İtaliya Senatının sədrinə ADU-nun fəxri doktoru diploma təqdim olunub

XVIII Dünyada İtalyan dili həftəsi çərçivəsində Bakıda olan İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellatiyə Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən bu ali məktəbin  fəxri doktoru adı verilib. Senatın sədri bu ada Azərbaycan və İtaliya arasında ictimai-siyasi, humanitar, elm və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.

 

Oktyabrın 19-da ADU-nun rektoru Kamal Abdulla Maria Elisabetta Alberti Kasellati ilə görüşüb. Qarşılıqlı əlaqələrin müzakirə olunduğu görüşdən sonra qonağa ali məktəbin fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirilib.

 

Universitetin rektoru, akademik Kamal Abdulla ali məktəbdə digər xarici dillərlə yanaşı, italyan dilinin də tədris olunduğunu deyib. Diqqətə çatdırıb ki, hazırda bu təhsil ocağında italyan dili kafedrası və mərkəzi fəaliyyət göstərir. “Bu gün  bizim müəllimlərimiz öz italiyalı həmkarları,  müxtəlif universitetlərlə sıx qarşılıqlı əlaqə saxlayır və bu əlaqələr həm Azərbaycan, həm də İtaliya alimlərini daha da yaxınlaşdırır”.

 

K.Abdulla Maria Elisabetta Alberti Kasellatinin ölkəmizə gəlməsinin münasibətlərin möhkəmlənməsinə və daha perspektivli olmasına zəmin yaratdığını bildirib. Rektor K.Abdulla qonağı ADU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə təbrik edib, ona cansağlığı və siyasi fəaliyyətində uğurlar arzulayıb.

 

İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycanda olmaqdan məmnunluq duyduğunu söyləyib. O, ADU-nun fəxri doktoru adına layiq gərülməsinin onun üçün  böyük şərəf olduğunu dilə gətirib. Sədr ölkələrarası əlaqələrin möhkəmlənməsinə daim dəstək olacağını bildirib: “Əmin ola bilərsiniz ki, mən öz tərəfimdən humanitar, mədəni, ictimai, iqtisadi və digər sahələrdə İtaliya və Azərbaycan arasındakı əlaqələrin inkişafına dəstək göstərəcəyəm. Çünki bu münasibətlər iki ölkə arasında olan səmimi dostluğun bariz nümunəsidir”. Dünyada keçirilən XVIII İtalyan dili həftəsi haqqında məlumat verən Maria Elisabetta Alberti Kasellati müxtəlif ölkələrin dillərini öyrənilməsi və mənimsənilməsinin ölkələrarası, həmçinin millətlərarası əlaqələrin inkişafında vacib amil olduğunu söyləyib

 

Sonra fəxri doktor diplomu və mantiya təqdim olunub.                                                

 

Sonda qonaq ADU-nun xatirə dəftərinə ürək sözlərini yazıb.

 

Təqdimetmə mərasimindən sonra ADU-da “İtalyan dili və şəbəkə, italyan dilinin şəbəkələri” mövzusunda seminar keçirilib.

 



19.10.2018 | 18:57