"Kiçik Akademiya"ların I ümumşəhər konfransına hazırlıq görüşü

“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib.

 

Paytaxtdakı 307 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, məktəb direktorları, Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

307 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə qonaqları salamlayaraq “Kiçik Akademiya”ların gördüyü işlər və əldə edilən uğurlar barədə məlumat verib.

 

Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu bildirib.

 

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu deyib, "Kiçik Akademiya"ların üzvlərinə fəaliyyətlərində uğurlar arzu edib.

 

Daha sonra tədbirdə ümumi təhsil məktəblərinin “Kiçik Akademiya” üzvlərinin çıxışları dinlənilib.

 

 



22.11.2023 | 14:17