İspan memarlardan master-klas: Gələcəyə yönəlik memarlıq layihələri, müasir tendensiyalar, innovativ həllər

İspaniyanın məşhur memarları Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMiU) tələbələr üçün master-klas keçiblər.

 

İtaliya-Azərbaycan Dizayn Mərkəzində keçirilən master-klasda “Bilbao Architecture Team”in (BAT) tərəftaşları Juan Miguel Rioboó Fuentes və Peru Canada, “Fundación Metropoli”nin London Şəhər Laboratoriyasının direktoru Naiara Vegara, “Ortiz Leon Arquitectos”un həmtəsisçisi Iñigo Ortiz, ETSASS-ın baş memarı Jaime Otegui öz təcrübələrini gənc memar və dizaynerlərlə bölüşüblər.

 

Mütəxəssislər ispan memarlığının dünya memarlığına verdiyi töhfədən, müasir memarlığın formalaşdırdığı tendensiyalardan söhbət açıblar. Çalışdıqları tanınmış memarlıq şirkətləri barədə qısa təqdimatlarla çıxış edən qonaqlar özlərinin də iştirakı ilə həyata keçirilən layihələrdən bəhs ediblər. 

 

İspan memarlar gənclərlə memarlıq və dizayn təhsili, hər iki sahədə mövcud yeniliklər və yanaşmalar, bu ixtisas sahiblərinə tələblər, gələcəyə yönəlik layihələrin hazırlanması, xarici şirkətlərin memar və dizayner seçimləri, innovativ həllərin memarlığa təsiri istiqamətində diskussiya aparıblar.

 

İnteraktiv formada təşkil olunan və böyük maraqla qarşılanan master-klasda gələcək memarları maraqlandıran suallar cavablandırılıb, toxunulan mövzularla bağlı fikir mübadiləsi aparılıb.

 

 



05.12.2023 | 14:02