“Ulu Öndərin neft strategiyası”

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunan növbəti görüş Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovla keçirilib.

 

UNEC kollektivi ilə görüşdə V.Ələsgərov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə apardığı uğurlu neft siyasəti barədə önəmli məqamları açıqlayıb. O, “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsi, Neft Fondunun yaradılması, neftin hasil edilməsi və dünya bazarına ixracı siyasəti, neftdən əldə olunan gəlirlərin istifadəsi, eləcə də ölkəmizin güclü dövlət kimi formalaşmasının təminatı olan bu mühüm layihənin işlənməsi və idarəedilməsində Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. “Əsrin müqaviləsi”nin ölkə üçün həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıdığını bildirən V.Ələsgərov bu layihənin reallaşdırılmasında ən mühüm faktorun məhz Heydər Əliyev şəxsiyyəti, fenomeni olduğunu deyib. V.Ələsgərov Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyevin ölkəyə qayıtması ilə başladığını, bu dahi şəxsiyyətin atdığı hər bir addımın Azərbaycanın suverenliyinin təmin edilməsinə yönəldiyini diqqətə çatdırıb.

 

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

 

 



09.12.2023 | 14:42