Nazir Naxçıvanda məktəb açılışında iştirak edib

Noyabrın 24-də Ordubad rayonunun Azadkənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.

 

Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında ölkə Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

 

Məlumat verilib ki, 2000-ci ildə tikilən 288 yerlik məktəb binası bu il əsaslı təmir edilib. Üçmərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, STEAM, kompüter və müəllimlər otaqları, hərbi kabinet, kitabxana, bufet və idman zalı yerləşir. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib. Məktəbin həyətində açıq idman qurğuları və qazanxana tikilib, yaşıllıq sahəsi yaradılıb. 

 

Hazırda Azadkənd məktəbində 155 şagird təhsilini davam etdirir. Onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur. 

 

Məktəbin müəllimləri ilə görüş zamanı Fuad Nəcəfli Naxçıvanda tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə yeni layihələrin icra olunacağını bildirib. 

 

Elm və təhsil naziri Emin Əmrullayev kollektivi təbrik edərək Naxçıvanda yüksək keyfiyyətli təhsil ənənələrinin olduğunu bildirib. Qeyd edib ki, bu cür müasir məktəb binalarının istifadəyə verilməsi həmin ənənələrin innovativ yeniliklər əsasında daha da təkmilləşdirilməsinə imkan verəcək. 

 

Sonda məktəbin kollektivi ilə xatirə fotosu çəkdirilib.

 

Həmin gün Ordubad şəhərində internat, texniki peşə və sürücülük məktəbləri də ziyarət edilib. 

 

Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev tədris ocaqlarının mövcud vəziyyəti ilə maraqlanıb, həmin müəssisələrin keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

 

 



25.11.2023 | 13:56