İdeyadan gerçəyə | |
2022-ci ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən start verilən “Məktəbli startapçılar” adlı layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunur. “Məktəbli startapçılar” layihəsinin məqsədi yaradıcı və yenilikləri ilə fərqlənən, sadəcə məktəbdə öyrəndikləri ilə kifayətlənməyib daha çox məlumat əldə etməyə çalışaraq fərqli işlər ərsəyə gətirən Bakı məktəblərinin istedadlı gənc startapçılarını ictimaiyyətə tanıtmaqdan ibarət olub. “Azərbaycan müəllimi” qəzeti olaraq Bakı məktəblərinin istedadlı startapçılarını və onların layihələrini ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə növbəti reportajımızı paytaxtın Binəqədi rayonunda yerləşən Namiq Babayev adına 144 nömrəli tam orta məktəbdən hazırladıq.
“Böyük ruh yüksəkliyi ilə festivala hazırlaşırıq”
Müsahibimiz N.Babayev adına 144 nömrəli tam orta məktəbin informatika müəllimi, STEAM layihəsinin rəhbəri Lütviyyə Yolçuyeva 2022-2023-cü tədris ilindən “Məktəbli startapçılar” layihəsinə qoşulduqlarını bildirdi: “Mən 144 nömrəli tam orta məktəbdə rəqəmsal bacarıqlar və STEAM fənlərini tədris edirəm. Müəllimliyə başladığım ilk vaxtlardan bu günə qədər bir sıra layihələrdə yer almışam. 2022-2023-cü tədris ilində “Biliyini paylaş” layihəsinin tətbiqində mentor kimi fəaliyyət göstərərək komandamla birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yüksək qiymətləndirilmişik. Hazırda 4-8 dekabr tarixlərində keçiriləcək SAF 2023 Beynəlxalq STEAM Azərbaycan Festivalında məktəbimizi FLL (First Lego League) kateqoriyası üzrə təmsil edəcək “Lego Desert” komandasının mentoruyam. Komanda üzvləri olan şagirdlərimizlə böyük ruh yüksəkliyi ilə festivala hazırlaşırıq.
“Ən böyük arzum xarici universitetlərin birində “Kiber təhlükəsizlik” ixtisası üzrə təhsil almaqdır”
Məktəbin 8-ci sinif şagirdi Burhan Orucov: “Layihəmin adı “Masterpiece” (şedevr, şah əsəri), mövzusu isə çirkli suların təmizlənməsi ilə bağlıdır. Bu layihə üçün hazırladığımız robot suyun altında yığılan plastikləri toplayır. Biz isə əldə olunan plastiklərdən normal şəraitdə təbiətdə yaşamağı mümkün olmayan xəstə balıqlar üçün hidrohospital hazırlayırıq və bu hidrohospitallar bizim “masterpiece”-miz, yəni şah əsərimiz olur. Mən artıq 2 ildir ki, “STEAM Azərbaycan”-ın təşkil etdiyi yarışlarda iştirak edirəm. Keçən il keçirilən FLL robot texnologiyaları turnirində komandamla birlikdə III yeri tutduq. Bundan əlavə, “Düşünən şagird” hekayə müsabiqəsində iştirak edib II yerə layiq görülmüşəm. Mənim ən böyük gələcək planım xarici universitetlərin birində “Kiber təhlükəsizlik” ixtisası üzrə təhsil alıb bir mütəxəssis kimi vətənimə xidmət etməkdir”.
“İnanırıq ki, müsabiqədə yüksək yer tutacağıq”
7-ci sinif şagirdi Dəniz Aslanlı: “Layihəmiz haqqında onu deyə bilərəm ki, dəniz və okeanlara atılan tullantılar orada yaşayan canlıların həyatına ziyan vurur. Biz komandamızla canlılara zərər verən, həyatına son qoyan zərərli tullantılarla onlara həyat veririk. Bəs bu, necə ola bilər? Biz komanda yoldaşlarımız ilə plastik və şüşə qablardan balıqlara akvarium düzəltdik və hətta filtri belə plastik və şüşə qabdan hazırladıq. Mən bu zamana qədər çox sayda müsabiqələrə qatılmışam. Lütfi Zadə adına məntiq olimpiadasında, riyaziyyat və Azərbaycan dili olimpiadalarında, fizika və biologiya gecələrində, EDUGrata imtahanlarında, basketbol yarışlarında, rəsm və digər müxtəlif müsabiqələrdə uğurla iştirak etmişəm. Bu il biz komanda yoldaşlarımızla FLL (First Lego League) kateqoriyasının seçim turunda iştirak etdik və inanırıq ki, müsabiqədə də yüksək yer tutacağıq. Gələcək planlarım odur ki, mən dünyada tanınmış basketbolçulardan biri olmaq istəyirəm və heç vaxt bu fikrimdən daşınmayacağam. Eyni zamanda rəsm çəkməyə böyük marağım olduğu üçün bu sahə ilə bağlı bacarıqlarımı inkişaf etdirmək arzusundayam”.
“Layihəmizi qəhrəman Azərbaycan əsgərlərinə həsr etmişik”
9-cu sinif şagirdi Murad Balacayev: “Məktəbimizdə yaratdığımız komandanın adı “MYSTERİUS TEAM” adlanır və mən bu komandanın kapitanıyam. Ötən illər təşkil olunan yarışlarda iştirak edərək 3-cü yerə layiq görülmüşəm. Bizim komanda üzvlərinin hobbisi atıcılıqdır. Layihəmiz leqodan silahlar düzəltməkdən ibarətdir və bizim komandanın geyimi vətənpərvərlik ruhunda seçilən əsgər paltarıdır. Layihəmizi Vətənin keşiyində məğrur dayanan, torpaqlarımızı işğaldan azad edən qəhrəman Azərbaycan əsgərlərinə həsr etmişik. Gələcək arzum ali təhsil alaraq peşəkar mütəxəssis olmaq, dövlətimiz üçün faydalı layihələr həyata keçirməkdir”.
“Mənim gələcək planım daha yaxşı kod yazıb və daha yaxşı işləyib 1-ci yerə layiq görülməkdir”
8-ci sinif şagirdi İsa Rzayev: Dostlarımla hazırladığımız layihə vətənpərvərlik mövzusundadır. Geyimlərimiz isə əsgər formasıdır. Eyni zamanda bu layihədə Türkiyə və Azərbaycan dostluğu nümayiş olunur. Bizim hobbilərimizdən biri atıcılıq olduğu üçün leqolardan silahlar düzəldərək nümayiş etdiririk. Mənim gələcək planım daha yaxşı kod yazıb və daha yaxşı işləyib 1-ci yerə layiq görülməkdir. Məktəbi bitirdikdən sonra Polis Akademiyasında təhsilimi davam etdirmək istəyirəm. Çox sevdiyim məşğuliyyətlərdən biri də idmandır, Çin döyüş növlərini öyrənirəm və bu sahədə də uğurlarım var.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
01.12.2023 | 10:02 | |
|
|
|