İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və ali təhsil müəssisəsinin əməkdaşları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) olublar.

 

Ziyarət çərçivəsində MDU nümayəndə heyəti İRİA-nın sədr əvəzi İnarə Vəliyeva ilə görüşüblər.

 

İ.Vəliyeva rəhbərlik etdiyi agentlik tərəfindən ölkə miqyasında, o cümlədən regionlarda həyata keçirilən layihələrdən və tədbirlərdən bəhs edib. Regionlarda innovasiya ekosisteminin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan İ.Vəliyeva bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb və MDU ilə işbirliyinin qarşılıqlı faydalı olacağına əminliyini bildirib.

 

Rektor Ş.Bayramov MDU-nun strateji hədəfləri barədə məlumat verib, yeni dövrün universitetinə çevrilməyin başlıca hədəflərdən olduğunu söyləyib. Ş.Bayramov bu məqsədlə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edən innovativ yanaşmalara MDU-nun açıqlığını, region ekosisteminin hərtərəfli inkişafına davamlı töhfə verilməsinin fəaliyyət prioritetlərindən biri olduğunu bildirib. Bu kontekstdə İRİA ilə əməkdaşlığın üstünlüklərindən bəhs edən rektor birgə fəaliyyətlərin nəticəyönümlülüyünə və məhsuldarlığına inandığını deyib.

 

Sonra tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. MDU tələbələri və əməkdaşlarının startap fəaliyyətlərinə dəstək göstərilməsi, tələbə gənclərin agentliyin müvafiq layihələrində daha fəal təmsil olunması, MDU-nun innovasiya potensialının inkişaf etdirilməsi və digər məsələlər barədə faydalı fikir mübadiləsi aparılıb, növbəti mərhələdə atılacaq addımlara dair ilkin razılıq əldə edilib.

 



16.11.2023 | 10:49