ADU-da “Beynəlxalq Tolerantlıq Günü”

Azərbaycan Dillər Universitetində (ADU) Multikulturalizm Mərkəzi və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Tolerantlıq Günü” adlı tədbir keçirilib.

 

Moderatoru  Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə olan dəyirmi masada AMEA Fəlsəfə və Sosiologiya İnistutunun aparıcı elmi işçisi  Ağasəlim Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, universitetin Elmi işlər üzrə prorektoru Novruz Məmmədov, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli, Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, dosent Ülviyyə Rəhimova, Multikulturalizm Mərkəzinin elmi işçisi Təranə Məmmədova çıxış ediblər.

 

Tədbirdə çıxış edənlər tolerantlıq anlayışının elmi, fəlsəfi və praktik problemlərinə toxunub,  ictimai mahiyyəti, siyasi təsiri barəsində öz mülahizələrini söyləyiblər.

 

Çıxışlarda qeyd edilib ki,  Azərbaycan qədim dövrlərdən multikultural dəyərlərə hörmətlə yanaşıb, burada yaşayan xalqlar bir-birlərinə tolerant münasibəti ilə başqa xalqlara örnək olublar. Çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikultural ənənələrin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar. Çıxışlarda tolerant düşüncənin irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi qətiyyətlə rədd etdiyi vurğulanıb, bəşəri nizam formalaşdırmaq üçün tolerant düşüncə və mövqenin vacibliyindən bəhs edilib.

 

Qeyd edək ki, hər il noyabr ayının 16-sı bütün dünyada  Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edilir. Bu tarix 1995-ci ildən UNESCO səviyyəsində qeyd olunur.

 



17.11.2023 | 16:14