“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi – II mərhələ” | |
Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Lənkəran-Astara Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə birgə həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi – II mərhələ” adlı pilot layihə çərçivəsində görüş keçirilib.
Görüşün əsas məqsədi layihə haqqında məlumatın təqdim olunması, görülmüş işlərin müzakirəsi, müvafiq qurumlar və məktəblər arasında təcrübə mübadiləsinin aparılması, uşaq müdafiəsi və təhlükəsizliyində əsas rolu olan tərəflərlə əlaqələrin gücləndirilməsi olub.
Tədbirdə ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev açılış nitqi ilə çıxış edib. O, ARTİ tərəfindən icra olunan “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” pilot layihəsi çərçivəsində görülən işlərdən bəhs edib.
Sonra görüşdə iştirak edənlərin çıxışları olub, sual-cavab sessiyası keçirilib. ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin müdiri səlahiyyətlərini icra edən Həbibə Nəzirova layihə haqqında ümumi məlumat verib.
BMT-nin Uşaq Fondunun “Uşaq müdafiəsi proqramı”nın rəhbəri Vüqar Salmanov isə Uşaq Müdafiəsi və Təhlükəsizliyi (UMT) mexanizmi və onun işləmə prinsiplərindən bəhs edib.
Bakı şəhər Baş Polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin təşkili şöbəsinin baş inspektoru Kəmalə Ələkbərova yetkinlik yaşına çatmayanların hüquq pozuntusu törətməsinə təsir edən sosial-psixoloji amillərdən danışıb, baş verə biləcək hadisələrinin qarşısının alınması üçün vaxtında aidiyyəti qurumlara məlumat verilməsinin vacibliyini qeyd edib.
Tədbirdə həmçinin, layihənin əhatə dairəsinə daxil olan məktəblərin nümayəndələri Bakı şəhəri 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıqova və Bakı şəhəri 258 saylı tam orta məktəbin psixoloqu Şəhla İbrahimova çıxış ediblər. Onlar görüş iştirakçılarına UMT komandalarının işi, layihə çərçivəsində məktəbdə keçirilən iclas və görüşlər, şagirdlərin iştirakı ilə təşkil olunan silsilə tədbirlər, oyunlar şəklində həyata keçirilən korreksiya işləri , eləcə də əldə olunan nəticələr haqqında məlumat veriblər.
Tədbirin sonunda qonaqlarla birgə mövzu ətrafında müzakirələr aparılıb.
|
|
28.11.2023 | 15:26 | |
|
|
|