Tələbələrin növbəti elmi konfransı keçirilib | |
Mingəçevir Dövlət Universitetinin (MDU) mühəndislik fakültəsində “Heydər Əliyev İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) XVI elmi konrfransı keçirilib. Konfransda fakültənin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Konfransın açılışında fakültənin dekanı Almaz Əliyeva, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən türkiyəli qonaq professorlar Cemal Yılmaz və Evren Güçer çıxış ediblər. Açılış nitqlərində tələbələrin tədrislə yanaşı, tədqiqat fəaliyyətlərinə fəal cəlb olunmasının əhəmiyyətindən bəhs edilib. Universitetdə gənclərin tədqiqat bacarıqlarının inkişafı istiqamətində atılan addımlar diqqətə çatdırılıb, bu kontekstdə tələbələr arasında təşkil edilən elmi tədbirlərin önəmi vurğulanıb və konfransın işinə uğurlar arzulanıb.
Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib. Mühəndislik fakültəsinin tələbələrindən Qumral Süleymanlı “Azərbaycanın sənaye potensialı və perspektiv inkişaf”, Albina Abdurəhimova “Kibercinayətkarlıqla mübarizə üçün Big Data tətbiqinin potensialları və məhdudiyyətləri”, Amin Əsədov və Kamilə İbrahimova “Futbolda fizika”, Nəbi Mənafov “Enerji toplayan litium batareyaları”, Ruslan Əlizadə “Avtomobil nəqliyyat vasitələrinin istehsalı və istismarı prosesində utilizasiya problemləri”, Elvin Sultanov “Şəbəkədə Cloud Computing xidmətinin təhlükəsizlik məsələləri”, Ayşən Qədirli “Bərpa olunan enerji mənbələri. Alternativ enerji” və İbrahim Məmmədov “Məlumat sızıntıları və güvənlik açıqları” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Müzakirələrdən sonra MDU TEC-in sədri Günəş Şəfaqətov çıxış edərək son dövrdə universitetdə tələbələrin elmi fəaliyyətlərə marağının artmasını yüksək dəyərləndirib, konfransın təşkilində əməyi olanlara, iştirakçılara, məruzəçi tələbələrə və onların elmi rəhbərlərinə təşəkkürünü bildirib.
|
|
23.11.2023 | 10:29 | |
|
|
|