Nəticəsi ağır olan QAFİLLİK

Korona bəlasının gərginliyindən yenicə qopmuşduq, indi də qızılca mərəzi ilə bağlı faktlara və mübahisələrə kilidlənmişik. Ortada yoluxma və ölüm halları var. Bu üzdən 195 nömrəli  tam orta məktəbin ibtidai sinifləri distant tədrisə keçib.

 

İttihamlar acı bağırsaq kimi uzanır. Valideynlər səhiyyəni, səhiyyə ailələri, cəmiyyət də məktəbi suçlayır. Gerçəkdə isə tək bir suçlu var: sosial şəbəkə nəzarətsizliyində son illərdir, cahilcə aparılan təbliğat və bu təbliğatın əsiri olan gənc ana-atalar. Bəzi telekanalların həmin qara piarın izi ilə getməsi, aparıcılarının anti-peyvənd ritorikası, Nuh əyyamından qalma türkəçarə reseptlər irəli sürənlərin də bu hay-küyə qoşulması yeni ailələri əməlli-başlı qafilliyə sürükləyib.        

                                             

                                                                                    ...

 

Qədim Çinin idarəçilik sisteminə aid bir filmdə maraqlı fraqment var. Əyalətlərin birində təhlükəli epidemiya yayılıb. Bilgi sahibi olan ustaddan vəziyyətə çarə tapması istənilir. Xəstələrə müalicəvi otlardan dəmləmələr verilir. Kömək olmur. Gənc şagird ustadından soruşur ki, bəs, necə olacaq, insanlar gözümüzün qarşısında kütləvi ölüb gedəcəkmi? Deyir, bunun tək yolu virusa qarşı birlikdə immunitet qazanmaqdır.

 

Xatırlayın, koronanı. Yer üzünə 100 ildən bir gələn qorxunc xəstəliklər bəlasının ünvanı bu dəfə də Çin idi və qədim zamanlardan fərqli olaraq kommunikasiya, sürətli nəqliyyat-logistika dövrü qoymazdı ki, bu xəstəlik elə yaxın əyalətlərlə məhdudlaşıb qalsın; dünyanıca bürüdü, epidemiya sürətlə pandemiyaya çevrildi.   

 

Niyə?

 

Çünki virusun mənşəyi bəlli deyildi. Peyvəndi də yox idi, düzgün, təsirli müalicə protokolu da. Dükanlarda zəncəfil qalmadı, halbuki çarəsi zəncəfildə deyildi. Dünya peyvənd axtarışı üçün çevik şəkildə hərəkətə keçdi. Bir ilə tam hazırlandı. Bu bir ildə biz kütləvi mübarizə apardıq; ölən öldü, qalan qaldı;  peyvəndə səbəb də pandemiyanı başa vurduq.

 

Viruslar yaş kateqoriyasına görə təsnifatlaşır: korona əsasən yaşlıları tutur, qızılca uşaqları. Amma fərq odur ki, qızılca müasir xəstəlik deyil. Bəşəriyyət qızılcanın peyvəndi kəşf olunana qədər də sözsüz, özünü kütləvi immunitet qazanmaq kimi bir məcburiyyətin ixtiyarına verib. Sonra peyvənd tapılıb və çox uzun zamandır ki, bu xəstəliyin epidemiya səviyyəsində qalmamasına görə dünya məhz QPM (qızılca-parotit-məxmərək) peyvəndinə borcludur.

 

2019-cu ilə qədər bütün dünyada qızılcaya yoluxma ilə bağlı epidemioloji vəziyyət əla idi. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında xəstəliyin ötən illərlə müqayisədə dörd qat artması isə həyəcan təbilinin çalınması demək idi.

 

Nə idi bəs, səbəb? 

 

Dezinformasiya! Şayiələr! Qəlp pul kimidir: düzəldənlər fırıldaqçılar, yayanlar düz adamlar olur. Ağızdan-ağıza dolaşdı ki, korona peyvəndinin içində çip adlı müəmmalı nəsə var, dünya bizi bununla izləyəcək. Bu dedi-qodunun acı meyvəsi artıq dərilməyə başlanmışdı. Böyüklər arasında peyvənd xofu iliklərə qədər işlədi. Gənc analar da uşaq peyvəndlərinin içində çip axtarışına çıxdılar. İnternet üzərindən yayılan bu şayiə selinə elə qarışdılar ki, peyvənd qrafikasına məsuliyyətlə yanaşan poliklinikaların işi alt-üst oldu. Hesabatlar hazırlandımı? Hazırlandı. Səhiyyə Nazirliyi bütün uşaqlar arasında ənənəvi peyvəndlərlə bağlı kampaniyanın tam yerinə yetirilmədiyini ictimaiyyətə açıqladı. Bu, artıq o vaxtdan siqnal idi.

                                                                     ...

Hər il Azərbaycana Ümumdünya Səhiyyə Təşkilatının lisenziyası əsasında Avropa, eləcə də Şərq ölkələrindən vaksinlər daxil olur. Siyahıda 10-dan artıq xəstəlik var və əgər yeni doğulmuş uşaq peyvənd təqvimindən kənarda qalarsa, müxtəlif xəstəliklərdən əziyyət çəkər, hətta ölümə doğru da gedə bilər.      

 

İnsandan-insana keçməklə yayılan qızılca peyvəndi üçün bineyi-qədimdən konkret protokol var: 1 yaşda və 6 yaşda  QPM peyvəndini almaq mütləqdir. İstərsən özəl xəstəxanada al, istərsən dövlət poliklinikasında- vaksin ölkəyə bir qapıdan girir.

 

Tibb bacılarının vəzifəsi evimizə zəng vurub peyvəndimizin vaxtını yadımıza salmaqla bitir. Amma poliklinikaların rəhbərliyi anaları peyvənd otaqlarına cəlb edə bilmirsə, peyvəndə dəbi keçmiş moda kimi baxan, peyvənd olunub-olunmamağı dünyanı idrak etməyən uşağın müstəqil seçiminə buraxan, bunu hələ bir uşaq hüquqları sənədinə salmaq davası aparan valideynlərə başa sala bilmirsə, günah tibbi qurumlardan getdi-deməkdir. Onsuz da zərərini uşaq və onu böyüdən valideynlər görəcək: ya əllərinə dəsmal alıb ağlayacaq, ya da həkimlərin qəbuluna  düşüb xilas yolu istəyəcək. Poliklinikaların işi isə hesabatı hazırlayıb yuxarılara təhvil verməkdir, analarla əlbəyaxa olmaq yox! Bunun cəza və cərimə mexanizmi yoxdur ki, işə hüquq-mühafizə orqanlarını da qarışdırasan.

 

Beləcə, hazırkı yoluxma vəziyyətini peyvənddən yayınanlar yaradıb. Epidemioloji təhlükə peyvənd protokolundan keçənlər üçün qorxulu deyil. Keçməyənlərin immuniteti zəif olduğundan  ya ölür, ya da başqa fəallaşan xəstəliklər qazanır: miningit, sətəlcəm, vərəm kimi! Hələ deyirlər, korluq da yaradır. Tibbi protokolları yoxa sayan valideynlər, uşaqlarınızın qatili siz özünüz deyilsinizmi?!.      

 

İndi oturub ciddi-ciddi düşünmək lazım: necə yalanlarla bəsirətinizi bağladılar, qəflətə saldılar. Çip deyilən şey insanların ağlını qarışdırmaqdan başqa bir şey deyildi; yalan istehsalçılarının kirli məlumatlardan qazanacaqları karlı bir mənfəətləri var idi. Dünyanın açıq-gizli agentura şəbəkəsi kimi istəyir, onu da izləyir. Əl boyda uşağınız dünya üçün nə təhlükə daşıya bilər ki, onu izləsinlər! Yaxud, peyvəndlə sənin uşağında niyə xəstəlik yaratsınlar ki? Onsuz da qlobal iqlim dəyişikliyi dünyaya özü ilə yeni-yeni xəstəliklər gətirir. Yox, peyvənd ağrılı keçir? Dədə-babadan heç birimiz bunu rahat adlamamışıq, amma ölməmişik də...                                                    

 

Sosial şəbəkələrin qara piarını düzgün piar təmizləməlidir. Yoxsa, biz Uğur Şahin və Özlem Turecinin tibbə verdiyi möhtəşəm töhfədən bəhrələnə, sürətlə yayılan xərçəng bəlasına qarşı yaxın illər üçün proqnozlaşdırılan peyvəndlənmə kampaniyasından da üzüağ çıxa bilmərik.  

 

Vəfa ALLAHVERDİYEVA  

 



04.12.2023 | 12:55