“Xarıbülbülün qərənfilə müjdəsi”

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Heydər Əliyev İli”nə həsr edilmiş yeni kitab nəşr olunub.

 

“Xarıbülbülün qərənfilə müjdəsi” adlı kitabın müəllifləri Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli məktəbin direktoru Əməkdar müəllim Almaz Həsrət və həmin məktəbin biologiya müəllimi Gülnarə Musayevadır.

 

Tanıtma səhifəsində qeyd edilir ki, “Xarıbülbülün qərənfilə müjdəsi” kitabında Azərbaycanın əsrarəngiz gözəlliklər diyarı olan Qarabağın coğrafi mövqeyi, təbiəti, flora və faunası, tarixi, mədəni, dini abidələri, gözəl insanları, onların məşğuliyyətləri, adət-ənənələri ensiklopedik bilgilər əsasında bədii formada təsvir edilib.

 

Müəlliflər, həmçinin 2020-ci ilin 44 günlük Vətən Savaşında Qarabağın hər bir guşəsinin azad olunmasını və Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlara səfərlərini xronoloji ardıcıllıqla qələmə alıblar.

 

Kitab Qarabağ Zəfərinin rəmzi olan Xarıbülbülün 1990-cı ilin 20 Yanvar şəhidlərinin simvoluna çevrilmiş Qərənfilə müjdəsi olmaqla, bütün şəhidlərin ruhuna hədiyyə edilib.

 

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın həmmüəlliflərindən Gülnarə Musayeva  20 Yanvar şəhidinin bacısı olaraq bütün şəhidlərə “ruhunuz şad olsun, intiqamınız alındı” -deyir.

 

Onu da bildirək ki, kitab 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirilmiş uğurlu lokal antiterror əməliyyatından sonra Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını yüksəltməsinin təsviri ilə başa çatır. 

 

Əlavə edək ki, 236 səhifəlik kitab tam rəngli, nəfis tərtibatla çap edilib.

 

 



22.11.2023 | 20:28