DTX-nin Akademiyasının 25 illik yubileyi ilə bağlı tədbir keçirilib | |
Dekabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının yaradılmasının 25 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbərləri, DTX-nin rəhbər heyəti, həmçinin əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri iştirak ediblər.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Sonra akademiyanın 25 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev akademiyanın professor-müəllim heyəti və kursantlarına təbriklərini çatdırıb, Heydər Əliyevin müvafiq sərəncamı ilə xüsusi xidmət orqanları üçün ali təhsilli kadrların hazırlanması məqsədilə təhlükəsizlik orqanının akademiyasının yaradılmasının, eləcə də 25 illik yubileyinin məhz ümummilli liderin anadan olmasının 100-cü ildönümünə təsadüf etməsinin mühüm hadisə olduğunu vurğulayıb.
Əli Nağıyev həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ötən müddət ərzində akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsilin müasir tələblərə uyğun şəkildə təşkili, çağdaş texnoloji yenilikləri uğurla tətbiq etməklə tədris prosesinin səviyyəsinin yüksəldilməsi yönündə görülən işlərdən danışıb.
Daha sonra digər qonaqlar da çıxış edərək Azərbaycanda təhsil-tədris sahəsində aparılan islahatlardan, akademiyanın bu strateji sektorun inkişafına verdiyi töhfələrdən bəhs edib, professor-müəllim heyətinə, kursantlara çətin və şərəfli yolda uğurlar arzulayıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlara mədəniyyət və incəsənət xadimlərinin ifasında bədii proqram təqdim olunub.
Qeyd edək ki, akademiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər elmi-praktiki konfransla davam edəcək.
|
|
01.12.2023 | 19:10 | |
|
|
|