Həm müəllimlər, həm qəhrəmanlar yetişdirən Əməkdar müəllim | |
Beyləqan rayonunun 15 kilometrliyində salınmış 500 nəfərlik məcburi köçkün qəsəbəsində bir Xocavənd məktəbidir Salakətin kənd tam orta məktəbi. Məcbur qalıb yurdundan-yuvasından, evindən-eşiyindən didərgin düşənlərin təhsil alması üçün 1994-cü ildən fəaliyyətə başlayıb. Şagirdləri, müəllimləri kimi köçkün taleyi yaşayan məktəblərdən biridir. Amma köçkünlüyünü bəhanə gətirməyib. Bu illər ərzində təhsillə bağını heç qoparmayıb. Onu köçkün həyatından qurtaracaq nəsli yetişdirmək üçün ayaqda durmağa, inkişaf etməyə çalışıb. Şagirdləri, məzunları, müəllimləri ilə öyünüb. Xocavənd rayonunun Salakətin kənd tam orta məktəbinin öyündüyü bir müəllimini tanıdıq biz də. 43 illik pedaqoji təcrübəsi ilə məktəbinin təcrübəsinə təcrübə, 2016-cü ildən layiq görüldüyü “Əməkdar müəllim” adı ilə nüfuzuna nüfuz qatan Telli Alıyevanı “Azərbaycan müəllimi”nin oxucularına da tanıdaq.
Məktəb illəri...
Telli Alıyeva Beyləqanda doğulub. Amma ailəsi o uşaqkən taleyini Xocavəndlə bağladığından Telli xanımın da özünü Xocavənd rayon Qaradağlı kənd sakini hesab etməsi təəccüblü olmamalıdır. Axı, orta təhsilini də, ali təhsilini də bu kəndin sakini olaraq bitirib, müəllimliyə də orada başlayıb...
1976-cı ildə Xocavənd rayonunun Qaradağlı kəndində orta təhsilini əla qiymətlərlə bitirib: “Valideynlərim heç orta təhsilini belə başa çatdıra bilməmiş sadə insanlar idi. Müəllimliyə həvəsimi müəllimlərim oyatdı. Onların fədakarlığı, sevgisi müəllimliklə bağlı təsəvvürlərimi böyüdüb, məni bu peşəyə bağladı. Təsəvvür edin ki, tarix müəllimim Ağdamın Güllücə kəndindən gəlmişdi bizim məktəbə. Tarixi də mənə həmin Vaqif müəllim sevdirdi. Füzulidən və başqa rayonlardan müəllimlər gəlirdi məktəbimizdə işləməyə.
“Xankəndi Pedaqoji İnstitutunu bitirib məktəbimizə qayıtdım”
Tarixi Vaqif müəllim sevdirib, müəllimliyi başqa kəndlərdən onlara dərs deməyə gələn müəllimləri. Qərarına isə çatışmazlıq təsir edib və o, müəllim olub: “Həm müəllim çatışmazlığı, həm başqa rayonlardan dərs deməyə gələn fədakar müəllimlər sayəsində müəllimliyə istiqamətləndim. Fikirləşirdim ki, nə vaxta qədər başqa rayondan məktəbimizə müəllim gələcək. Tarixi də, tarix müəllimimi də sevirdim. O da mənə tövsiyə etdi ki, tarix müəllimliyini seçim”.
Sonra Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb: “Xankəndidə Pedaqoji İnstitut fəaliyyət göstərdiyindən sənədlərimi ora təqdim etdim. İmtahanlardan yüksək qiymətlər aldım.Sevə-sevə həmin institutu bitirib məktəbimizə qayıtdım”.
Müəllimlik
1980-ci ildən Xocavənd rayonunda başlayan müəllimlik fəaliyyiti bu gün də davam edir. Şagirdləri olimpiadaların, müxtəlif səviyyəli bilik yarışlarının qalibləri olur, göstəriciləri ilə fərqlənirlər. Rayon səviyyəsində həm nailiyyətləri ilə, həm də həyatdakı və karyeradakı seçimləri ilə seçilirlər.: “Müəllimlikdə uğurum həm də keçmişlə ən müasir tarix arasında əlaqə yarada bilməyim oldu. Tarixi faktlardan bəhrələnib müasir tarixi anlamalarına yardım etdım, anladıqca fənnimi sevmələrinə nail oldum. Şagirdlərimin əksəriyyəti müəllimliyi seçib. Sırf tarix müəllimliyini seçən 15 nəfərdən çox yetirməm var”.
“Əslində, 15 tarix müəllimi mənim kimi müəllim üçün azdır”, - deyir Telli müəllim: “Hesab edirəm ki, həyatımızı normal şərtlərdə yaşasaydıq, onların sayı daha çox ola bilərdi. Əvvəlcə müharibə şəraiti, sonra təhsildə fasilə, şagirdlərimizin ayrı-ayrı yerlərə - kəndlərə-şəhərlərə dağılması, sonra yenidən onları toplayıb təhsilə qaytarmaq çox vaxt apardı. Çətinlikləri aradan qaldırmaq, hətta çətinliklərə baxmayaraq, təhsilə davam edə bilmək üçün, sözün əsl mənasında, bir cəbhə yaratdıq. Məktəbimizi yenidən qurduğumuz, şagirdlərimizlə dərs keçdiyimiz şəraiti görsəydiniz, sözümün mübaliğə olmadığına özünüz də əmin olardınız. Qamış məktəbdə dərs keçdik. Amma dövlətimiz bizi bu ağır vəziyyətdə qalmağa qoymadı. Yeni salınmış qəsəbədə yaşamımıza, müasir və gözəl binası olan məktəbdə təhsilimizə davam etdik”.
Sadəcə MÜƏLLİM yox, QƏHRƏMANlar da yetişdirdi
Heç nəyə baxmadan davam edən fəaliyyətin nəticəsi, sadəcə 15 tarix müəllimi deyil, təbii ki. Telli Alıyeva yetişdirdiyi çoxsaylı müəllimlər kimi, qəhrəmanlarla da öyünür. Axı, tarix müəllimi kimi uğurlarından biri də yetişdirdiyi keçmişinə bağlı, gələcəyinə inamlı, vətənpərvər nəsildir ki, buna da o, rahat şəraitdə nail olmayıb: “Qaradağlıda hər tərəfimiz erməni kəndləri ilə əhatə olunmuşdu. Buna baxmayaraq, 4 il kəndimiz mübarizə apardı. Kəndimizlə bərabər məktəbimiz də 1992-ci ilin fevralına qədər güllə yağışı altında fəaliyyətini davam etdirdi. Həmin il fevraıln 17-də 366-cı motatıcı diviziyanın köməyi ilə kəndimiz işğal olundu. 100-dən artıq şəhid verdik...”
Xocavənd I Qarabağ müharibəsində 146 şəhid, II Qarabağ müharibəsində 11 şəhid verib: “Məktəbimiz I Qarabağ müharibəsində 8, II Qarabağ müharibəsində 4 məzununu itirib. Qazi məzunlarımız var. Bu, onlara təlqin edilən vətənpərvərlik ruhunun, vətən sevgisinin nəticəsidir. Onlar bizim ən ağır şəraitdə, ən ağır vəziyyətdə tərbiyə edib, təhsil verib böyütdüyümüz uşaqlardır, indi hər biri ilə qürur duyuruq”.
64 yaşlı tarix müəllimi Telli Alıyeva həm müəllim, həm də qəhrəmanlar yetişdirib. Üstəlik, təkcə müəllim kimi yox, həm də ana kimi. 3 uşağından ikisi müəllim, biri isə hərbçidir: “Qızım tarix müəllimidir, mənimlə çiyin-çiyinə çalışır. Oğlanlarımdan biri “Tar müəllimliyi” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Xocavənd musiqi məktəbində çalışır. Bu il müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb və 64 balla Salakətin məktəbində musiqi müəllimi kimi çalışmağa başlayıb. Üçüncü övladım isə hərbi ixtisasını seçib. Milli Təhlükəsizlik Akademiyasının Sərhəd qoşunları fakültəsini bitirib”.
Telli Alıyeva ictimai fəallığı ilə də seçilən müəllimlərdəndir və bu fəaliyyətini də müəllimliyin ayrılmaz bir parçası hesab edir. Çünki müəllim fəallığı ilə örnək olmalıdır...
Ruhiyyə DAŞSALAHLI
|
|
17.11.2023 | 14:11 | |
|
|
|