Elm və təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Noyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın hazırkı tərkibdə fəaliyyətinin başa çatması ilə əlaqədar şura üzvləri ilə görüşüb.  

 

Nazirlik tərəfindən aparılan genişmiqyaslı islahatlar prosesində ictimai iştirakçılığın təmin olunmasına xüsusi önəm verildiyini qeyd edən Emin Əmrullayev bu məqsədlə İctimai Şura ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.   

 

Nazir İctimai Şuranın ikiillik fəaliyyəti dövründə səmərəli və məqsədyönlü işlər apardığını qeyd edib, burada təmsil olunan vətəndaş cəmiyyətləri nümayəndələrinin işini müsbət dəyərləndirib.  

 

İctimai Şuranın sədri Günel Səfərova öz növbəsində hər fəaliyyət sahəsi üzrə şuranın gördüyü işlər barədə məlumat verib. Həmçinin ictimai nəzarətin təmin olunması, qanunvericilik layihələri ilə tanışlıq, monitorinqlərin aparılması, ictimai dinləmələrin keçirilməsi və iştirakçılığın müsbət nəticələrini qeyd edib.

 

Görüşdə elm və təhsil naziri Emin Əmrullayevə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyi ilə əlaqədar döş nişanı təqdim edilib. 

 

Sonda elm və təhsil naziri şura üzvlərinə uğurlu fəaliyyət və göstərilən dəstək üçün təşəkkürünü ifadə edib.

 

 



30.11.2023 | 10:29