb, həmçinin Şuşa şəhərində peşə təhsilinin yenidən qurulması prosesinə start verilib. Bundan əlavə, Qarabağ Universitetinin tərkibində Xankəndi şəhərində də bir peşə təhsili müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

 

Emin Əmrullayev çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

 

Qeyd edək ki, konfransda “Böyük Qayıdış: yeni iqtisadi reallıqlar və əmək bazarının dəyişən tələbləri”, “Əmək bazarının ehtiyacları: rəqəmsallaşan dünyada dəyişən tələblər”, “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: sənayenin yeni bacarıq və səriştə ehtiyacları”, “Real sektorun ehtiyacları: yeni ixtisaslı kadrları necə hazırlamalı?” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulub.

 

 



13.12.2023 | 14:47