Məktəblərdə vətəndaş məmnuniyyətinə nail olmağın “ASAN” yolu

Artıq iki ildir ki, təhsil işçilərinin müvafiq bilik və bacarıqlarının təkmilləşdirilməsi, məktəblərdə vətəndaş məmnunluğunun artırılması məqsədilə təlimlər təşkil edilir. Əsasən məktəb rəhbərlərinin - direktor və direktor müavinlərinin, məktəb təşkilatçılarının qatıldığı həmin təlimlər Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində reallaşır. Bu il oktyabr ayında keçirilən növbəti təlimlərdə daha 700 nəfər iştirak edib. Onlardan biri Sərxan Yusifzadə Tərtər rayonundan qatılıb. Rayondakı 5 nömrəli tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində çalışan S.Yusifzadə 2 gün qatıldığı təlimlərdə maraqlı qeydlər aparıb: “Vətəndaş məmnunluğuna necə nail ola biləcəyimizə dair müzakirələrdə iştirak etdim. Emosiyaları idarə etmək bacarıqlarına diqqət yetirildi. Burada öyrəndim, məktəbdə tətbiq edəcəyəm. Ümid edirəm, uğurlu nəticələr əldə edəcəyəm”.

 

Təlim proqramı zəngin, ustad dərsi maraqlı idi

 

S.Yusifzadə və onun kimi 700-dək təhsil işçisi üçün təlimləri “ASAN” İnnovativ İnkişaf Mərkəzi təşkil edib. Proqram çərçivəsində təlimlərə qatılan təhsil işçiləri təlim və ustad dərslərinə cəlb olunublar. Bir ay ərzində keçirilən təlimlərdə iştirakçılar emosiyaların idarə olunması, effektiv ünsiyyət bacarıqları, vətəndaş məmnuniyyətinin “ASAN” modeli üzrə təlimləndiriliblər. Sonda isə effektiv liderlik üzrə türkiyəli ekspertin çıxışını dinləyiblər. İdarəçilik sahəsində təlimçi Ahmet Kandemirin “Effektiv liderlik” mövzusunda ustad dərsi böyük maraqla qarşılanıb. 

 

Niyə “ASAN” yolu?

 

Elm və Təhsil Nazirliyi müxtəlif mövzularda saysız-hesabsız təlimlər təşkil edir. Təhsil işçilərinə keçilən “ASAN” modelinə üstünlük verilməsinin səbəbləri maraqlıdır.

 

“ASAN” İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova niyə “ASAN” yolu seçilməsini onun nəticəsi ilə əlaqələndirir: “ASAN” modeli vətəndaş məmnunluğunun 90 faizdən çox olmasını təmin edən alətləri özündə birləşdirir. ASAN İnnovativ İnkişaf Mərkəzinin hazırladığı bu model həm ASAN-ın öz əməkdaşlarına, həm ölkədəki özəl müəssisə və dövlət qurumlarına, həm də ölkə xaricində tədris olunur. Vətəndaşlara xidmətdə fərqlənməyi, daha yaxşı xidmət göstərməyi, operativ və keyfiyyətli xidməti təmin edir”.

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bu əməkdaşlığı bir çox cəhətinə görə faydalı hesab edir: “ASAN Xidmət” ölkə Prezidentinin rəhbərliyi altında yaradılan bir dünya markasıdır və vətəndaşlara xidmət sahəsində ən yüksək standartları müəyyən edir”.

 

Elə bu yüksək standartların təhsilə, təhsil müəssisələrinə gəlməsi məqsədilə də təlimlərə başlanılıb. Mətin Kərimlinin fikrincə, bir müəllimə təlim keçilirsə, məktəbə, onun şagirdlərinə, hətta valideynlərə təlim verilmiş sayılır. Deməli, bu standartları ölkədə ən sürətli şəkildə yaymağın yolu məhz təhsil işçilərinə təlqin etməkdən keçir: “Bu hesabla təlim keçən 700 təhsil işçisi ilə yanaşı, onları əhatə edən minlərlə insana təlim keçilib”.

 

Elm və Təhsil Nazirliyi təlimlərin nəticələrindən məmnundur: “Sevinirik ki, əməkdaşlarımıza vətəndaş məmnuniyyəti sahəsində təlimi məhz “ASAN” İnnovativ İnkişaf Mərkəzi keçir. Əminəm ki, təlimlərə qatılan əməkdaşlarımız proqramdan yetərincə faydalanıblar”.

 

Bununla belə, müəllimlərdən və bütün təhsil işçilərindən təkliflər də gözləyirlər: “Ümid edirik ki, həm təlimlərin əhatəliliyinin, həm təlim  mövzularının sayının artırılmasında təkliflər irəli sürüləcək”.

 

Ruhiyyə DAŞSALAHLI

 



17.11.2023 | 09:35