Dünya çempionu tələbə qız

Fatimə Rəfad qızı Cəbrayılova 17 aprel 2005-ci ildə İsmayıllı rayonunda anadan olub. 2022-ci ildə Bakı şəhəri 252 nömrəli məktəb-liseyi əla qiymətlərlə bitirib. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsil” ixtisasına qəbul olunub. Hazırda II tədris ilinin tələbəsidir.

 

Karate üzrə dünya çempionudur. 2023-cü ildə Respublika çempionatında ardıcıl olaraq dördüncü dəfə qələbə qazanaraq Özbəkistanın Daşkənd şəhərində keçirilən Gənclər arasında şotokan karate üzrə XIII Dünya çempionatına vəsiqə əldə edib. Bu çətin yarışda müxtəlif kateqoriyada bir qızıl və bir gümüş medal qazanır -gənclər arasında şotokan karate üzrə dünya çempionu və dünya finalçısı olur.

 

Dünya reytinqində öz çəkisində 370 beynəlxalq nəticəli idmançı arasında 27-ci yerdədir.

 

- Xoş gördük! Necə oldu ki, karate ilə məşğul olmağa başladın?

- Balaca olan vaxtlarda hiperaktiv uşaq idim, gecə yaşıdlarımdan gec yatırdım, bacım və qardaşım məndən böyük olduqları üçün işləyirdilər və mən onlara mane olurdum. Onda ailəm belə qərara gəldi ki, idmanla məşğul olum, enerjimi səmərəli istiqamətə yönəldim. Seçimi mənə buraxdılar, mən isə televiziyada gördüyüm MMA (qaydasız döyüş) növü ilə məşğul olmaq istədim. Maraqlandıqdan sonra məlum oldu ki, bu idman növü çox təhlükəlidir, ona görə də seçimimiz karate oldu. Həmin vaxt cəmi 5 yaşım var idi. İdmana ilk dəfə bacım aparıb məni, həyatda bir çox şeyə görə ona borcluyam, eləcə də uğurlarımı.

 

Məşqlərdə bir müddət özünü müdafiə öyrənib dayandıracaqdım, lakin məşqçimiz bacarığımı bəyəndi və məni imtahana çağırdı. İmtahandan keçdim, içimdə karateyə həvəs yarandı və daha sonra bu həvəs heç vaxt qırılmadı.

 

- İdmanla məktəbdəki dərslərini necə uyğunlaşdırırdın? Bu məsələdə sənə kimlərsə dəstək olurdumu?

- Bu barədə heç kim birbaşa dəstək olmurdu, özüm özümü motivasiya edirdim ki, alınacaq. Anam mənə güvənirdi, güvənini boşa çıxarmaq istəməzdim. Dərs və məşqlər birlikdə mənə çox ağır gəlirdi, yaşıma görə məsuliyyətim çox idi. Gün ərzində səhər məktəbə gedir, günortalar əlavə hazırlıqda, axşamlar isə iki məşqdə olurdum. Növbəti günün dərslərini hazırlamağı da axşama salırdım. Düzü, indi də ağır rejimdi, amma mənim üçün əsas olan nailiyyət qazanmaqdır.

 

- İlk yarışını, ilk qələbəni xatırlayırsanmı, hansı hissləri keçirmişdin?

- İlk qələbəmi “Caspian Open” turnirində qazanmışam, onda 6 yaşım var idi. İlk çıxışa görə kifayət qədər böyük yarış idi və turnirdə müxtəlif ölkələrin idmançıları iştirak edirdi. Çox həyəcanlı olsam da, inamla mübarizə aparıb nəticədə qalib olmuşdum və həmin an sevincdən ağladığımı xatırlayıram. Həmin gün qardaşım mənə “Sən hər şeyi bacararsan!” demişdi.

 

- Ardıcıl olaraq respublika çempionatlarının qalibi olmağın sirri nədədir?

- İntensiv məşqlər və məqsədyönlülük. Rəqiblərim nə qədər güclü olsa da, həmişə qazanacağıma inanıram. Sözsüz ki, nailiyyətlərimdə şəxsi məşqçim Seymur Xudaverdiyevin rolu daha böyükdür, heç vaxt dəstəyini əsirgəmir. Hər döyüşdən qabaq məşqçimin “tatamidəki qardaşın da olsa, rəqibindir” ifadəsini təkrarlayaraq tatamiyə çıxıram. 

 

Eyni zamanda respublika çempionatlarında qalib gəlmək beynəlxalq turnirlərə vəsiqədir. Bu da hədəfə çatmaq yolunda böyük bir stimuldur.

 

- Beynəlxalq arenada qazandığın uğurların haqqında danışa bilərsənmi?

- Vətənimizə müxtəlif ölkələrdən çoxlu medallarla gəlmişəm. Rusiya, Özbəkistan, Moldova, Ukrayna, Türkiyə, İran, Gürcüstan, Finlandiya, Şimali Kipr, Çexiya və s. ölkələrdə keçirilən yarışlarda, liqalarda və nəhayət, Avropa və dünya çempionatlarında iştirak etmişəm. Avropa çempionatları istisna olmaqla digər yarışlardan medalla dönmüşəm. İnanıram ki, yaxın zamanda qitə çempionatından da Vətənə uğurla dönəcəyəm.

 

- Dünya çempionu adına sahib olduğun sonuncu yarış haqqında nələr deyə bilərsən? Bu, yəqin ki, çoxdankı hədəf idi...

- Bu, 12 ildir xəyalını qurduğum arzu idi. Sonra məqsəd oldu, sonda isə nəticə. Qəribə hiss idi, uzaq-yaxın hamı təbrik edirdi, artıq adi bir idmançı yox, dünya çempionu idim. Medalı alan kimi ilk bacıma zəng elədim, sevincdən ağlayırdı.

 

- Bundan sonra qarşında hansı hədəflərin var?

- Qarşıda növbəti respublika çempionatı var və ondan bir gün sonra İtaliyaya səfərimiz baş tutacaq. Premyer Liqada da uğur qazanacağıma inanıram. 2024-cü il isə  çətin yarışların olacağı bir ildir. Özümü yaxşı hazırlamalıyam.

 

- İdman sahəsindəki peşəkar karyeranda  uğurlar arzulayırıq, inanırıq ki, daim ölkəmizin adını yüksəklərə qaldıracaqsan. Bəs ali təhsil həyatın haqqında nələri deyə bilərsən? Pedaqoji Universitetdə təhsil almağın hansı üstünlükləri var?

- Pedaqoji Universitet mənim xarakterimə çox müsbət xüsusiyyətlər qatır, dünyagörüşüm, həyati təcrübəm və psixoloji hazırlıq səviyyəmi dərslərdə öyrəndiklərim sayəsində artırıram. Müəllimlərim, xüsusilə, fakültə və kafedraların rəhbərliyi mənə olan inamlarını daim dilə gətirirlər və bu, məni həm xoşbəxt edir, həm həvəsləndirir, həm də üzərimdə müsbət məsuliyyət yaradır.

 

- Təhsil həyatını hansı istiqamətdə davam etdirmək istəyirsən? Karatedəki uğurunu təhsil sahəsində, təhsilin idarəolunmasında təkrarlamaq istəyirsənmi?

- Əslində, təhsilimi təhsilin idarəolunmasında yox, hüquq üzrə davam etdirmək  ölkə xaricində və ya ölkədaxili akademiyalardan birində ikinci bakalavr təhsili almaq istəyirəm. İnanıram ki, bu sahədə də uğurlu olacağam. Amma hazırkı ixtisasım mənə şəxsi həyatıma, insanlara və balaca idmançılara necə yanaşmalı olduğumu öyrədir, bu, çox böyük üstünlükdür.

 

- Tələbə dostlarına, həmyaşıdlarına bir çağırış etmək imkanın var, nə deyərdin?

- Ümumi olaraq “Bəlkə bacaracağam deyərək yox, mən bacaracağam deyərək başlayın!” deyərdim.

 

Taleh MİRZƏYEV,

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin redaktoru

 



24.11.2023 | 11:13