BMU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Koreyadakı səfirliyində olub | |
Cənubi Koreyada səfərdə olan Elm və Təhsil Nazirliyinin və Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndələri Azərbaycanın bu ölkədəki səfirliyində olublar.
BMU-nun rektoru Yaqub Piriyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Dövlət Proqramları İdarəetmə Qrupunun rəhbəri Turan Topalova və proqram üzrə Rəhbər Komitənin digər üzvləri daxildir.
Görüşdə səfir Ramin Həsənov dünyanın qabaqcıl ölkələrindən biri olan Koreya Respublikası ilə təhsil sahəsində əməkdaşlığın önəminə diqqət çəkib. Səfir İDP çərçivəsində hazırda İNHA Universitetində təhsil alan 61 tələbə ilə mütəmadi görüşlərin keçirildiyini, onların gündəlik qayğıları ilə daim maraqlandıqlarını qeyd edib.
Rektor Y.Piriyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. Proqrama uyğun olaraq həyata keçirilən BMU-İNHA İDP barədə məlumat verən rektor İNHA Universitetində təhsillərinin sonuncu kursunu davam etdirən İDP tələbələrinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Koreya Respublikasına bir həftə davam edəcək səfərin əsas məqsədi BMU-İNHA İDP üzrə Rəhbər Komitənin növbəti iclasının keçirilməsidir. Səfər çərçivəsində təhsillərini hazırda İNHA Universitetində davam etdirən sonuncu kurs tələbələri ilə görüşün keçirilməsi də nəzərdə tutulur.
|
|
22.11.2023 | 13:11 | |
|
|
|