Məktəbdə hər kəs məsuliyyətini dərk edəndə...

“Mənim məktəbim”

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin  məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

 

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.

 

Müasir dövr ümumi təhsildə yüksək nailiyyətlər əldə olunmasını tələb edir. Məktəbdə uğur qazanılması isə ilk növbədə ümumi təhsil müəssisəsində şagirdin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, müəllim-şagird-valideyn münasibətlərinin hansı səviyyədə qurulmasından asılıdır. Şübhəsiz ki, bu işdə məktəb direktorunun və pedaqoji kollektivin üzərinə böyük məsuliyyət düşür.

 

Keyfiyyətli işi şərtləndirən amillər

 

Rəhbərlik etdiyim məktəbdə idarəetmə işi hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və görülən işlərin monitorinqi prinsipləri əsasında qurulub.

 

Fikrimcə, hesabatlılıq idarəetmədə əsas prinsiplərdən biridir. Buna görə də, həm məktəb direktoru, həm də rəhbərlik etdiyi müəssisədə çalışan şəxslər hesabat verməlidir. Çünki hesabat verməli olan şəxs işinə daha məsuliyyətlə yanaşır. Hesabatında qeyd etdiyi işləri həyata keçirməyə çalışır.

 

Məsuliyyətin bölüşdürülməsi prinsipi imkan verir ki, təhsil müəssisəsində çalışan şəxslər idarəetməyə cəlb olunsun. Bəzən hər hansı bir işin məsuliyyətini üzərinə götürmək istəməyən şəxslərə rast gəlinir. Bu, onların işi bacarmayacaqları təqdirdə, rəhbərlik tərəfindən cəzalandırıla biləcəklərindən ehtiyat etmələri ilə bağlıdır. Amma təcrübə göstərir ki, belə hallarda onları həvəsdən salmaq olmaz. Həmin şəxslərə səhvlərini izah etmək və  daha da stimul vermək lazımdır. Belə olduqda onlar həvəslənir və yeni tapşırıqları məsuliyyətlə yerinə yetirməyə çalışırlar.

 

Həyata keçirilən işlərin monitorinqi prinsipi müəssisənin idarə edilməsində açar rolunu oynayır. Buna görə də hər bir müəssisədə daimi şəkildə qiymətləndirmə işi aparılmalıdır.  Qiymətləndirmə müəssisənin inkişafı üçün ehtiyac duyulan işləri müəyyənləşdirməyə imkan verir. Bu müəyyənləşdirmələrdən sonra isə inkişaf üçün planlar hazırlanır. Plan əsasında görülən işlərin keyfiyyəti aparılan monitorinqlər vasitəsi ilə müəyyənləşdirilir, çatışmazlıqlar vaxtında aradan qaldırılır. Bu da inkişafı təmin edir.

 

Göstərilən prinsiplərin həyata keçirilməsi ilə yanaşı, məktəbin məqsəd və hədəflərinin müəyyənləşdirilərək işin həmin istiqamətlər üzrə qurulması da uğuru şərtləndirən amillərdəndir. Məsələn, hazırda rəhbərlik etdiyim məktəbə direktor təyin olunduğum ilk vaxtlarda pedaqoji kollektivlə birlikdə bu ümumi təhsil müəssisəsinin güclü və zəif cəhətləri aydınlaşdırılıb. Bunun üçün məktəbin fəaliyyəti yenidən qiymətləndirilib,  müşahidələr aparılıb, sənədlər nəzərdən keçirilib, müəllim və valideynlərlə söhbətlər təşkil edilib.

 

Təhlillər nəticəsində məlum olub ki, məktəbin şagirdləri oxumağa meyillidir, peşəsini sevən, ixtisasları üzrə akademik göstəriciləri yüksək olan pedaqoji heyəti var, valideynlər də övladlarının təhsil almasında maraqlıdır. Elə əsas məsələ də budur.

 

Tədris prosesini düzgün təşkil etmək üçün isə ilk növbədə nəzarət mexanizmini gücləndirmək lazımdır. Bu amil əsas götürülərək məktəbimizdə direktor da daxil olmaqla rəhbər heyət müəllimlərin dərslərində iştirak edir, çətinliklərini öyrənir, lazımi tövsiyələr verir. Məktəbdə kollektivçilik hissini yüksəltmək üçün mütəmadi şəkildə tədbirlər təşkil edilir.

 

Hər şey nəticə üçün...

 

Məktəbdə şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi aparılır. Böyük summativ qiymətləndirmədən əvvəl bütün fənlərdən monitorinq imtahanları keçirilir, nəticələr müəllim və valideynlərlə müzakirə edilir. Bu da müəllimlərin məsuliyyətini artırır, onları şagirdlərin təlim nailiyyətlərini obyektiv qiymətləndirməyə sövq edir. Obyektiv qiymətləndirmənin aparılması həm də şagirdlərin məsuliyyətini artırır, onların daha səylə çalışmaları ilə nəticələnir.

 

Tədris prosesində fərqlənən müəllimlərin əməyi kollektivin qarşısında qiymətləndirilir, onlara Fəxri fərman və tərifnamələr təqdim olunur. Müəllimlər təhsil qanunvericiliyi ilə tanış edilir. Həmçinin, müəllimlərə bildirilir ki, bir nəfərin pis və ya yaxşı işləməsi  məktəbin ümumi fəaliyyətinə təsir göstərir. Ona görə də, hər kəs öz işinə məsuliyyətlə yanaşmalı, məktəbin müsbət imicinin formalaşmasına çalışmalıdır.

 

Valideynlərlə işin düzgün təşkil edilməsi üçün məktəbdə sinif rəhbərləri və bu işə cavabdeh olan digər şəxslərlə  maarifləndirici işlər aparılır. Həmçinin, valideynlərlə görüşlər təşkil edilir. Xüsusilə, təlim göstəriciləri zəif olan şagirdlərin valideynləri tez-tez məktəbə dəvət olunur, onlarla maarifləndirici söhbətlər aparılır. Valideynlər onlardan tələb edilənlərin yalnız övladlarının yüksək təhsil alması üçün olduğunu gördükdən sonra məktəblə sıx əməkdaşlığa başlayırlar. Bu əməkdaşlıqdan qazanan şagirdlər olur.

 

Kollektivdə inam və sabaha ümid

 

Məktəbimizdə idarəetmə demokratik prinsiplər üzərində qurulub. Kollektivə həmişə aşılanır ki, məktəbə nəzarət işində hər kəs iştirak etməlidir. Bu kimi işlərin nəticəsidir ki, kollektivimizdə  sözün həqiqi mənasında bir-birimizə dəstək oluruq, 1 nəfərin qarşılaşdığı çətinlik hamını düşündürür. Məktəbimizin pedaqoji kollektivi, şagirdləri və valideynlər arasında qarşılıqlı inam, səmimi münasibət yaranıb. Şagirdlərin yüksək təhsil alması, müəllimlərin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün burada sağlam, təhlükəsiz və rahat təlim şəraiti yaradılıb. Bunun nəticəsində də uğurlarımız getdikcə artır. Məsələn, bu tədris ilində fənn olimpiadalarının şəhər turunda iştirak edən şagirdlərimizdən 19 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. Onlardan 3 nəfər 100 faizlik nəticə göstərib. Şagirdlərimizdən 2 nəfər “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər turundadır və s.

 

Məktəbdə görüləcək işlər isə çoxdur. Amma əsas işin öhdəsindən gələ bilmişik. Artıq məktəbimiz müəllim və şagirdlərin hər gün üz tutduğu müqəddəs məkana çevrilib. Bu məkanı hər kəs özünün doğma evi bilir. 

 

Görülən işlərin və əldə edilən uğurların nəticəsi olaraq indi hamı sabaha ümidlə baxır. Məktəbdə hər kəs nailiyyətlərin daha da artması üçün çalışır.

 

Rahim NOVRUZOV,

12 nömrəli tam orta məktəbin direktoru

 



09.03.2018 | 13:20