Akademik mükəmməlliyə doğru

Müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi ölkəmizdə ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır.  Ölkəmizin gələcək inkişaf  prioritetlərini özündə əks etdirən  bu proqram çərçivəsində artıq bir qrup azərbaycanlı gənc magistratura təhsilini müvafiq xarici ali təhsil müəssisələrində davam etdirmək hüququ qazanıb. Onlardan biri də 2023-2024-cü tədris ilində Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın London Universitet Kollecində (University College London) magistratura təhsili alan Aslan Hüseynlidir.

 

Daha yaxından tanış olaq:  2019-cu ildə Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyi əla qiymətlərlə bitirib. 2019-2023-cü illərdə Fransa-Azərbaycan Universitetində (UFAZ) “Neft və qaz mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alıb və ali məktəbi qırmızı diplomla bitirib. BP Mühəndislik Tədris Düşərgəsində iştirak etmək üçün seçilmiş tələbələrdən biri olub. UFAZ-dakı akademik nailiyyətlərinə əsasən, Strasburq şəhərindəki “Yay məktəbi” proqramında iştirak edib. XI sinifdə məktəb riyaziyyat olimpiadasının qalibi, X  sinifdə riyaziyyat üzrə “Breyn rinq” yarışmasının qaliblərindən biri olub. Akademik göstəricilərinə əsasən, orta məktəbin 9-cu sinfində “Ölkəmizi tanıyaq” layihəsində  qalib gəlib.

 

- “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” sizin üçün nə kimi imkanlar açdı, proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Əvvəla, tələbələrimizə akademik mükəmməlliyə can atmağa və öz təhsil sahələrində mütəxəssis olmağa imkan verdiyi üçün Dövlət Proqramının  xüsusi əhəmiyyət daşıdığını qeyd edir və bu dəstəyə görə ölkə rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə  təşəkkür etmək istərdim. Düşünürəm ki, bizim tələbələr dünyada Azərbaycanı layiqincə təmsil etməlidirlər. Xaricdə təhsil alan hər tələbə bu məsuliyyəti daşımalıdır.

 

- Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz. Doktorant  olaraq hansı mövzu üzərində işləyəcəksiniz? Tədqiqat mövzunuz dünyada nə dərəcədə prioritetdir?

- Hazırda London Universitet Kollecində (UCL)  ağıllı enerji və tikilmiş ətraf mühit sahəsində (Smart Energy and the Built Environment)  magistratura təhsili alıram. Bu ixtisas daha təhlükəsiz ətraf mühiti təmin etmək üçün binalarda davamlı enerji təcrübələrinin tətbiqinin kritik aspektlərini araşdırır. Mən qəti şəkildə inanıram ki, bu proqram qlobal əhəmiyyət daşıyır,  çünki o, iqlim dəyişikliyinin həllində, həyat keyfiyyətinin yaxşılaşdırılmasında, enerji təhlükəsizliyinin təmin edilməsində və iqtisadi artımın stimullaşdırılmasında böyük rol oynayır.

 

-Tədqiqatlarınız Azərbaycan elminə nə kimi töhfələr verə bilər?

- İndiyə qədər öz ixtisasım üzrə bu sahədə  tədqiqat aparmalı olmamışam. Perspektivdə isə bu tədqiqatları apardıqda, düşünürəm ki,  Azərbaycan enerji sahəsində daha da irəli gedəcək ölkə olacaq.

 

- Təhsil aldığınız universitetdə hazırkı tədris prosesi, tədris mühiti barədə nə deyə bilərsiniz?

-  London Universitet Kollecində tədris prosesinə mühazirələr, dərsliklər və qrup seminarları daxildir. Tədris təcrübəsi ilə bağlı xoşuma gələn cəhət ondan ibarətdir ki, UCL müxtəlif  milli,  mədəni və dini mənşəli insanlar arasında əməkdaşlığı təşviq edir və bu, günümüzün qlobal problemlərinə innovativ həllərin hazırlanmasına kömək edə bilər.

 

- Bir gənc olaraq Qarabağda “yaşıl enerji” layihələrinə nə kimi təklifləriniz olardı?

-  Ümid edirəm ki, UCL-də qazandığım bilik və təcrübə Qarabağın yenidən qurulması layihələrində mənə kömək edəcək.

 

Fikrimcə, Azərbaycanın elm, təhsili və tədqiqatlarına investisiya yatırmaq, təcrübəli tədqiqatçılardan mentorluq proqramları yaratmaq və dəstəkləyici ekosistem yaratmaq öhdəliyi tələbələri elmə cəlb edə bilər.

 

- Gələcək hədəfləriniz barədə nə deyərdiniz?

- Düşünürəm ki, Azərbaycanda ekologiya təmizlənməsi üçün biz gələcəkdə yaşıl enerjidən daha çox faydalanmalıyıq. Hədəfim bu sahədə mütəxəssis olmaqdır.

 

Oruc MUSTAFAYEV

 



24.11.2023 | 11:30