Startap ekosisteminin ən irihəcmli memorandumu imzalanıb | |
Noyabrın 30-da “InMerge Innovation Summit”in açılış tədbiri keçirilib.
30 noyabr – 1 dekabr tarixlərini əhatə edəcək sammitə dövlət qurumlarının rəhbər şəxsləri, yerli və beynəlxalq investorlar, özəl şirkət nümayəndələri, dünyaca nüfuzlu şirkətlərin idarəedici üzvləri, çoxsaylı spiker, startap komandaları və digər iştirakçılar qatılıblar.
Sammitin ilk günü ölkədə sahibkarlıq, startap ekosistemi və innovasiya istiqamətləri üçün əlamətdar hadisə baş verib. Belə ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımovun iştirakı ilə qurumlar, eləcə də şirkətlərin müvafiq alttəmsilçi qurumları startap ekosisteminin inkişafına dəstək olacaq memorandum imzalayıblar.
Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin altqurumları qismində müvafiq olaraq Təhsilin İnkişafı Fondu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi çıxış ediblər. Memorandumun məqsədi Azərbaycanda sahibkarlıq ruhunun inkişafı, insan kapitalı potensialının artırılması, ekosistemin formalaşdırılmasına dəstək infrastrukturunun gücləndirilməsi və maliyyələşmə istiqamətlərinin inkişafıdır. Eləcə də startap aləmində regionun əsas oyunçusuna çevrilmək məqsədlər sırasındadır.
SABAH.HUB İnnovasiya Mərkəzi də yuxarıda sadalanan istiqamətlərin həyata keçirilməsində birbaşa icraedici funksionallığı daşıyacaq təmsilçi qismində yer alıb.
Nəzərinizə çatdırırıq ki, SABAH.HUB İnnovasiya Mərkəzi 2 ildən artıq müddətdə 50-dən artıq startapın inkişafına, 100-lərlə ideyanın startapa çevrilməsinə və 1000-lərlə şəxsin startap dünyası haqqında maariflənməsinə dəstək olub. Mərkəzin fəaliyyəti dövründə birbaşa dəstək göstərdiyi startaplar xarici fondlardan ümumilikdə 4,7 milyon AZN investisiya cəlb edib. SABAH.HUB İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq, mütəmadi yeniliklərdən kənar qalmamaq üçün rəsmi sosial media kanallarını (facebook.com/sabah.hub.ic və instagram.com/sabah.hub), həmçinin veb-saytı (www.sabahhub.com) izləyə bilərsiniz.
|
|
30.11.2023 | 15:26 | |
|
|
|