Ulu Öndərə həsr olunmuş konfrans keçirilib | |
“Ümummilli lider Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontektində” mövzusunda konfrans keçirilib.
Konfransda Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Sevinc Süleymanova, BŞTİ-nin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və 276 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən konfransdan öncə şagirdlərin Ulu Öndərə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, xüsusilə də Azərbaycan dilinə göstərdiyi diqqət və qayğısından danışıb.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə xüsusi diqqət yetirib.
Daha sonra BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Ümummilli lider Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontektində” mövzusunda geniş məruzə ilə çıxış edib. Dövlətin, dövlətçiliyin formalaşdırılmasında Ulu Öndərin xidmətlərindən bəhs edən H.Əsgərov hələ sovet dövründə imperiya qadağalarına baxmayaraq dilimizin dövlət dili statusu alması, Ümummilli Liderin verdiyi qərar və sərəncamlarla Azərbaycan dilinin sürətli inkişafı, eləcə də özünün doğma dilimizdə səlis nitqi ilə hamıya nümunə olmasından bəhs edib.
İdarənin müdir müavini Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dilinin inkişafı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova, 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova və 83 nömrəli məktəb-liseyin müəllimi Mehri Quliyeva məruzə ətrafında öz fikirlərini bildiriblər.
|
|
11.12.2023 | 12:17 | |
|
|
|