Maarifləndirici tədbir keçirilib

Paytaxt məktəbində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində tədbir keçirilib.

 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Qadın Gündəliyi Milli Dialoq Platformasının təsisçisi Pərvanə Məmmədova, İctimai Şuranın üzvü, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və "Məktəblinin dostu" layihəsinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan İctimai Şuranın üzvü Pərvanə Məmmədova uzun illərdir ki, dünya dövlətlərinin hər il noyabrın 25-dən başlayaraq 16 günlük Fəallıq Kampaniyası çərçivəsində keçirilən “Qadınlara qarşı zorakılığa YOX deyək!”  layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində “Məktəblinin dostu” ilə birgə gender bərabərsizliyinin aradan qaldırılması, şagirdlərin bu barədə biliklərinin artırılması istiqamətində təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilib.

 

Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, İctimai Şuranın üzvü Məleykə Əlizadə,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sevinc Məmmədova insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı cəmiyyətimizdə gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı və gender probleminin həllinə dair reallaşdırılan silsilə tədbirlərdən söz açıblar.

 

Daha sonra tədbir iştirakçıları sinif otaqlarında gender bərabərliyi mövzusunda şagirdlərlə söhbət aparıblar.

 

 



05.12.2023 | 17:31