NDU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə (NDU) Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İkitərəfli görüşdə NDU-nun rektoru Elbrus İsayev bildirib ki, konservatoriya 11 dekabr 1998-ci ildə universitetin Elmi Şurasının qərarı ilə yaranıb. Vurğulanıb ki, fakültədə fəaliyyət göstərən tələbə və müəllimlərdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblı, eyni zamanda müxtəlif tərkibli ansambllar, “Mahur” rəqs qrupu, xor, Şən və Hazırcavablar klubu, Tələbə Teatr Studiyası tələbələrin bacarıq və istedadlarını üzə çıxarmağa geniş imkanlar yaradır. E.İsayev diqqətə çatdırıb ki, burada dərs deyən müəllimlərin və tələbələrin təcrübi bazasını möhkəmləndimək məqsədilə paytaxtdan, eyni zamanda xarici ölkə universitetlərindən müəllimlər, peşəkar musiqiçilər dəvət olunur.

 

Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi qeyd edib ki,  Konservatoriyanın professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə peşəkar musiqiçilər, dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində ən öndə olan görkəmli  şəxsiyyətlərdən ibarətdir.

 

Sonra hər iki tərəf arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Əməkdaşlıq protokolunda hər iki tərəf arasında musiqi sənəti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, tədris-metodiki vəsaitlərin hazırlanması, müxtəlif aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib hazırlanması, birgə konfrans, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

 



29.11.2023 | 18:15