“Ədəbiyyat insana özünü dərk etməyə kömək edir” | |
Artıq üçüncü ildir ki, təşkil olunan “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin faydasını indi kiməsə sübut etməyə ehtiyac yoxdur. Elə təkcə builki müsabiqənin əhatə dairəsini göstərən rəqəm buna ən yaxşı sübutdur: 25 minə yaxın VIII-XI sinif şagirdi yarışmanın ilk-məktəb mərhələsində mübarizə aparırdı...
Əsas hədəfi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini üzə çıxarmaq olan müsabiqə həm də ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənməyə kömək edir. O, eyni zamanda mütaliəsi ilə fərqlənən şagirdləri aşkara çıxarır. Bunlar isə ədəbiyyat sahəsində istedadlılardır. Bu il üç mərhələdə təşkil olunan müsabiqənin finalında tələbkar münsiflərin “süzgəc”indən keçərək qaliblər sırasına düşən belə istedadlardan biri də Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Lamiyə Hüseynovadır. Müsahibimiz də məhz odur. Bir qədər ətraflı tanışlıq üçün qeyd edək ki, Lamiyə ibtidai təhsilini Şabran rayon Xırdaoymaq kənd ibtidai, ümumi orta təhsilini isə Təzəkənd kənd ümumi orta məktəblərində alıb. Hazırda şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdidir.
-Lamiyə, ilk olaraq qalibiyyətinlə bağlı yaşadığın hissləri, yarışma haqqında təəssüratlarını bölüşməyini istərdik.
-Düzü, o hissləri necə təsvir etmək olar, bilmirəm. Bu mənim həyatımın ən önəmli hadisələrindən biri idi. İndi də sizinlə danışanda həyəcanlanıram. Nəinki danışanda, özlüyümdə ağlıma belə gələndə ürəyimi bir qürur hissi bürüyür, üzümdə qeyri-ixtiyari bir təbəssüm yaranır. Qalibiyyət sevincini onu əldə etmək üçün çalışan hər kəsə arzulayıram.
Əslində qalib, daha doğrusu, birinci olduğumu ən son anda bildim. Yarışmada yer tutduğumu bilirdim, mükafatlandırılma mərasiminə dəvət edildiyimi də demişdilər. Amma birinci olduğumu hələ bilmirdim. Adımı birincilər sırasında görəndə sevincimin hədd-hüdudu yox idi.
Ümumiyyətlə, belə müsabiqələr təkcə biliyin artmasına, öz üzərində daha çox işləməyə deyil, həm də özünə inamın və güvənin artmasına səbəb olur. Bu da məqsədlərinə doğru aparan yolda addımlarını daha inamla atmağa kömək edir.
-Bəs, ədəbiyyata maraq səndə necə yaranıb, ədəbiyyat sənin üçün nədir?
-Ədəbiyyat sözünün mənası ədəb, mərifət deməkdir. Hansı ki, insanın ən yüksək mənəvi keyfiyyətlərindəndir. Yüksək mənəvi keyfiyyətlərə malik olmağı da hər kəs istəyər. Bunun üçün insan daima özünü təkmilləşdirməli, mənfi və müsbət cəhətlərini müəyyənləşdirməli, müsbətləri artırmalı, mənfiləri isə tərk etməlidir. Həyatda mənfi və müsbəti, xeyir və şəri bir-birindən ayırmaq üçün ən mükəmməl köməkçi vasitə ədəbiyyatdır. Ədəbi əsər yaradan müəllif həyatda gördüyü hadisələri obrazlaşdıraraq, öz hiss və düşüncələrini əlavə edərək həmin əsəri qələmə alır. Elə buna əsaslanaraq demək olar ki, ədəbiyyat insan hisslərinə ən yaxın olan yaradıcılıq sahəsidir. Ədəbiyyatı mənə sevdirən də onun bu xüsusiyyətidir. İnsanın düşüncələrinə, hisslərinə şərik çıxır ədəbiyyat. Müsabiqə isə göstərdi ki, ədəbyyat mənə təkcə həyatı anladan dost olmadı, həm də qalibiyyət gətirdi. Onun mənə qazandıracağı ən böyük qalibiyyət isə həyat yollarıma salacağı işıq olacaq. Amma mən, yəqin ki, bunun üçün “Bir qalanın sirri” filmindəki Elşən kimi hələ çox oxumalıyam.
-Bir əsəri oxuyarkən əsas nələrə diqqət edirsən, gözləntilərin nələr olur?
-Hər yeni əsəri oxumağa başlayanda yeni nə isə öyrənmək istəyirəm. Ümumi məzmun, oradakı ayrı-ayrı fikirlər (çox xoşuma gələn fikirlərin altından sadə karandaşla xətt də çəkirəm) qədər əsərin sonluğu da mənim üçün önəmlidir. Düzdür, sonluq əsərin dəyərinə təsir etmir, amma istənilən halda mən müsbət sonluq arzulayıram və müsbət sonluqdan sonra əhvalım daha yüksək olur. Amma onu deyim ki, mənfi sonluq insanı daha çox düşünməyə sövq edir. Xüsusən də mənim kimi əsərin təsirində uzun müddət qalanlara. Əsas gözləntim isə... Bütün əsərlərdə, müəyyən mənada, özümü axtarıram. Bir gün mənim ifadə olunduğum bir əsər oxumaq istərdim.
-Bəs, o əsəri özün yazmaq istəyərsənmi?
-İndi özümdə o bacarığı görmürəm. Bəlkə də gələcəkdə bu bacarıq məndə yaranacaq. Əslində isə bunu çox istərəm. İnsanın heç kəsə demədiyi fikirləri olur, düşünür ki, heç kəsə maraqlı olmaz, ya da ifadə etməkdən çəkinir müəyyən mənada. Bunun üçün yazmaq ən gözəl vasitədir. Yəqin ki, bütün yazıçıları yazmağa məhz bu sövq edir. Yazmaq üçün də çoxlu mütaliə lazımdır, təbii ki.
-Əlavə bədii ədəbiyyata vaxt ayırmaq dərslərinə mane olmur ki?
-Mane olmayacaq şəkildə oxumağa çalışıram. Əslində yeni tədris ili başlayandan buna xüsusi nəzarət edirəm, çünki vaxtımın məhdud olduğunu bilirəm. Amma, təbii ki, tamamilə kənara qoymağım da mümkün deyil. Bunu ədəbiyyatı sevənlər daha yaxşı bilərlər. Nə qədər dərs oxusan da istirahətə də vaxt ayırmaq lazımdır. Mən həmin vaxtı mütaliəyə sərf edirəm. Bu mənim üçün ən yaxşı istirahətdir.
-Lamiyənin peşə seçimi necə olacaq, sizin ədəbiyyatla bağlılığınız seçiminizə təsir edəcəkmi?
-Məqsədim hüquqşünas olmaqdır. Ədəbiyyatla bağlılığımın peşə seçimimə təsir etmədiyi kimi, peşə seçimim də ədəbiyyatla münasibətimə heç bir təsir etməyəcək. Düzdür, belə deyirəm, amma yəqin ki, oxuduğum əsərlərdə olan ədalətsizliklər, həmin ədalətsizliklərə görə məhv olan talelər mənim peşə seçimimə təsir etməmiş deyil.
-Söhbətimizin sonunda həmyaşıdlarına nəsə demək istərdin?
-Özlərinə hansı peşəni seçmələrindən asılı olmayaraq ədəbiyyat oxumağı heç vaxt unutmasınlar. Çünki ədəbiyyat insana özünü dərk etməyə kömək edir və həyatda yaxşı yaşaması üçün ona bələdçi olur. Ədəbiyyat insanlara özünü başqalarının yerinə qoymağı öyrədir. Daha sağlam düşüncəli insanların cəmiyyətini formalaşdırmaq üçün yol ədəbiyyat oxumaqdan keçir. Mən bunu yolun hələ başlanğıcında anlamışam, özünüzə bu şansı versəniz, siz də anlayacaqsınız. Nə vaxt ki, insanlar özlərini başqalarının yerinə qoymağı öyrənəcəklər, o zaman cəmiyyətdə yaşamaq hamı üçün asan olacaq.
Gülər HÜSEYNOVA, Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
19.10.2018 | 15:18 | |
|
|
|