Qarabağ Universitetində tədrisin təşkilinə öz töhfəmi verməyə hazıram

Məlum olduğu kimi, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev  Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Qarabağ Universitetinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Elm və təhsil naziri Emin Əmrullayev artıq növbəti tədris ilindən Qarabağ Universitetinə qəbul elan ediləcəyini və bu məqsədlə 800-1000 nəfər tələbə kontigentinin nəzərdə tutulduğunu ictimaiyyətə açıqlayıb. Universitetdə nəzərdə tutulan ixtisaslarla bağlı məlumat da ictimaiyyətin diqqətinə çatdırılıb.

 

Düşünürəm ki,  universitet fəaliyyətə başladıqdan sonra ixtisaslarla bağlı yenilik və təkmilləşmələr də mümkün olacaq. Ölkə başçısının müvafiq sərəncamına əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən tezliklə universitetin növbəti tədris ilindən fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparılması və qəbul elanı olduqca əhəmiyyətlidir.

 

Tələbələrin Qarabağ universitetinə qəbul forması ilə bağlı da açıqlama verilib. Belə ki, qəbul prosesi Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında (I kurs), Elm və Təhsil Nazirliyinin SABAH qruplarına müsabiqə əsasında (II kurs) və mübadilə proqramları və ya yerli universitetlər ilə ikili diplom proqramları (II və ya III kurs) əsasında təşkil ediləcək.

 

Hesab edirəm ki, Xankəndidə yeni universitetin yaradılması regionlarda ali təhsilin inkişaf etdirilməsi kimi də qiymətləndirilə bilər. Məlumdur ki, Qazax və Şəkidə artıq bu sahədə müəyyən addımlar atılıb, Mingəçevir Dövlət Universitetinin yeni kampus layihəsi qəbul olunub. Düşünürəm ki, Xankəndidə  Qarabağ Universitetinin yaradılması Böyük Qayıdış  çərçivəsində regionda reinteqrasiya prosesinin müvəffəqiyyətlə tamamlanmasında da ciddi rol oynayacaq. 

 

Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması xəbəri ictimaiyyət arasında sevinclə qarşılanıb. Qısa zamanda artıq gənc alimlər, universitet müəllimləri Qarabağ Universitetində təhsilin təşkilinə öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər. Qarabağ Universitetinin təsis olunması bölgələrdə təhsilin inkişafı kontekstində dəyərləndirilməklə bərabər həm də milli məsələdir, eyni zamanda milli birlik anlayışının möhkəmlənməsinə də töhfə verəcəkdir. Bu vəsilə ilə Qarabağ Universitetində tədrisin təşkilinə öz töhfəmi verməyə hazır olduğumu bəyan etmək istərdim.

 

Orxan VƏLİYEV,

Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru

 



08.12.2023 | 11:33