“Technest” Təqaüd Proqramı haqqında infosessiya | |
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə təhsil alan tələbələr üçün “Technest’’ Təqaüd Proqramı barədə infosessiya keçirilib.
İnfosessiyanın məqsədi tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramı barədə məlumatlandırmaq, İKT sahəsində kadr potensialının artırılmasına dəstək olmaqdır.
50-dən çox tələbənin qatıldığı infosessiyada AzMİU-nun mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov və İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə çıxış edərək, “Technest” Təqaüd Proqramının əhəmiyyətindən danışıblar.
Daha sonra Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşı Fərzəli Vəliyev və “Technest” proqramının nümayəndəsi Babək Feyziyev proqram haqqında ətraflı məlumat veriblər.
İnfosessiyada karyera inkişafına təqaüdlü dəstək olan “Technest” layihəsinin əhəmiyyətindən, burada yer alan proqramlar və qəbul şərtləri, onun tələbələr üçün yaratdığı imkanlardan bəhs olunub. Dünyanı təhdid edən kiber hücumlara qarşı Azərbaycanda mütəxəssis azlığından danışılıb. Bu sahədə kadr ehtiyatının artırılmasının vacibliyinə toxunulub. Tələbələrə rəqəmsallaşan dünyanın tələb etdiyi yeni peşə sahələri üzrə bilik və bacarıqları təkmilləşdirmək və proqramın verdiyi imkanlardan yararlanmaq məsləhət görülüb.
Sonda təqaüd proqramı ilə bağlı tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, “Technest” Təqaüd Proqramına 18 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. “Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq. Proqrama son qeydiyyat tarixi isə 30 noyabr 2023-cü ildir.
|
|
23.11.2023 | 11:28 | |
|
|
|