BSU-da YAP-ın yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə YAP-ın 31 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

BSU-nun rektoru Anar Nağıyev çıxışında məhz 31 il öncə bu tarixdə dövrün çətin bir dönəmində-tənəzzül etmiş iqtisadiyyatı, işğala məruz qalmış ölkəni tamamilə yeni bir mərhələyə çıxaracaq siyasi hərəkatın başlanğıcının qoyulduğunu diqqətə çatdırıb. Rektor bu prosesin əsasının ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin gələcək Azərbaycan üçün formalaşdırdığı təməllərin nəticəsində qoyulduğunu qeyd edib.  A.Nağıyev Ümummilli Lider Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" fikrinin  xüsusi əhəmiyyətindən söz açıb.  Rektor bildirib ki,    YAP-ın  yaranmasının 31-ci ildönümünü dünyanın  zəfər  çalmış xalqlarından, dünyanın ən nüfuzlu ölkəsinin vətəndaşlarından biri olaraq qeyd etmək qürurvericidir.  O, ideologiyası Azərbaycan məfkurəsi üzərində qurulan YAP-ın Cənubi Qafqazın ən böyük partiyası olduğunu vurğulayıb, YAP-ın, sadəcə  Azərbaycanın taleyi ilə bağlı deyil, daha geniş regionun inkişafı üçün qərarlar verə biləcək bir partiya olduğunu deyib. A.Nağıyev partiyanın sədri, Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Azərbaycandakı Prezident seçkilərində ən yüksək göstəricilərlə qalib gəlməsinin YAP-ın nüfuzunun sübutu olduğunu qeyd edib.

 

YAP Nəsimi rayon təşkilatını sədri Azər Süleymanov YAP-ın ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandığını qeyd edib. Təşkilatın yaranma tarixinə ekskurs edərək, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının hər kəsi vahid ideologiya ətrafında birləşdirdiyini vurğulayıb.

 

Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “91”-lərin nümayəndələrindən biri kimi həmin dövrlə bağlı öz xatirələrini bölüşüb. O, YAP-ın müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasına daxil olduğunu deyib.

 

Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev Ulu Öndər Heydər Əliyevin YAP-ın yaranması ilə bağlı irəli sürdüyü tezislərin əhəmiyyətindən söz  açıb. Partiyanın proqram və nizamnaməsindən danışan P. Əliyev Prezident İlham Əliyevin sədrliyi ilə partiyanın aydın ideyalarının daim yaşayacağını bildirib.

 

Çıxışlardan sonra  YAP-a yeni üzv olan BSU-nun fəal tələbələrinə üzvlük vəsiqələri təqdim olunub. 

 



22.11.2023 | 11:03