Süni intellekt texnologiyaları və kibertəhlükəsizliyə həsr olunan görüş | |
Azərbaycan Texniki Universitetində (AzTU) süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən dövlət qurumları nümayəndələrinin, şirkət rəhbərlərinin, mühəndislərin iştirakı ilə sektor görüşü keçirilib. Tədbir AzTU və “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı ilə təşkil olunub.
Əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov sektor görüşü barədə iştirakçılara məlumat verib. Q.Kərimov “Bilişim Vadisi Bakı”da görülən işlərdən, həmçinin universitetlərdə texnoparkların yaradılmasının önəmindən danışıb.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanda texnoloji proseslərin sürətlə inkişaf etdiyi bildirib. Qeyd edib ki, artıq universitetlər də tədris və tədqiqat proqramlarını müasir texnoloji proseslərə uyğunlaşdırır. Rektor deyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun savaş strategiyası, müasir texnologiyalardan düzgün istifadə olunması dünya hərb tarixində bir ilk idi. Bu mənada son illər ölkəmizdə müdafiə sənayesi üzrə yüksəkixtisaslı kadrların hazırlanması, onların müasir bilik və bacarıqlara yiyələnməsi dövlətin diqqət mərkəzindədir.
Regionda müdafiə sənayesi üzrə kadr hazırlayan ilk və yeganə universitet olan AzTU-nun bu istiqamətdə üzərinə böyük vəzifələr düşür. Müdafiə sənayesi üzrə yüksəkixtisaslı kadrlar AzTU-nun xüsusi texnika və texnologiya fakültəsində hazırlanır. Rektor deyib ki, AzTU müdafiə sənayesi istiqamətində Türkiyə universitetləri və şirkətləri ilə sıx əməkdaşlıq edir.
Tədbirdə “Bilişim Vadisi Bakı”nın rezidenti Türkiyənin “Ordulu Texnologiya” şirkətinin qurucusu Nizaməddin Ordulu süni intellekt texnologiyalarının müdafiə sənayesi sahəsində tətbiqinə həsr olunan təqdimatla çıxış edib.
Daha sonra AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı” ziyarət olunub.
|
|
23.11.2023 | 11:00 | |
|
|
|