Dünya məktəbliləri Bakıda yarışırlar | |
Dekabrın 4-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib. Festivalın açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ali məktəb rektorları, elmi-tədqiqat institutlarının direktorları, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev üçüncü ildir ki, ənənəvi olaraq keçirilən festivalın təhsil sahəsində nüfuzlu, əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycanın bütün bölgələrini təmsil edən 800-dən, eləcə də xarici ölkələrdən gələn 150 nəfərdən artıq iştirakçı festivala qatılıb. Emin Əmrullayev vurğulayıb ki, STEAM layihəsi məktəblərdə dəyişməli olan məzmunun yeni innovativ təhsil nümunəsidir və 4 il ərzində 100 mindən artıq azərbaycanlı şagird bu tipli müasir təhsil məzmununa cəlb edilib.
Elm və təhsil naziri qeyd edib ki, “2025-ci ildə yazılacaq yeni elm və təhsil standartlarında STEAM-ın bəzi elementlərini milli kurikulumun hissəsinə çevirməyi düşünürük. Belə ki, yeni standartlarda 3D çap, robototexnikanın bəzi elementləri texnologiya fənninin məzmununa daxil olunacaq. Nazirin sözlərinə görə, XXI əsr bacarıqlarının tələblərinə uyğunlaşmaq üçün qarşıda duran məqsəd gələcək nəslin ənənəvi olaraq humanitar və ya texniki yönlərə bölünməklə deyil, hərtərəfli inkişafını təmin etməkdir. Emin Əmrullayev çıxışının sonunda festivalın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.
Sonra çıxış edən “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov layihə və festival barədə ətraflı məlumat verib. Bildirilib ki, STEAM layihəsi 2019-cu tədris ilindən başlayaraq ölkə üzrə 396 məktəb və 150 minə yaxın şagirdi əhatə edir, məktəblərdə tətbiq olunan layihə ilə yanaşı Şuşa Məktəbinin nəzdindəki STEAM Mərkəzi də daxil olmaqla ümumilikdə 25 STEAM Mərkəzi fəaliyyət göstərir. Vurğulanıb ki, 2026-cı ilə kimi layihə üzrə şagird sayının 280 minə çatdırılması nəzərdə tutulur.
İ.Nəzərov bildirib ki, İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çex Respublikası, Türkiyə, Azərbaycan daxil olmaqla 8 ölkədən SAF 2023-ə 96 nəfərlik münsif heyəti qatılıb. Builki festivalda 15 kateqoriya üzrə yarışların təşkil olunacağını qeyd edən layihə rəhbəri sonda iştirakçıların 60 faizinin beynəlxalq qaydalara uyğun olaraq və 25 faizinin xüsusi kateqoriyalar üzrə mükafatlandırılacağını vurğulayıb.
Daha sonra aparıcılar Leyla Quliyeva və Ağa Nadirovun təqdimatında davam edən Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində iştirakçı komandalar bir-bir səhnəyə dəvət olunub.
***
Dekabrın 5-də Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, mədəniyyət naziri Adil Kərimli, müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakı Ekspo Mərkəzində olublar.
Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara məlumat verilib ki, festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışır.
Festivalın üçüncü günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə naziri Teymur Musayev, Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Ekspo Mərkəzini ziyarət ediblər.
Qonaqlar festival çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edək ki, dekabrın 8-dək davam edəcək STEAM Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
08.12.2023 | 09:03 | |
|
|
|