İlahi missiya

Cəmiyyətin inkişafının bütün mərhələlərində məktəb məbədgah, ziya, işıq, nur paylayan müqəddəs yer, müəllimlər isə bu missiyanın daşıyıcıları olublar. Bu, ilahi bir missiyadır. Tərbiyəçinin, müəllimin əməyi Allahın xəlq etmə dühasının davamıdır. Məşhur ərəb alimi İbn-ƏI-Müqəffə yazırdı ki, hava və qidadan sonra vücudunuzun ən çox ehtiyac duyduğu üçüncü şey təhsil-tərbiyədir. O, əqlimizin ilkin özəyidir. İnsanın kamilləşməsi, əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı onun aldığı təhsil-tərbiyədən və bu prosesi düzgün diaqnozlaşdıran, proqnozlaşdıran, layihələşdirən və həyata keçirən müəllimlərdən asılıdır.

 

Müəllimlər hər bir insanın yaşına, gücünə, fərdi və psixoloji xüsusiyyətlərinə, fiziki sağlamlığına, qabiliyyətinə uyğun olaraq onların şüuruna, hisslərinə və davranışına təsir göstərir. İnsan da bu tərbiyəvi təsir vasitəsi ilə dəyişir, kamilləşir, onda əqli, əxlaqi, etik, estetik, fiziki mədəniyyət formalaşır. Bu kimi yüksək əxlaqi keyfiyyətləri isə müəllim aşılayır. Müəllim təhsil-tərbiyəsi ilə məşğul olduğu insanın qəlbinə elə bir işıq salır ki, o, haqqı nahaqdan, yaxşını pisdən ayıra bilər.

 

Ata bədənin, müəllim ruhun tərbiyəçisidir

 

Müəllim şagirdlərinə (tələbələrinə) gizlədilməsi mümkün olmayan gözəllik, yəni bilik öyrədir, həyat üçün zəruri olan bacarıq və vərdişlər aşılayır. Ona görə də müəllimin bütün zamanlarda məqamı və sosial statusu hətta valideynlərdən də yüksək olub. Ruh bədəndən üstün olduğu kimi, müəllim də atadan üstündür, çünki ata bədənin, müəllim isə ruhun tərbiyəçisidir. Valideynlər bizə həyat, müəllimlər isə layiqli həyat bəxş edirlər. Ona görə də qədim yunan filosofu Platon deyirdi: “Mən müəllimi atamdan çox istəyirəm, çünki atam məni göylərdən yerə endiribsə, müəllimim məni yerdən göyə qaldırıb”. Mustafa Kamal Atatürk deyirdi ki, mən fiziki cəhətdən mövcud olduğuma görə Rza Əli Əfəndiyə borcluyamsa, mənəvi cəhətdən mövcudluğuma görə Ziya Göyalpa borcluyam. Məhəmməd Peyğəmbər hədislərin birində buyururdu ki, cənnət bağçalarından keçəndə ayaq saxlayın. Əshabələri ondan soruşdu: “Ya Peyğəmbər, nəyi nəzərdə tutursunuz?” O, isə cavabında belə dedi: “Əgər cənnətdən min gülün, çiçəyin ətri gəlirsə, müəllim məclislərindən də ədəb, əxlaq, mərifət, fəzilət ətri gəlir”. Peyğəmbər biliyi bilməyənlər arasında yayanları, yəni müəllimləri, çox yüksək dəyərləndirirdi. Bilikli adamın üzünə baxmağı, onunla oturub-durmağı ibadət sayırdı. O, deyirdi: “Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, onunla mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun. Müsəlmanlardan ən yaxşısı odur ki, öyrənsin və öyrətsin”. Döyüş zamanı əsir götürülən döyüşçü əgər 10 nəfər uşağa oxumağı və yazmağı öyrədərdisə, bu fidya hesab olunurdu. Peyğəmbər deyirdi ki, Allah-təala mənim təhsilimi mükəmməl qıldı, mən bir müəllim olaraq göndərildim. O, biliyə yiyələnməyi Allah yolunda oruc tutmaqdan da, namaz qılmaqdan da, Həccə getməkdən də, ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstün hesab edirdi. O, deyirdi:

“Elm çöldə dostumuz, tənhalıqda munisimiz, köməksizlikdə yoldaşımız, xoşbəxtliyə tərəf yol göstərənimiz, dostlar arasında zinətimiz, düşmənlər arasında silahımızdır”.

Oruc, namaz və zəkat kimi ibadətlər bəzi hallarda vacib, bəzi hallarda qeyri-vacib sayılır. Bilik, elm öyrənmək isə bütün hallarda vacibdir. Həzrət Əli deyirdi ki, mənə bir hərf öyrədənin quluyam. İbn Xəldun deyirdi ki, hər öyrədən müəllim deyil, kimdən öyrənirsənsə müəllim odur. İmam Şafeinin fikirləri də maraqlıdır. O, deyirdi: “Mənə ədəb-ərkandan bir kəlmə öyrədənin köləsi olaram”. Görkəmli Azərbaycan maarifçisi S.M.Qənizadə isə müəllimliyi dünyanın ən şərəfli peşələrindən biri və birincisi hesab edərək yazırdı: “Bağ bağbansız keçinə bilmədiyi kimi, bəşəriyyət də müəllimsiz yaşaya bilməz”.

 

İnsanlığı aydınlığa çıxaran işıq

 

Müdriklər müəllimi insanlığı aydınlığa çıxaran işığa bənzədirlər. İnsan deyəndə ilk növbədə onun əxlaqı nəzərdə tutulur. Əxlaqdan kənarda insan yoxdur. Mədəniyyətin məhək daşını əxlaq və cəfakeşlik təşkil edir. Əxlaq və qəbahət tərəzinin müxtəlif gözlərində yerləşir. Əxlaq köynəyini soyunan adam başqa heç bir köynək geyinə bilməz. O, məhvə məhkumdur. Millətlərin və dövlətlərin xilası yalnız və yalnız müəllimlərdən asılıdır. Əbəs yerə demirlər ki, millət məktəbdə doğulur, məktəbdə ölür. Ayrı-ayrı insanlar dünyaya gəldiklərinə görə valideynlərinə, millətlər isə məktəbə və müəllimə borcludur. Millət necə yaşayırsa, elə də oxuyur, necə oxuyursa elə də yaşayır. Müəllimin səhvi dənizdə gəmiyə bənzəyər. Həm özü məhv olar, həm də gəmidəkilər. Müəllim sağlam cəmiyyətin yaradıcısıdır. Dövlətin tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən asılıdır. Sokrat vaxtı ilə deyirdi ki, yunanlını yunanlı edən onun yunanlı olaraq doğuluşu deyil, aldığı təhsil-tərbiyədir. Sokratın müəllimlik fəaliyyəti həm o dövrdə, həm də indi bir nümunədir. O, müəllimliyi öz həyatından qiymətli hesab edirdi. Sonralar tələbələrindən biri Sokrat haqqında yazırdı: “Mən ona qulaq asanda ürəyim sürətlə döyünür, nitqinin təsirindən gözlərimdən yaş süzülürdü. Başqalarının da eyni vəziyyətə düşdüyünü görürdüm”. Platon deyirdi ki, insanı tərbiyə etsək o, ən sakit və ilahi məxluq olar. Əgər onu tərbiyə etməsək və ya yanlış tərbiyə etsək o, kürreyi ərzin ən vəhşisi olar. Pinəçinin bir cüt ayaqqabını pis tikməsi bir afinalıya ziyan vurduğu halda, müəllimin pis işi, pis tərbiyəsi bütün Yunanıstana ziyan vura bilər.

 

Əl-Qəzzali müəllim əməyini yabanı alaq otlarını bir-bir qopararaq məhsuldar bitkilər yetişdirən əkinçiyə bənzədirdi. Böyük dövlət adamı Teymurləng də müəllimlərə çox yüksək dəyər verirdi.

 

Belə nəql edirlər ki, bir gün onun vəziri Teymurləngin toplantısına gecikir. Şah onu süzərək deyir: “Cəzanı bilirsənmi?”. “Bilirəm”, - deyə vəzir cavab verir. Geçikməsinin səbəbini soruşanda o, qayıdır ki, mən yolnan gələndə müəllimim məndən öndə gedirdi. İstəmədim ki, müəllimimi keçəm, o arxada qalsın. Teymurləng gülümsəyərək deyir: “Mən də belə edərdim və vəsiyyət edir ki, mən öləndə məni müəllimimin ayaqları altında basdırasınız”.

 

Azərbaycanda maarifçiliyin inkişafında böyük xidmətləri olan mesenat Hacı Zeynalabdin Tağıyev də öləndə Axund Əbu Turabın ayaqları altında basdırılmasını vəsiyyət etmişdi. O, Axund Əbu Turabi özünə müəllim hesab edirdi. Qədim yunan tarixçisi Plutax yazırdı ki, şəhərlərdə müharibənin ən çətin dövründə belə uşaqları məktəbdən ayırmazdılar. Ölüm ayağında olan filosof Anaksaqordan soruşanda kı, onun xatirəsini nə ilə yad etsinlər. O, demişdi ki, qoy, mən ölən günü məktəblilər məşğələ keçməsinlər. Bu fakta görə tarixdə qalmağı fikirləşirdi. Prussiya ilə müharibədə uduzan fransız generalına deyəndə ki, sizi prussiyalı generallar məğlub etdi, o, demişdi ki, xeyr, bizi Prussiyanın generalları deyil, ibtidai məktəbləri basdı. O vaxt Fransa əhalisinin böyük əksəriyyəti savadsız idi. Məhz müəllimlərin hesabına yunanlılar estetikada, romalılar hüquqda, israillilər və ərəblər dində, fransızlar ədəbiyyatda, ingilislər iqtisadiyyatda, almanlar musiqi və fəlsəfədə, türklər isə əxlaqda birincilik qazanıb.

 

İctimai fəaliyyətin xüsusi sahəsi kimi məktəbin yaranması

 

İctimai fəaliyyətin xüsusi sahəsi kimi məktəb və tərbiyənin tarixi b.e.ə. 5-ci minillikdə yaranan qədim Şərq mədəniyyəti dövrünə aid edilir.Tarixi inkişaf prosesində ibtidai icma quruluşu tədricən dağılmağa başladı. Dəyişməkdə olan ictimai quruluş böyüyən nəslin tərbiyəsinin yeni üsullarını irəli sürməklə yanaşı, köhnə tərbiyə formalarını da qoruyub saxladı. Ən qədim dövlətlərdə tərbiyə və təlim əsasən ailədə həyata keçirilirdi. İcma-qəbilə quruluşundan quldarlığa keçid dövründə qədim Şərq mədəniyyətində ailə tərbiyəsinin əvvəlki forması dəyişsə də, məzmun mühafizə edilərək qorunub saxlanılmışdı: övlad-valideyn münasibətləri uşaqların tərbiyəsində mühüm yer tuturdu. İctimai dövlət quruluşunun möhkəmləndirilməsi ilə eyni vaxtda məmurların, kahinlərin, hərbçilərin xüsusi hazırlığı məqsədilə yeni sosial institut-məktəb təşəkkül tapmağa başladı. Məktəb iqtisadi, sosial, mədəni, etnik, coğrafi və digər amillərin təsiri ilə inkişaf edirdi. Mütəşəkkil təlim-tərbiyə müəssisəsi olan məktəb icma-qəbilə quruluşundan sosial təbəqələrə ayrılmış yeni cəmiyyətin yaranmasının obyektiv nəticəsi idi.

 

Yeni ictimai münasibətlərin bərqərar olduğu bir dövrdə tərbiyə özünün yekcins xarakterini itirməyə, daha çox insanın ictimai və əmlak vəziyyəti ilə müəyyən edilməyə başladı, tədricən uşaqların maraq və tələbatlarının deyil, həyata hazırlığının stimuluna çevrildi. Bu, bir tərəfdən böyüklərin dünyasında uşaqların mövqeyinin möhkəmlənməsinə, digər tərəfdən isə tərbiyənin daha sərt, avtoritar xarakter kəsb etməsinə gətirib çıxardı.

 

Yazının yaranması və inkişafı məktəbin genezisinin ən mühüm amili oldu. Piktoqrafiyadan loqoqrafiyaya keçərkən nitqin yalnız ümumi mənası deyil, həm də ayrı-ayrı ifadələrə və sözlərə parçalanmasını əks etdirən yazı sistemi daha da mürəkkəbləşdi və xüsusi təlim tələb etdi. Bu da məktəbin imkanlarının genişlənməsinə, fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə şərait yaratdı. İbtidai icma quruluşunun axırlarından başlayaraq əqli əməyin fiziki əməkdən ayrılması prosesi yeni bir peşənin - müəllimliyin meydana gəlməsi ilə nəticələndi. İlk tədris müəssisələrinin yaranması üçün bəşəriyyət din xidmətlərinə borcludur. Din təlim-tərbiyə, xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl ideyasının daşıyıcısı idi. Məktəblərin yaranması cəmiyyətin sosial tələbatlarından doğduğundan o, cəmiyyətin müəyyən iqtisadi, mədəni, sosial və siyasi tələblərinə cavab verirdi.

 

Cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi

 

Cəmiyyətin inkişafının müəyyən mərhələsində meydana gələn məktəb sonrakı dövrlərdə nisbi müstəqillik kəsb etməklə yanaşı həm də cəmiyyətin tərəqqisinin başlıca stimuluna çevrildi, inkişafın, mədəni yüksəlişin əsas şərti və göstəricisi oldu. Məktəb ayrı- ayrı xalqların böyüyən nəslin təlimtərbiyəsi ilə bağlı təcrübəsini, elm və mədəniyyət sahəsindəki nailiyyətlərini qoruyub saxladı, yazıya aldı və cəmiyyətin irəliyə doğru inkişafının hərəkətverici qüvvəsinə çevrildi.

 

İlk məktəb Şumer məktəbləri hesab olunur. S.Kramerin yazdığına görə, Şumer məktəbi mixi yazının meydana gəlməsi nəticəsində yaranmışdır. Burada təlim ümumi və icbari xarakter daşıyırdı, müəllimə xüsusi hörmət və ehtiram var idi. Sonralar Misirdə, Çində, Hindistanda yeni məktəb tipləri yarandı. Müəllim peşəsinə verilən tələblər də dəyişdi. Konfutsi müəllimin roluna yüksək qiymət verərək deyirdi ki, müəllim və şagird birgə boy atırlar. Bu səbəbdən də müəllim öz şagirdinə nümunə olmalı, daim öz biliyini təkmilləşdirməli, ciddiliyi və təmkinliyi ilə seçilməli, şagirdlərin fəallığını inkişaf etdirməli, onlara məntiqli və müstəqil düşünməkdə yardımçı olmalı, öyrəndiklərini daim təkrar etdirməli, biliklərin möhkəmləndirilməsi qayğısına qalmalıdır.

 

Yeni insan idealı

 

Məktəb və təhsil tarixində orta əsrlər mühüm yer tutur. İslam mədəniyyətinin yaranması və inkişafında bu məktəblərin mühüm rolu vardır. Bu dövrdə yeni insan idealı yarandı. Əgər islamaqədərki dastanlarda şücaəti, qəhrəmanlığı ilə seçilənlər nümunə hesab olunurdusa, ilk müsəlmanlar səbri, təmkinliyi və paklığı üstün tuturdular. Burada islam tərbiyəsi mühüm yer tutur. İslam tərbiyəsi islam əxlaqının tərbiyə edilməsini nəzərdə tutur. O, insanlarda yalnız dini hisslərin, dini şüurun, dini əxlaqın aşılanması ilə məhdudlaşmır. Buraya dini və dünyəvi elmlərin öyrədilməsi, etik, estetik və əxlaqi tərbiyənin aşılanması daxildir.

Xilafət dövründə müəllimlik o qədər nüfuzlu peşə hesab olunmasa da müəllimlər çox diqqətlə seçilirdi. Müəllim uşağın psixi xüsusiyyətlərini, fərdi qabiliyyət və imkanlarını bilməli, ailəli, yaşlı, ən başlıcası isə yüksək əxlaqi keyfiyyətlərə malik olmalı idi. Bu tələblərə uyğun gəlməyən müəllimlərə valideynlər öz uşaqlarını etibar etmirdi.

Xilafət dövründə təhsil məktəb və mədrəsələrdə həyata keçirilirdi. O dövrdə nizamiyə mədrəsələri məşhur idi. XI-XIII əsrlərdə 238 nizamiyə məktəbi fəaliyyət göstərirdi. Burada tələbələrə tarix, məntiq, dilçilik, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, ritorika, riyaziyyat, astronomiya, təcvid, hədis, fiqh kimi elmlər öyrədilirdi. Mütərcimlərə tərcümə etdikləri kitabların çəkisi ağırlıqda qızıl verilirdi. İslam dünyasında məktəb eyni sistemə malik idi. Təbii ki, Xilafətin tərkibində olan Azərbaycanda da məktəb və mədrəsə geniş inkişaf tapmışdı. Əgər belə olmasaydı, onda Nizamilər, Füzulilər, Nəsimilər, Təbrizilər, Şirvanilər, Vidadilər, Vaqiflər yetişə bilməzdi. Təkcə bir faktı qeyd edək ki, Elxanilərin saray həkimi və vəziri olmuş Rəşidəddin, XIV əsrin əvvəllərində Təbrizdə “Rəbi-Rəşidi” şəhərciyi və “Darüş-Şəfa (“Şəfa evi”) adlı elmi mərkəz təsis etmişdi. “Rə-bi-Rəşidi” tədris, tibb, elmi müəssisələri, o cümlədən rəsədxananı birləşdirən bütöv bir şəhərcik idi. “Darüş-şəfa” müasir universitetlərə bənzəyən ali məktəb (mədrəsə) idi. Orada Azərbaycan alimləri və müəllimləri ilə yanaşı digər Ölkələrdən-Çindən, Hindistandan, Suriyadan və Misirdən dəvət olunmuş mütəxəssislər də çalışırdı. “Daruş-Şəfa”-nın kitabxanasında İrandan, Hindistandan, Misirdən, Çindən, Kritdən və başqa ölkələrdən gətirilmiş on minlərlə əlyazma kitabı vardı. Buraya təbiətşünaslığı, fəlsəfəni, tarixi, tibbi, astronomiyanı, məntiqi öyrənmək üçün hər il Şərqin müxtəlif ölkələrindən 6-7 min tələbə gəlirdi.Təhsil pulsuz idi. Xaricdən dəvət edilmiş alimlər yüksək məvacib və yaşayış evləri ilə təmin edilirdi. Azərbaycanda qədimdən müəllim - tərbiyəçi peşəsinə böyük ehtiram və məhəbbət olmuşdur. Onlar zərdüşt məktəblərində, Alban məktəblərində, VIII əsrdən isə məktəb və mədrəsələrdə millətin tərbiyəsi ilə məşğul olublar.

 

Fərrux Rüstəmov,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi



19.10.2018 | 14:27