“Sağlam məktəbli” adlı maarifləndirici layihə

Paytaxt məktəblərində “Sağlam məktəbli” adlı maarifləndirici layihəyə start verilib.

 

Layihənin keçirilməsinin əsas məqsədi məktəblilər arasında qida təhlükəsizliyi anlayışını təbliğ etmək və şagirdlərə qida təhlükəsizliyi vərdişlərini aşılamaqdan ibarətdir.

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən layihə çərçivəsində məktəblərdə görüşlər davam edir.

 

Görüşlərdə məktəblilərə düzgün qidalanma ilə bağlı məlumatlar verilib, “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub.

 

Görüşlər çərçivəsində “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, ““Fast food” qidalarının ziyanları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda mütəxəssislər tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

 

Qeyd edək ki, cari ilin sonunadək layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən 9 ümumi təhsil müəssisəsində görüşlərin keçirilməsi nəzərdə tutulub.

 



19.10.2018 | 13:03