Milli Olimpiya Komitəsinin idman yekunlarına həsr olunmuş “Olimpiya gecəsi” keçirilib

Dekabrın 6-da Milli Olimpiya Komitəsinin (MOK) idman yekunlarına həsr olunmuş təntənəli “Olimpiya gecəsi” mərasimi keçirilib.

 

Tədbirdə dövlət və hökumət rəsmiləri, idman təşkilatları, federasiyalar, media qurumlarının rəhbərləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək 2023-cü ilin Azərbaycan idmanı üçün uğurla keçdiyini və nailiyyətlərin ildən-ilə artdığını bildirib.

 

Qazanılan uğurlara görə federasiya rəhbərləri və idmançıları təbrik edən Çingiz Hüseynzadə 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağına inamını bildirib.

 

Ardınca Avropa Olimpiya Komitələri və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun video formatında təbriki nümayiş olunub. Spiros Kapralos tədbir iştirakçılarını ana dilimizdə salamlayaraq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, Birinci Avropa oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu deyib. 

 

Tədbirdə 2023-cü ilin idman yekunları ilə bağlı videoçarx təqdim olunduqdan sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi “İlin ən loyal tərəfdaşı” nominasiyası üzrə qalib olub.

 

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev və digər tanınmış idman xadimləri təqdim ediblər.

 

Tədbir konsert proqramı ilə davam etdirilib.

 

 



08.12.2023 | 18:44