“Xoşbəxtəm ki, şagirdlərim məni “Müəllim” deyə çağırırlar” | |
Mətanət İsmayılova 1994-cü ildə Balakən rayonu Tülü kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2012-ci ildə Bakı Qızlar Universitetinin coğrafiya fakültəsinə daxil olub. 2016-cı ildə universitet təhsilini başa vurduqdan sonra Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə 56 bal toplayaraq Şəkinin Şin kənd tam orta məktəbinə coğrafiya müəllimi təyin olunub.
- Mətanət xanım, belə bir ənənəvi sualımız var. Niyə müəllim olmağa qərar verdiniz?
- Mən bu suala cavabıma ümummilli liderimiz Heydər Əliyevin müəllim haqqında dediyi bir fikri ilə başlamaq istəyirəm: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu, müəllim peşəsinə verilən ən yüksək qiymətdir. Çünki cəmiyyətdə həkimi, polisi, hər-biçini, müəllimin özünü də yetişdirən müəllimdir. Bu ad çox böyük addır. Uşaqlıqdan bu peşəni sevmişəm. Xoşbəxtəm ki, şagirdlərim məni bu gün “Müəllim” deyə çağırırlar.
- İlk dərs gününüz yaddaşınızda necə qalıb?
-Məktəbdə təzə müəllim olduğumdan ilk dərsdə şagirdlərim mənə maraqla qulaq asdılar. VIII sinifdə mövzu vətənpərvərlik mövzusu idi. Burada Aprel döyüşləri haqqında şagirdlərə ətraflı məlumat verdim. Nəticədə, şagirdlərdə olan oxumaq həvəsi və coğrafiya fənninə olan maraq, məndə olan həyəcan hissini sevinc hissi ilə əvəz etdi.
Qeyd edim ki, bura gəldiyim ilk gündən nəinki məktəb direktoru, işlədiyim pedaqoji kollektiv mənə hər cür qayğı ilə yanaşıblar. Şadam ki, belə bir kollektivdə çalışıram...
-Bəs, necə oldu yaşadığınız rayondan xeyli uzaq bir rayonda işləməyi seçdiniz?
-Doğrusu, valideynlərim uzaq yerdə işləməyimi istəmirdilər, amma təkidim və istəyimi gördükdən sonra mənimlə razılaşaraq mənə dəstək oldular. Məsafə uzaqlığı məndəki müəllim olmaq istəyimə heç cür təsir edə bilmədi. Kəndi seçdim və seçimimdən də çox razıyam.
-Gələcəkdə Coğrafiya dərsliyini yazsaydınız, hansı mövzulara daha çox üstünlük verərdiniz?
-Dərslik yazmaq dəqiqlik və çox məsuliyyət tələb edən bir işdir. Çünki onun oxucusu şagirdlərdir.
Mən Azərbaycan coğrafiyası dərsliyində müasir dövrümüzdə şagirdləri daha çox maraqlandıran mövzulara geniş yer verərdim. O cümlədən, “Ətraf mühitin mühafizəsi”, “Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi, onların iqtisadi inkişafa təsiri”, “Azərbaycanın turizm-rekreasiya ehtiyatları” və s.
-İndiki vaxtda “Yaxşı müəllim” ifadəsini tez-tez eşidirik. “Yaxşı müəllim nə deməkdir” sualına münasibətiniz necədir?
- V.A.Suxomlinskinin fikrinə istinad edərək belə cavab verərdim: “Müəllim ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub”.
- Tələbəlik illərində xəyallarınızdakı iş yerləri hansılar olub?
- Bu dövrdə mən nə üçün çalışdığımı, nəyin uğrunda mübarizə apardığımı artıq bilirdim. Uşaqlıqdan arzusunda olduğum müəllimlik üçün çalışırdım. Çalışırdım ki, gələcəkdə mənə veriləcək “Müəllim” adına layiq olum. Belə də oldu.
-Müəllim olmaq istəyən şəxslərə nə tövsiyə edərdiniz?
-Bəli, onlar unutmamalıdırlar ki, dünyada ən çox sevdikləri insanlar arasında müəllim də vardır. Bunda böyük bir məntiq var. Bu peşənin müqəddəsliyini və məsuliyyətini dərindən dərk etməlidirlər. Çünki hər bir şəxsin həyatda formalaşmasında, tərbiyələnməsində müəllimin əməyi, zəhməti çox böyükdür, əvəzsizdir.
Mahal MƏMMƏDOV, Şəki Şəhər Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
19.10.2018 | 17:16 | |
|
|
|