Robot tələbələrə mühazirə oxuyub

ABŞ-da robot tələbələrə fəlsəfə üzrə mühazirə oxuyub. Beləliklə, “Bina 48” adlı android professorla birgə dərs keçən ilk mexaniki müəllim olub.

 

Professor Uilyam Barri bir neçə ildir ki, “Bina 48” ilə işləyir və artıq robotu tələblərə təqdim etməyə qərar verib. Təxminən, 100 tələbənin iştirak etdiyi eksperimental dərs ABŞ-ın Hərbi akademiyasında keçirilib.

 

“Süni intellekt müəllim ola bilərmi?”, “robot mühazirəni elə apara bilərmi ki, material tələbələr üçün aydın və maraqlı olsun?” kimi suallara cavab tapmaq sınağın əsas məqsədi idi.

 

robo-hunter.com saytının məlumatında bildirilir ki, insanabənzər robot əxlaq fəlsəfəsi kursu üzrə 2 mühazirə oxuyub. Bu elm sahəsi etik mülahizələri, ədalətli müharibə haqqında nəzəriyyəni və süni intellektin cəmiyyətdə tətbiqi problemlərini aydınlaşdırır.

 

Mühazirə zamanı robot İnternetə qoşulmayıb və əvvəlcədən yüklənmiş məlumatlardan istifadə edib. “Bina 48” yalnız monoloq rejimində danışmayıb, həm də tələbələrin suallarını cavablandırıb.

 

Professor Barrinin sözlərinə görə, mühazirə tələbələr üçün çox maraqlı olub, onlar robotu diqqətlə dinləyərək, materialı yazıblar.

 

Lakin “Bina 48”in şagirdlər tərəfindən yaxşı qarşılanmasına baxmayaraq, alimlər robotu müəllim kimi istifadə etməməyə qərar veriblər, çünki onun iş tempi tələbələr üçün çox yavaş olub.



22.10.2018 | 13:33