Pedaqoji Universitet Qarabağ Universitetinin fəaliyyətinə dəstək verəcək

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

 

İclasa sədrlik edən rektor professor Cəfər Cəfərov ötən müddət ərzində ölkədə və ADPU-da baş verən yeniliklərdən söz açıb, bu dövrdə universitetin yerli və beynəlxalq əlaqələrinin genişləndiyini, eyni zamanda ali təhsil ocağında Zəfər tariximiz, Qərbi Azərbaycana qayıdış və şəhidlərin xatirəsinin anılması ilə bağlı silsilə tədbirlərin təşkil olunduğunu deyib.

 

ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov isə qarşıda duran vəzifələr və tətbiq olunacaq yeniliklər haqqında danışaraq növbəti semestrdən etibarən Pedaqoji Universitetdə pedaqoji internaturanın tətbiq olunmağa başlanacağını diqqətə çatdırıb.

 

Prorektor xüsusi vurğulayıb ki, hazırda qarşıdakı mühüm işlərdən biri Qarabağ Universitetinin fəaliyyətinə dəstəklə bağlı təkliflər paketinin hazırlanaraq Elm və Təhsil Nazirliyinə təqdim olunmasıdır. E.Aslanov, eyni zamanda, Qarabağ Universitetinin fəaliyyətinə dəstəklə bağlı ADPU-da işçi qrupun yaradılacağını diqqətə çatdırıb. Qeyd olunub ki, 1969-cu ildə Xankəndidə ADPU-nun filialı kimi fəaliyyətə başlayan Xankəndi Dövlət Pedaqoji İnstitutunun bazasında yaradılan Qarabağ Universiteti həm də mənəvi varislik baxımından Pedaqoji Universitet kollektivi üçün xüsusi önəmə malikdir.

 

Çıxış edən ADPU-CVU ikili diplom proqramının ADPU üzrə proqram direktoru Tofiq Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilən ikili diplom proqramlarının proqram akkreditasiyası ilə bağlı özünütəhlil hesabatı haqqında məlumat verib. Hesabatın təsdiq edilərək Agentliyə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Bildirilib ki, ikili diplom proqramlarının akkreditasiyasından sonra növbəti ilin əvvəlindən digər ixtisaslar üzrə də vahid proqram akkreditasiyası prosesinə start veriləcək.

 

Yekunda müzakirə edilən  məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

 

 



11.12.2023 | 09:46