Qarabağ Universiteti yaradılır

Azərbaycan müasir tarixinin ən möhtəşəm günlərini yaşayır. Prezident, Ali Baş Komandan  İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində düşmən əsarətindən azadlığına qovuşan Qarabağımızda yeni həyat başlayıb. Görülən işlər və nəzərdə tutulan, əzmlə, inamla həyata keçirilən layihələr öz miqyası və əhəmiyyətinə görə həyatımıza xoş anlar qatır, qalib ölkənin layiq vətəndaşları kimi hər birimizdə gələcəklə bağlı böyük ümidlər doğurur.

 

Elə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması da çağdaş dövrümüzdə ən əlamətdar  tarixi hadisə kimi qiymətləndirilə bilər. Sərəncamın 2023-cü il 28 noyabr tarixində imzalanması özündə dərin məntiqi, rəmzi məna ehtiva edir. Tarixi paralellik bu dəfə də dövlət siyasətinin möhkəm təməllər üzərində qurulduğuna və inkişaf etməsinə əyani nümunədir. Məhz  50 il bundan əvvəl, 1973-cü il noyabrın 28-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xankəndi şəhərində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı yaradılıb. Xankəndi şəhərində müstəqil ali təhsil müəssisəsinin yaradılmasında məqsəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində yaşayan vətəndaşlarımızın ali təhsil alması, ümumtəhsil məktəblərimizin müəllimlərlə təmin edilməsi idi. Bu qərar rayonlarımızda ziyalı potensialının gücləndirilməsinə, əhalinin maarifləndirilməsinə və erməni separatizminin qarşısının alınmasına xidmət edirdi.

 

Xankəndidə Qarabağ Universitetinin yaradılması “Heydər Əliyev İli”nə mühüm töhfədir və bu qərar əsası Ulu Öndər tərəfindən qoyulmuş təhsil konsepsiyasının müasir reallıqlar şəraitində inamla davam etdirilməsidir.

 

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

 

Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.

 

Sərəncamda qeyd olunur ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, lakin ərazilərimizin işğalı dövründə  fəaliyyətini dayandırıb.

 

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. Sərəncamla regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

 

Əslən Qarabağdan olan və ölkəmizin, eləcə də dünyanın ən nüfuzlu universitetlərində çalışan, təhsil alan vətəndaşlarımız bu sərəncamı böyük ruh yüksəkliyi və sevinclə qarşılayıblar. “Azərbaycan müəllimi”nə öz təəssüratlarını bölüşüblər.

 

“Qarabağ Universitetinin riyaziyyat fakültəsinin yaradılmasına öz töhfəmi verməyə hazıram”

 

 

ABŞ-ın Minnessota Universitetinin riyaziyyat professoru Anar Əhmədov bu qərarın imzalanmasını yüksək qiymətləndirir və gələcəkdə Qarabağ Universitetinin fəaliyyətinə öz töhfələrini verməyə hazır olduğunu bildirir: “Bu, çox gözəl bir xəbərdir. Ümid edirəm ki, tezliklə cənab Prezidentin bu sərəncamı uğurla həyata keçiriləcək. Mən də Qarabağ Universitetinin riyaziyyat fakültəsinin yaradılmasına və tanınmasına bacardığım köməyi göstərməyə hər zaman hazıram. Bir daha qeyd edim ki, bu, mənim üçün çox sevindirici xəbər oldu və inşallah millətimizin adına, Azərbaycan elminin, təhsilinin inkişafı üçün çox uğurlu olar. Arzum budur ki, Qarabağ Universiteti ən öndə gedən ali təhsil ocaqlarından olsun.

 

 

“Qarabağ Universiteti dünyanın ən müasir ali təhsil müəssisəsi olacaq”

 

Xəqani Eynullazadə, ABŞ-ın Viskonsin Medisson Universitetinin doktorantı: “Əlbəttə, bu qərarın çox gözəl təşəbbüs olduğunu düşünürəm. Qarabağ Universiteti regionun ən güclü təhsil ocaqlarından birinə çevriləcək. Bunun isə ölkəmiz üçün çox böyük faydaları olacağını düşünürəm. Sonda əminik ki, qədim yurd yerimiz olan Xankəndidə Qarabağ Universitetinin yaradılması bir tərəfdən tarixi ədalətin bərpası, digər tərəfdən həmin bölgədən olan gənclərin bu universitetdə təhsil alaraq yüksəkixtisaslı kadrlara çevrilməsini stimullaşdıracaq. Qarabağ Universiteti dünyanın ən müasir  ali təhsil müəssisəsi olacaq və Azərbaycanın inkişafına böyük töhfələr verəcək”.

 

 

Oruc MUSTAFAYEV

 

 



01.12.2023 | 09:14