NDU tələbələri üçün ustad dərsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Mahirə Hüseynova Naxçıvan Dövlət Universiteti (NDU) tarix-filologiya fakültəsinin tələbələri üçün ustad dərsi keçib. Fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov qeyd edib ki, professor M.Hüseynova fundamental araşdırmaları, tədqiqatları, saysız-hesabsız elmi-publisistik məqalələri ilə Azərbaycan elminin və ictimai fikrinin daha da zənginləşməsinə xidmət edir.

 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova bildirib ki, 1989-cu ildə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi üçün yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti ölkə Prezidenti  İlham Əliyevin təşəbbüsü ilə ötən ilin 24 dekabrında Qərbi Azərbaycan İcmasına çevrildi və Prezident İcmanın üzvləri ilə görüşdə dəqiq tarixi faktlara əsaslanaraq, tarixi Qarabağ zəfərindən sonra diqqəti Qərbi Azərbaycan həqiqətlərinə yönəltdi. Natiq vurğulayıb ki, bu gün biz ziyalıların üzərinə düşən vəzifə müzəffər Ali Baş Komandanın göstərdiyi yolda irəliləmək, əməli fəaliyyət göstərmək, elmi tədqiqatları genişləndirməkdir.

 

“Bu gün Qərbi Azərbaycan həqiqətlərindən danışarkən, unudulmaz alim və görkəmli ictimai-siyasi xadim Həsən Mirzəyevin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Diqqətə çatdırılıb ki, Qərbi Azərbaycanın elmi baxımdan ilk araşdırıcılarından biri  olan professor H.Mirzəyev buradakı bütün tanınmış şəcərələri, ərazinin dialekt və şivələrini, toponimlərini dəqiqliyi ilə araşdırıb”-deyən M.Hüseynova elmi  yaradıcılığından da danışıb, tələbələrin suallarını cavablandırıb.

 

 



28.11.2023 | 11:04