Tələbələr narkomaniyanın mənfi təsirləri barədə məlumatlandırılıb

Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.

 

Tədbirdə çıxış edən BDU-nun psixologiya kafedrasının müəllimi Nigar Nəsirova narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. 

 

Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova isə qeyd edib ki, narkotik vasitələr tez bir zamanda asılılıq yaradan bitki və ya sintetik mənşəli toksik maddə olduğundan insanın bütün orqanizminə, davranışına, düşüncə səviyyəsinə xüsusi təsir göstərir. Bunun nəticəsində şəxsiyyətin xarakteri, həyat tərzi dəyişir və əvvəlki sağlam vərdişlər itirilir. Narkotik maddələrdən asılı olan şəxslərdə ən çox müşahidə olunan somatik ağırlaşmalardan aseptik qaydaları və immun sisteminin pozuntuları nəticəsində əmələ gələn müxtəlif infeksiyaları göstərmək olar. Bu cür insanlarda İnsanın İmmunçatışmazlığı Virusu (İİV), sifilis, hepatit B və C yoluxması çox yüksək dərəcədə müşahidə olunur. Yeniyetmə və gənclər arasında narkomaniyanın inkişaf tendensiyasına da toxunan F.Baxışova bunu maarifləndirmənin yetərli qədər olmaması ilə əlaqələndirib.

 

Mexanika-riyaziyyat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Murad Muradov və III kurs tələbəsi Nuray Cəfərova çıxışlarında cəmiyyətin bəlasına çevrilmiş "ağ ölüm"ə qarşı mübarizədə gənclərin rolundan danışıblar.

 

Sonda psixoloq Nigar Nəsirova tərəfindən iştirakçılar üçün proektiv metodika keçirilib.

 

 



05.12.2023 | 13:16