“Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri”

Sumqayıt Dövlət Universiteti (SDU), “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda III Respublika elmi konfransı keçirilib.

 

Təşkilat komitəsinin həmsədri, SDU-nun rektoru Rüfət Əzizov ilk olaraq konfrans iştirakçılarını Azərbaycanın füsunkar guşələrindən biri Hadrutda salamlamağından məmnunluğunu ifadə edib. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib:” “Heydər Əliyev İli” çərçivəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması istiqamətində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilir”.

 

Rektor Ulu Öndərin ölkəmizin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, bu gün Azərbaycanın malik olduğu müstəqil elektrik enerjisi sistemi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müstəqil enerji sisteminin formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilmiş və zamanın tələblərinə uyğunlaşdırılaraq ölkənin iqtisadi qüdrətinin artması fonunda özünün yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Rektor onu da diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra bu yerlərdə bütün istiqamətlərdə, o cümlədən dağıdılmış enerji infrastrukturunun yenidən qurulması, bərpası məqsədilə genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanılıb. Bərpa prosesində əsas məqsəd energetika sahəsində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastruktur şəbəkəsinin yaradılmasıdır. Bu gün bu işlər uğurla həyata keçirilir və bərpa prosesinə qabaqcıl texnoloji şirkətlər cəlb edilir. Artıq azad olunmuş ərazilər, bütövlükdə Qarabağ "yaşıl enerji" zonası elan olunub. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

 

Rektor diqqətə çatdırıb ki, konfransdakı müzakirələr energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələlərini gündəmə gətirməklə bu istiqamətdə universitetin qarşısında yeni vəzifələr qoyur:”Hesab edirəm ki, SDU-nun konfransda iştirak edən hazırki tələbələri, gələcək məzunlarımızın böyük əksəriyyəti karyeralarını işğaldan azad olunan ərazilərdə qurmaqla Böyük Qayıdış çərçivəsində öz töhfələrini verə biləcəklər”.

 

SDU-nun fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova “Elmi-tədqiqat işlərinin tədris prosesinə tətbiqi haqqında bütöv nüvəli elektromaqnit vericiləri”, “Azərenerji” ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Enerji sistemi etibarlılığı və ifrat gərginlikdən mühafizə şöbəsinin aparıcı elmi işçisi Valeh Nəsibov “İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji” zonasının yaradılması”, “Azərişıq” ASC-nin Tədris və innovasiyalar mərkəzinin Texnoloji innovasiyalar kafedrasının müdiri Fərid Zalıyev “Paylayıcı şəbəkədə innovativ texnologiyaların tətbiqi – Azərişıq təcrübəsi”, “Azərişıq” ASC-nin Tədris və innovasiyalar mərkəzinin Mühəndis pedaqogikası kafedrasının müdiri Samid İbrahimzadə “Paylanmış generasiya”, Yaşıl enerji kafedrasının müdiri Ayşən Həmidova “Bərpa olunan enerji mənbələri və aktiv istehlakçı”, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri laboratoriyasının müdiri Nadir Abdullayev “Energetika üçün yeni materiallar – yeni maqnit topoloji izolyatorlarda yükdaşınma mexanizmi” mövzularında məruzə ilə çıxış ediblər.

 

Konfrans işini bölmələr üzrə davam etdirib.

 



17.11.2023 | 18:28