İcmamıza xoş gəlmisiniz!

Ölkəmizdə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb. Layihə ilkin olaraq 10 şəhər və rayonda 50 ümumtəhsil məktəbin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupunu əhatə edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində layihənin əhatə dairəsi genişləndirilib. Oktyabrın 2-dən 2023-2024-cü tədris ilinə başlayan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 55 şəhər və rayonda 939 qrupda ümumi 16500 nəfər 3-4 yaşlı uşağı əhatə etməkdədir. Layihə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən icra olunur.  Layihə çərçivəsində qruplarda 3-5 yaşlı uşaqların araşdırma qabiliyyətini gücləndirmək, özünə inam hissi yaratmaq, həmyaşıdları ilə oynamaq və ünsiyyət yaratmaq üçün əlverişli mühit qurulur. Bu da uşaqlara sərbəst şəkildə tapşırıqları yerinə yetirmə və qərar verə bilmə kimi vərdişlər aşılayır. Məhz bu mühiti görmək, uşaqların fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədilə Bakı şəhər 64 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən icma mərkəzində qrupların tədris prosesini izlədik.

 

Tərbiyəçi müəllim Səidə Cahangirova əsas məqsədin hər bir uşağın özünü dəyərli hiss etdiyi, dəstəkləndiyi və öz potensialına çatmaq üçün səlahiyyət verdiyi öyrənmə mühiti yaratmaq olduğunu deyərək icma əsaslı məktəbəqədər qruplarda dərslərin təşkilinə diqqət çəkdi:

 

“Mərkəzlərdə 3-4 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil üzrə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçilir. Proqram uşaqların 4 inkişaf sahəsini əhatə edir: sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişaf. 64 nömrəli tam orta məktəbdə 2 icma qrupu fəaliyyət göstərir. Qruplarda uşaq sayı 15-20 nəfər arasında dəyişir”.

 

S.Cahangirova 2021-ci ildən bu qruplarda tərbiyəçi müəllim kimi fəaliyyət göstərir. Son illərdə icma qruplarındakı keyfiyyətli məktəbəqədər təhsilin təşkil edilməsinin, tərbiyəçi müəllimlərin peşəkarlıq səviyyəsinin yüksək olmasının icma layihəsinə marağı daha da artırdığını bildirən tərbiyəçi müəllim valideyn-müəllim münasibətinə də toxunur: “Layihənin iki əsas məqsədi var ki, bunlardan başlıcası icma əsaslı qruplar vasitəsilə nəzərdə tutulmuş şəhər və rayonlarda 3-5 yaşlı uşaqların məktəbəqədər təhsildə iştirakını artırmaqdır. Digər hədəfimiz isə hesabatlılıq və şəffaflığı təmin etmək məqsədilə valideynlərin təhsil prosesinin monitorinqində fəal iştirakı nəticəsində məktəb-icma əlaqələrinin gücləndirilməsidir. Məhz bu baxımdan valideyn-müəllim münasibətləri hələ uşaqlar icma qruplarına qoşulmazdan əvvəl yaranmağa başlayır. Onlarla icma mərkəzlərindəki təlim-tədris prosesi, valideyn kimi onların həmin prosesdə iştirakının vacibliyi, əməkdaşlıqları barədə maarifləndirici görüşlər keçirilir. Tədris prosesi başlandıqdan sonra valideynlər növbəli şəkildə məşğələlər zamanı müəllimə dəstək olurlar. Valideynlərin dərs prosesində aktiv iştirakı onların məktəbəqədər təhsil sahəsində, uşaqların yaş xüsusiyyətləri barədə məlumatlarının artırılmasında, tədrisin sinifdən kənarda genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bundan savayı, valideynlər dərslərdə aktiv iştirak etməklə həm uşaqlarını yaxşı tanıya, onların güclü və zəif tərəflərini öyrənə bilir, həm də gələcəkdə icma qruplarında tərbiyəçi müəllim kimi də çalışmaq imkanlarından yararlana bilirlər”. 

 

“Tədris zamanı həssas qruplara aid uşaqlarla hansı formada ünsiyyət qurursunuz” sualımızı S.Cahangirova cavablandıraraq deyir ki, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsində biz inklüzivliyə sadiqik və həssas uşaqlar da daxil olmaqla, bütün uşaqlara keyfiyyətli təhsil almaq imkanı verilir. Dərslər zamanı əlilliyi, aztəminatlı ailələrdən və ya müxtəlif mədəniyyətə malik - həssas qruplardan olan uşaqlarla fəal şəkildə məşğul oluruq. Buna görə bir çox yanaşma formalarından istifadə edirik. Biz inklüziv uşaqlar üçün fərdi dəstək, o cümlədən tələb olunarsa, ixtisaslaşmış pedaqoqlara və ya terapevtlərə çıxışı təmin edirik. Bu, uşaqların sinifdə inkişaf etmək üçün lazım olan xüsusi yardımı almasını təmin edir. Həmçinin, valideyn və ya qəyyumlarla açıq və müntəzəm ünsiyyət saxlayırıq. Bu, bizə hər bir uşağın xüsusi ehtiyaclarını başa düşməyə və mümkün olan ən yaxşı dəstəyi təmin etmək üçün onların ailələri ilə əməkdaşlıq etməyə imkan verir. Biz həssas qrupları dəstəkləməkdə ixtisaslaşmış icma təşkilatları və yerli agentliklərlə fəal şəkildə əlaqə saxlayırıq. Bu tərəfdaşlıq bizə uşaqların ehtiyaclarını ödəmək üçün daha əhatəli yanaşmanı təmin etməklə əlavə resurslara və təcrübəyə çıxış imkanı verir. Eləcə də bizim həssas qruplardan olan uşaqlarla üzləşdiyimiz unikal problemlər haqqında məlumatlılığı və anlayışı artırmaq üçün bu sahə üzrə mütəxəssislər tərəfindən seminarlar və təlimlər alırıq. Bu, daha inklüziv və empatik öyrənmə mühiti yaratmağa kömək edir.

 

Valideyn Günay İsayeva: “Uşağımda çox böyük dəyişiklik görürəm”

 

Qruplarda tədris prosesi bitdikdən sonra hər bir valideyn övladını götürmək üçün məktəbə yaxınlaşır, kimisi tərbiyəçi müəllimdən, kimisi də öz uşağından dərsin necə keçdiyini, dərs müddətində nə etdiklərini soruşur. Günay İsayevanın oğlu Ömər də 64 nömrəli məktəbin icma əsaslı məktəbəqədər qrupunda təhsil alır: “Böyük oğlum da bu məktəbdə təhsil aldığından mənə buraya gəlib-getmək daha sərfəli oldu. Biz icmaya yaxınlaşanda Ömərin 3 yaşı var idi. Uşağımda çox böyük dəyişiklik görürəm. İcmaya gəldikdən sonra cəmiyyətdə, insanlar arasında özünü aparmasında düzəlməyə, fikirlərini daha səlis şəkildə ifadə etməyə başladı. Müəllimi Səidə xanımın da bu inkişafda çox böyük əziyyəti olub. Ömər məktəbəqədərə əziyyət çəkmədən öyrəşdi, verilən tapşırıqları asanlıqla yerinə yetirmə bacarığına yiyələndi. Uşaqların inkişafında, davranışında məktəbəqədərin rolu danılmazdır”.

 

Tünzalə QULİYEVA

 



17.11.2023 | 11:36