AzTU-Alman Akademik Mübadilə Xidməti əlaqələri müzakirə olunub | |
Oktyabrın 19-da Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramının Bakı Məlumat Mərkəzinin rəhbəri Mara-Lisa Gezer və Mərkəzin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Almaniya universitetləri ilə AzTU arasında mövcud olan səmərəli əməkdaşlıqdan danışıb. Rektor əvəzi bildirib ki, bu ildən etibarən AzTU-nun Maşınqayırma fakültəsində alman dilli qrup yaradılıb. DAAD çərçivəsində AzTU-nun bir neçə aliminin Almaniyada təhsil aldığına, bəzilərinin bir müddət orada işlədiyiniə və universitetin xeyli sayda müəlliminin alman dilini mükəməl bildiyinə diqqət çəkən professor Xalıq Yahudov növbəti illərdə tələbatdan aslı olaraq alman dilli qrupların sayının artırıla biləcəyini qeyd edib.
Növbəti 2 il müddətində Azərbaycanda olacağını və DAAD proqramının Bakı Məlumat Mərkəzinə rəhbərlik edəcəyini deyən Mara-Lisa Gezer AzTU ilə bir neçə istiqamət üzrə əməkdaşlıq formatının mümkün olduğunu bildirib. Mara-Lisa Gezer qeyd edib ki, Alman Akademik Mübadilə Xidmətinin proqramından istifadə göstəricisinə görə Azərbaycan Rusiya və Amerika Birləşmiş Ştatlarından sonra dünyada üçüncü yerdədir. İlk azərbaycanlı kimi AzTU-nun professoru Vaqif Mövla-zadənin 1971-ci ildə Almaniyada bir illik elmi staj keçdiyini məmnunluqla vurğulayan Mara-Lisa Gezer Alman Akademik Mübadilə Xidmətinin proqramından istifadə göstəricisinə görə AzTU-nun Azərbaycan ali təhsil müəssisələri arasında lider olduğunu qeyd edib.
Görüşdə AzTU-nun alman dilli qruplarının tədris materialları ilə təmin olunması, tələbələrin Almaniyaya Yay məktəblərinə və təcrübəyə göndərilməsi, həmçinin müəllim-tələbə mübadiləsi kimi məsələlər də müzakirə olunub.
|
|
22.10.2018 | 10:55 | |
|
|
|