“Müəllimlər biliklər üzərində inhisarçılığı birdəfəlik itiriblər”

Tanıtım: 11 may 1989-cu ildə anadan olub. 2011-ci ildə Rusiya Federasiyası Şimal-Qərb Dövlət Qulluğu Akademiyasını bitirib. Müəllimlik karyerasına ali məktəbdən başlayıb, 2012-2017-ci illər-də ali məktəbdə politologiya və sosiologiya ixtisası üzrə dərs deyib. Daha sonra Qroznı Dövlət Neft Texniki Universitetinin fəlsəfə kafedrasında çalışıb.

 

Onun bioqrafiyası xeyli maraqlıdır. Çox nadir hallarda ali məktəb müəllimi universiteti tərk edib məktəbə yollanır. Lakin o, uzun müddət məktəbə getməyə qərar verə bilməyib. Ona “bu, kişi işi deyil” deyiblər. Lakin universitetdə tələbələrlə işlədiyi müddətdə Alixan qəbul edib ki, uşaqları oxumağa başlamağı öyrətmək lazımdır, bu məsələdə məktəbin pozitiv təsir gücü daha böyükdür. Buna görə də o, taleyini orta məktəbdə müəllimliklə bağlayıb. Alixan həyatının bu qeyri-adi dönüşünü belə izah edir: “Məktəbə gəldim və uşaqlarla işləmək mənim xoşuma gəldi”. Gənc müəllim respublikanın ali məktəblərində, təhsil mərkəzlərində, orta məktəblərdə ustad-dərsləri və təlimlər keçirir, informasiya agentlikləri portallarında və profil pedaqoji nəşrlərdə dərc edilir. Onu da qeyd edək ki, Alixan gələn ilə qədər Rusiyanın maarif naziri Olqa Vasilyevanın ictimai müşaviri statusunu da qazanıb.

 

Rusiyada artıq 29 ildir ki, ölkənin ən yaxşı müəlliminin müəyyən edilməsi üzrə müsabiqə keçirilir. Bu ilin yanvar ayından start götürən “İlin müəllimi-2018” müsabiqəsində Çeçen Respublikası Qroznı şəhər 1 nömrəli riyaziyyat məktəbinin ictimaiyyət və hüquq müəllimi 29 yaşlı Alixan Dinayev qalib gəlib. Oktyabrın 5-də müəllimlərin peşə bayramı - Beynəlxalq Müəllimlər Günündə Alixan Dinayev Kremldə keçirilən mərasimdə ölkənin ən yaxşı müəllimi elan olunub.

 

Ölkənin 1,5 milyon müəllimi arasından seçilən müsabiqənin mütləq qalibinə böyük “Büllur qutan”ı və ən yaxşı müəllim mükafatını Rusiyanın maarif naziri Olqa Vasilyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi təqdim ediblər. Müəllimlər günü münasibətilə həmkarlarını təbrik edən Alixan Dinayev məşhur pedaqoq Vasiliy Suxomlinskinin “nikbinlik, inam müəllimin yaradıcı enerjisinin tükənməz mənbəyidir” sözlərini xatırladaraq, həmkarlarına sarsılmaz inam və nikbinlik arzulayıb. Qalib qələbəsini 200 illik yubileyini qeyd edən Qroznı şəhərinə və şagirdlərinə həsr etdiyini deyib.

 

Ölkənin 85 subyektindən 47 min təhsil işçisi arasında keçirilən çox mürəkkəb və məsuliyyətli yarışmanın qalibi “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib. Öncə Rusiyanın ən yaxşı müəllimini yaxından tanıyaq.

 

Onun özü barədə dediyi bu sözlər isə əsl müəllimin həyat kredosudur: “Əgər həyatımın qalan hissəsini yalnız bir işlə məşğul ola bilsəydim, mən düşünmədən uşaqları öyrətmək və onlardan öyrənmək imkanını seçərdim”.

 

-“İlin müəllimi - 2018” Ümumrusiya müsabiqəsi necə keçdi? Təəssüratlarınızı bilmək maraqlı olardı...

 

-Müsabiqə bir neçə mərhələdə keçir. Hər şey məktəbdən, ölkənin ən nüfuzlu peşəkar müsabiqəsində iştirak etmək arzusunda olan müəllimlərin seçim turundan başlanır. Bundan sonra müəllimləri bələdiyyə mərhələsi (şəhər və ya rayon səviyyəsində) gözləyir, daha sonra iddiaçılar regional mərhələyə daxil olurlar. Bu il ölkənin bütün 85 regionundan olan qaliblər Sankt-Peterburqa (müsabiqənin ötənilki qalibinin işlədiyi şəhər) toplaşmışdı. Məhz burada ölkənin 2018-ci il üzrə ən yaxşı müəllimi seçilirdi. Müsabiqə iki həftə davam edən mürəkkəb və çoxpilləli əsl marafondur. Müsabiqənin yalnız əyani mərhələsi 2 həftə davam edir. Mənim üçün müsabiqəyə hazırlıq ötən tədris ili oldu. 12 ay ərzində mən (əvvəlcə müstəqil, daha sonra komandamla birlikdə) ən əhəmiyyətli sınağa hazırlaşdım.

 

Müsabiqənin qalibi 8 tapşırığı yerinə yetirməlidir: “Esse” (mövzu müsabiqənin başlamasına 10 dəqiqə qalmış elan olunur), “İnternet-resurs” (sosial şəbəkələrdə saytın və ya səhifənin qiymətləndirilməsi). Birinci iki sınaq qiyabi mərhələdə keçir. Bundan sonra “Metodik seminarlar (fərdi metodik təcrübənin nümayişi, istifadə olunan texnologiyalar və onların nəticələri) və “Dərs” mərhələsi oldu. “Dərs” mərhələsi məktəbin təqvim planına uyğun olan mövzu üzrə tanımadığımız uşaqlarla keçirildi. 15 ən yaxşı müəllim “Ustad-dərs”, “Sinif saatı” (onun mövzusunu sınağın başlanmasına 10 dəqiqə qalmış müəyyən edirlər) keçdi. İddiaçılar həmçinin “Maarifləndirici layihə” yaratmağa çalışırlar. Bu iş 5 nəfərlə 7 saat ərzində davam edir. Sonuncu tapşırıq - “Nazirlə danışıq”dır. Bu mərhələdə yalnız müsabiqənin beş mükafatçısı iştirak edir. Bu mərhələnin mövzusu yalnız görüş əsnasında nazir tərəfindən açıqlandı: “Qlobal rəqabətə davamlılıq: ölkəni ümumi təhsilin keyfiyyəti üzrə liderlər sırasına necə çıxarmaq?”.

 

Sonsuz dərəcədə şadam ki, mənə bu çox gözəl müsabiqədə iştirak etmək xoşbəxtliyi nəsib olub. İlin müəllimi müsabiqəsi əsl peşəkar inkişaf məktəbidir. Bir neçə həftə ərzində pedaqoq nəhəng təcrübə qazanır. Digər tərəfdən, bu, həmçinin fiziki və psixoloji cəhətdən üzücü bir fəaliyyətdir, lakin insanı xaraktercə möhkəmləndirir, çoxsaylı bacarıq və səriştələri inkişaf etdirir, streslərə qarşı daha da dözümlülük yaradır.

 

-Necə oldu ki, müsabiqədə iştirak etməyə qərar verdiniz? Sizin ideyanız nədən ibarət idi?

 

-Müsabiqədə iştirak etməyə 2017-ci ilin sentyabrında qərar verdim. Ötən illərin qalibləri ilə qısa, amma yaddaqalan tanışlığım məni buna həvəsləndirirdi. Gizlətməyəcəyəm, onların çıxışları, ustad-dərsləri məni o qədər valeh etmişdi ki, bu müsabiqə hərəkatının bir hissəsi olmaq istəyirdim.

 

Müsabiqədə mən öz əsas pedaqoji ideyalarımı və prinsiplərimi təqdim edirdim:

- müəllim uşaqlar üçün dost olmalıdır;

- bütün təhsil prosesi müəllimin şagirdlərə sevgisinə əsaslanmalıdır;

- istənilən materialı, ilk növbədə, sadə və əlçatan, şən və maraqlı izah etmək lazımdır;

- pedaqoqa məktəb kabineti çərçivəsindən kənara çıxmaq və internet vasitəsilə maarifləndirici məkanı genişləndirmək lazımdır;

- valideynləri mümkün qədər daha fəal şəkildə cəlb etmək və onlarda öz uşaqlarının məktəb həyatına maraq oyatmaq lazımdır.

 

- Niyə müəllim olmağa qərar verdiniz və məhz ictimaiyyəti seçdiniz?

 

-Mən müəllim ailəsində böyümüşəm və dördüncü nəsil müəlliməm. Hələ tələbəlik illərində məmnuniyyətlə kurs yoldaşlarım üçün məsləhətlər keçirir, bəzən hətta müəllimlərin yerinə mühazirə oxuyur, bütün fənlər üzrə çoxsaylı məruzələrlə çıxışlar edirdim. Universitet təhsilimin son aylarına yaxın mən təxminən 30 videoçarx hazırladım. Bunlar müxtəlif suallara həsr olunmuş 10-15 dəqiqəlik təhsil materialları idi və onlar ölkədə böyük ajiotaj doğurdu. Mənim dərs materialını çatdırmaq və izah etmək tərzim bütün Rusiya üzrə tanımadığım yüzlərlə tələbənin xoşuna gəlmişdi. Bundan sonra özümü müəllim kimi tədrisdə sınamaq fikri şüurumda qəti şəkildə möhkəmləndi.

 

İctimaiyyət fənnini ona görə seçdim ki, bir neçə il məhz sosiologiya və politologiyanı öyrənirdim. Əlbəttə ki, bu, inanılmaz dərəcədə maraqlı fəndir. Axı bizim bütün ətrafımız elə ictimaiyyət özüdür. Mədəniyyət, siyasət, biznes, ailə - bütün bunlar və bir çox başqa şeylər bu fənn çərçivəsində öyrənilir.

 

-Müasir məktəbin inkişafı yalnız innovasiyalar vasitəsi ilə həyata keçirilə bilər. Siz tədris prosesində təlimin hansı aktiv metodlarından istifadə edirsiniz? Təhsilalanların motivasiyasını necə yüksəltmək olar?

 

-Mümkün qədər daha çox aktiv və interaktiv metodlardan istifadə etməyə çalışıram. Ən çox işgüzar oyunlardan, “case study’lardan (vəziyyətin öyrənilməsinə və təhlilinə əsaslanan təlim), tədris məhkəmələri, müzakirələr, layihə işlərindən istifadə edirəm. Dərslərdə teatr pedaqogikasının elementlərindən istifadə etməyi çox sevirəm.

 

Əminəm ki, şagirdlərin motivasiyası bir çox hallarda müəllimin motivasiyasının nəticəsidir. Əgər uşaqlar görürlərsə ki, müəllim öz fənnini ürəkdən sevir, dərsdə və öz şagirdlərinin inkişafında maraqlıdır, onda onların marağı da əhəmiyyətli dərəcədə artır. Motivasiyanı tədris prosesində uşaqları cəlb edən metodlardan istifadə etməklə qururam. Hətta tədris prosesinin ən darıxdırıcı elementlərindən biri kimi qəbul olunan yoxlama işlərini belə, biz uşaqlarla tapşırıqlar vasitəsilə fərdiləşdirməyə çalışırıq. Çünki uşaqlar özləri real həyati situasiyaların təsvir olunduğu, yumor və qismən ironiya payının olduğu bu tapşırıqların baş qəhrəmanıdırlar.

 

Uşaqları motivasiya etməyin ən yaxşı üsullarından biri müxtəlif layihələrdir. Biz şagirdlərlə birlikdə həm xeyriyyəçilik, həm vətən-pərvərlik, həm də sosial məzmunlu müxtəlif layihələr reallaşdırırıq ki, onların məqsədi ətrafımızdakı dünyanı daha yaxşı etməkdir. Digər tərəfdən, qeyd etməliyik ki, bütün dövrlərdə həmişə ən yaxşı motivasiya şəxsi nümunə olub və indi də olmaqdadır.

 

Mənə elə gəlir ki, uşaqları uğurlu insanların real nümunələri ilə tanış etmək çox əhəmiyyətlidir. Həm də təkcə bütün dünyada tanınan, lakin bizim uşaqlardan kifayət qədər uzaq olan Coan Roulinq və ya İlon Mask kimi qəhrəmanlarla deyil. Şagirdləri öz həmyerliləri, onların müasirləri, müxtəlif sahələrdə böyük nailiyyətləri olan gənclərimizlə də tanış etmək lazımdır. Bunun üçün mən “20 adi çeçen” adlı kiçik kitab yazdım və Çeçenistanın Elm və Təhsil Nazirliyinin köməyi ilə bu kitabı respublikanın bütün məktəblərində yaydıq. Bu kiçik əmək kifayət qədər tələbolunan və məşhur oldu.

 

-Siz müəllim peşəsində nələri başlıca hesab edirsiniz?

 

-Ən əsası, sözsüz ki, uşaqlara qarşı səmimiyyət və əsl sevgidir. Bu bünövrə olmadan müəllim işləmək, əlbəttə, olar, amma ciddi nəyəsə nail olmaq praktik cəhətdən mümkün deyil. İkinci ən əhəmiyyətli qayda - daim oxumaqdır. Mən tez-tez deyirəm ki, müəllim öyrədəndən çox özü də öyrənəndir, həm də bütün karyerası boyunca. Müəllim öyrənir, kitablar oxuyur, ixtisasartırma kurslarına qatılır, müsabiqələrdə iştirak edir, öz təcrübəsini həmkarları ilə bölüşür və s. Nəhayət, hər zaman və hər şeydə uşaqlar üçün nümunə olmaq lazımdır: yüksək təhsilli, intellektual, özünü inkişaf etdirən insan nümunəsi. Əxlaqlı davranışın nümunəsi. Öz ölkəsinin vətəndaşı və vətənpərvərlik nümunəsi.

 

-Sizin pedaqoji kredonuz? Bir müəllim kimi, pedaqoji uğurunuzun sirri nədədir?

 

-O belə səslənir: “Uşaqları sevmək. Öz işini sevmək. Həmişə”. Heç bir xüsusi sirr yoxdur. Uşaqlar başqalarından fərqli olaraq daha çox hiss edirlər ki, kim onları həqiqətən sevir, onlara qarşı ədalətli davranır və onlar üçün dostdur. Və əgər onlar bunları hiss edirlərsə, onda həmişə qarşılıqlı cavab verirlər. Bax, bu qarşılıqlı xeyirxah və dostluq münasibətləri, çox güman ki, mənim pedaqoji uğurlarımın “sirfidir. Digər tərəfdən, müsabiqədəki qələbəmin məni dərhal bütün Rusiyanın ən yaxşı müəllimi edəcək kimi xəyal da qurmur və özümü aldatmaqla da məşğul olmuram. Həqiqətən bu zirvəyə çatmaq, bu ada layiq olmaq üçün mənə hələ çox oxumaq və oxumaq, işləmək və işləmək lazımdır.

 

-Sizin fikrinizcə, indiki məktəbə nə çatmır?

 

-Bayağıdan başlayacağam. Daha yüksək maaş çatmır. Müəllim peşəsinin nüfuzu, hərçənd ki, artır, ancaq yüksək deyil. Bizim respublikamızda məktəblərdə yer çatışmır. Nə qədər ki, məktəb 2-3 növbədə işləyir və siniflərdə 20-30 şagird var, təhsilin keyfiyyətinin yüksəlməsindən danışmaq çətindir.

 

Bundan başqa, məktəblərdə etimad çatmır. Direktorlara, müəllimlərə, şagirdlərə etibar çatmır. Həddən artıq nəzarət, yoxlama və kağız işi. Uşaqlarımıza isə, çox yəqin ki, dialoq çatmır. Biz uşaqlara daha çox müstəqillik, yaradıcılıq imkanları verməliyik, bununla belə, unutmamalıyıq ki, istənilən dərsdə baş qəhrəman şagirdlərdir.

 

-Ənənəvi qiymətləndirmə sistemlərinə münasibətiniz necədir? Şagirdlərinizə tez-tezmi “2” verirsiniz?

 

-Bu, mürəkkəb və çox mühüm məsələdir. Rusiyada çox onilliklərdir ki, 5 ballıq sistem qüvvədədir, hansı ki, faktiki olaraq öz mahiyyətinə görə 4 ballıq olub. Çünki “1”-ləri demək olar ki, heç kəs və heç vaxt qoymur. Bəzən “4” qiymət mənə çatışmır, buna görə də “üstəgəl” və “minuslar” da qoymaq lazım olur.

 

Ancaq 12 ballıq və ya 100 ballıq sistemə keçid böyük risklərlə nəticələnə bilər. Gələcəyi düşünmək və bu məsələni təhsil prosesinin bütün iştirakçıları ilə birlikdə müzakirə etmək lazımdır.

 

Ümumiyyətlə, heç “2”-lər qoymamağa çalışıram. Bu, effektsiz vasitədir, çünki işləmir, səmərəsi yoxdur. “Qeyri-kafi”dən sonra uşağın marağı daha çox enir. “2” qoymaq əvəzinə adətən şagirdə bir qədər də çalışmağı təklif edir və dərsin sonunda qiymətini düzəltmək şansı verirəm.

 

-Sizcə, müasir məktəb və uşaqlar çoxmu dəyişib?

 

-Mən orta məktəbi 12 il əvvəl bitirmişəm və o vaxtdan böyük dəyişikliklərin baş verdiyini deyə bilərəm. Baxmayaraq ki, məktəbin bünövrəsi və strukturu əvvəlki kimi qalıb.

 

Təhsildə kompüterləşdirmə sürətlə gedir, internet və qadjetlər həyatın və təhsilin ayrılmaz hissəsi olub. Bu gün uşaqlar özlərini artıq telefonsuz və sosial şəbəkələrsiz təsəvvür edə bilmirlər. Bir tərəfdən, müəllimlər də zamanla ayaqlaşaraq və uşaqların təhsilə marağını qoruyub saxlamaqla dərslərdə yeni texnologiyalardan istifadə etməlidirlər. Digər tərəfdən isə müəllimlər biliklər üzərində inhisarçılığı qəti və birdəfəlik olaraq itiriblər.

 

Hər bir şagird YouTube-da, məsələn, başqa mütəxəssislərin hazırladıqları onlarca videodərs və mühazirə materialını tapa, internetdəki onlayn-resurslardan və əlavələrdən (proqramlardan) istifadə edə bilər. Deyək ki, Rusiya Elektron Məktəbinin (REM) yaradılması sayəsində uşaqlar bütün fənlər üzrə ölkənin ən yaxşı müəllimlərinin təqdim etdiyi dərslərin tam kursunu əldə edə bilərlər.

 

Daha nə dəyişdi? Bütün bu illər ərzində Rusiyanın ən ucqar rayonlarından olan uşaqlara ölkənin ən nüfuzlu ali məktəblərinə daxil olmağa imkan verən vahid dövlət imtahanları əsaslı şəkildə möhkəmləndi. Dövlət fəal şəkildə çoxsaylı kurslar, müəllimlərin milli inkişaf sistemi və s. vasitəsilə pedaqoqların ixtisasının artırılmasına başladı. Çeçen Respublikasında isə söhbət müxtəlif məşğuliyyət sahələrinin, demək olar ki, fasiləsiz konveyerindən gedir, ən yaxşı regional və federal mütəxəssislər tərəfindən müəllimlər üçün kurslar, seminarlar, konfranslar keçirilir.

 

Nəhayət, deyək ki, çox çətinliklə də olsa, məktəbdə təhsilin paradiqması dəyişir. Biliklər sürətlə köhnəlir və unudulur. Bu mətni oxuyan qeyri-riyaziyyatçılardan kimlər daha tez üç perpendikulyar haqqında teoremin adını çəkə bilər? Ancaq bəziləri. Və yaxud, Google-un köməyi olmadan kim Kosovo düzündə baş vermiş döyüşün tarixini xatırlayacaq? Hamı deyil. Buna görə də biz əsas diqqəti fənn bilikləri üzərində saxlamaqla uşaqlarda həm şəxsiyyət, həm də metafənlər üzrə nəticələri inkişaf etdirməyə, onlara gələcəkdə təhsil və istənilən sahədə lazım olacaq universal bacarıqları və münaqişələri həll etmək, qrupda işləmək, məlumatları axtarmaq və təhlil etmək, özünü qiymətləndirmək, hədəflər qoymaq və s. kimi səriştələri də formalaşdırmağa çalışırıq.

 

-Sizcə, yaxşı müəllim kimdir? Müasir müəllim hansı keyfiyyətlərə malik olmalıdır?

 

-Düşünürəm ki, ilk növbədə, bunu uşaqların özlərindən soruşmaq lazımdır. Çoxsaylı tədqiqatların nəticələrinə görə, şagirdlər deyirlər ki, müəllim materialı asan və aydın şəkildə izah etməyi bacarmalı, sinifdə müsbət ab-hava yaratmalı, xeyirxah və ağıllı, qiymətləndirmədə obyektiv olmalıdır. Əlbəttə ki, mən fənn səriştəsi barədə danışmıram, bunlar onsuz da olmalıdır.

 

Müasir müəllimlərə yeni texnologiyalara mükəmməl yiyələnmək, həssas, çevik olmaq çox vacibdir. Qrupda işləməyi bacarmayan, münaqişələrin öhdəsindən gələ bilməyən, yəni bizim dövrümüzdə çox zəruri olan qlobal şəriştələrə malik olmayan müəllimi 21 -ci əsrin müəllimi kimi təsəvvür etmək çox çətindir. Psixologiyanın əsaslarını bilmək, fərdi yanaşmanı tətbiq etmək bacarığı, daim özünü inkişaf etdirmək və ixtisasını artırmağa cəhd etmək - bunlar da həmçinin müəllimin əsas keyfiyyətləridir.

 

Oruc MUSTAFAYEV

 


19.10.2018 | 12:01