Botanika İnstitutunun alimləri yeni yad mənşəli ağac növu aşkar ediblər

Botanika İnstitutunun Geobotanika şöbəsinin alimləri biologiya üzrə fəlsəfə doktorları Rəna Abdıyeva, Nigar Mürsəl qızı və Kəmalə Əsədovanın həmmüəllifi olduqları "Fraxinus Pennsylvanica Marsh. (Oleaceae)”  (Azərbaycan (Cənubi Qafqaz) florasında yeni yad növ) adlı məqaləsi “Rusiya Elmlər Akademiyası” nəşriyyatının “Russian Science Citation İndex və Scopus” bazasına daxil olan “Ботанический журнал” adlı dərgisində nəşr olunub. 

 

Məqalə Azərbaycanın invaziv florası üçün yeni olan Fraxinus pennsylvanica Marsh., (Pensilvan göyrüşü (Oleaceae fəsiləsi)) Şimali Amerika ağac növünun aşkar edilməsindən bəhs edir. Botanik alimlər 2023-cü  ildə respublikanın cənub  rayonlarına təşkil olunan ekspedisiya zamanı Lənkəran rayonunun dəniz kənarı sahələrində sözügedən növün fərdlərini qeydə alıblar.

 

Məqalədə qeyd olunur ki, Pensilvan göyrüşünün aşkar edilən yabanı 8 fərdi  vegetativ və cavan generativ  ontogenetik vəziyyətdədir. Növün az sayda olması onun dənizkənarı ərazilərə yenicə daxil olduğunu göstərir və invaziv statusuna görə  “introduksiyadan qaçmış” növ kimi qiymətləndirilir. Bu növ taxta-şalban istehsalı üçün iqtisadi əhəmiyyət daşıyır. Növün bioekoloji xüsusiyyətlərinə və yayılmasının dinamikasına gələcək tədqiqatlarda diqqət yetiriləcəkdir.

 



06.12.2023 | 15:00