“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” | |
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulması məqsədi daşıyıb.
Zəngilanda və Bakıda təşkil edilməklə iki gün davam edən konfransa yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərləri qatılıblar. Beynəlxalq konfransda Mingəçevir Dövlət Universitetini (MDU) bu ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov təmsil edib.
Ş.Bayramov Zəngilanda beynəlxalq konfransın açılışında, panel müzakirələrdə və rayonun Ağalı kəndinə təşkil olunmuş turda iştirak edib. Tur zamanı rektor, həmçinin Ağalı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi, MDU-nun məzunu Şəmsiyyə Şəmsəddinova və şagirdləri ilə görüşüb.
Bakıda işini davam etdirən konfrans çərçivəsində keçirilən “Beynəlxalq nəqliyyat və logistika dəhlizləri sülh və tərəfdaşlıq vasitəsi kimi” mövzusunda panelə Ş.Bayramov moderatorluq edib. Sözügedən paneldə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya və Belarus ali təhsil müəssisələrindən olan alimlər məruzələrlə çıxış ediblər. Çıxışlarda Azərbaycanın Cənubi Qafqazda sülhün bərpasına verdiyi əhəmiyyətli töhfələrdən, Zəngəzur dəhlizinin açılmasının region ölkələri üçün təqdim edəcəyi potensial imkanlardan, beynəlxalq nəqliyyat dəhlizləri üzrə dövlətlərarası əlaqələndirmənin vacibliyindən, bu sahədə aparılan elmi tədqiqatların verə biləcəyi praktiki faydalardan və digər məsələlərdən bəhs olunub. Maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra panelin işinə yekun vurulub.
|
|
20.11.2023 | 11:42 | |
|
|
|